Mingəçevir Dövlət Teatrının sonu tükənməyən PROBLEMLƏRİ

81

“Teatr nə deməkdir? O həqiqi mənada incəsənətin məbədidir” (Vissarion Belinski), “Ruhumuz nəyi bulanıq biçimdə düşünürsə, teatr təntənəli sözlərlə daim onun parlaq obrazını yaradır və bizi heyrətləndirir” (Yohann Fridrix Şiller). Teatrla bağlı minlərlə belə hikmətləri sadalamaq olar. Ancaq, bu dəyərli anlamları çağdaş Azərbaycan teatrı üçün söyləmək ironik xarakter daşıyır. Özəlliklə də bölgə teatrlarımız üçün. Bu problemin yaranmasının əsil səbəbi mədəniyyət nazirliyindəki dövlət teatrları ilə ilgili sorumlu olan “İncəsənət İdarəsi” və onun ixtisasca tarixçi rəisi İsmayıl Hüseynovun yarıtmaz fəaliyyətidir. Gözəlim Mingəçevir Dövlət Teatrı və onun həşəmətli direktoru, ixtisasca texnik olan, uzun müddət toyxanalarda video çəkilişlər aparan operatorların kabelini daşıyan, sonradan çayçı kimi tanınan Səxavət Məmmədovun “kəraməti” sonucunda bu sənət məbədi peşəkarlıqdan “dram dərnəyi” səviyyəsinə yuvarlanıb.

Çayxanaya, avtodayanacağa və şəxsi əmlaka çevrilmiş Dövlət Teatrı

52 yaşlı Mİngəçevir Dövlət Dram Teatrında bu gün peşəkar yaradıcılıq atmosferinə nöqtə qoyulub. Çünki, teatrın direktoru Səxavət Məmmədovun kefi belə istəyir. Bu teatrda 30 nəfər aktyordan cəmi 3-4 nəfəri peşəkardır. Digərləri həvəskərlardan təşkil olunub. Belə bir durum digər bölgə teatrlarında da var. Problemin başlıca suçu sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və onun himayədarı olduğu İncəsənət İdarəsinin rəisi İsmayıl Hüseynovdur. Teatrın binasının yarısı şəhər mədəniyyət idarəsinə icarəyə verilib. Bundan əlavə, orada direktor Səxavət Məmmədovun birbaşa cibinə çalışan çayxana, avtoyuma, mətbəə və  avtodayanacaq fəaliyyət göstərir. Bu “obyektlər”dən Səxavət Məmmədov ayda orta hesabla beş min manat gəlir əldə edir. Beləcə teatrda yaradıcılıq mühiti arxa plana keçib. Çayxana, toyxana və ictimai-iaşə üzrə ixtisaslaşmış direktorun yaradıcılıq atmosferindən ümumiyyətlə heç bir bilgisi yoxdur.

Onu da unutmaq olmaz ki, nazirliyin mədəniyyət üzrə ixtisaslaşmış şəhərlərə ögey münasibətin sonucu olaraq, bu fəlakətlər yaranır. Gəncə, Qazax, Naxçıvan, Şəki, Mingəçevir, Şuşa, Bərdə, Beyləqan, Şamaxı, Quba, Sumqayıt, Lənkəran və Salyan kimi mədəniyyət mərkəzləri özləri ilə yanaşı, həm də ənənəvi olaraq, ətraf bölgələrin mədəni həyatı üçün mayak hesab olunur. Əgər bu şəhərlərin biri bərbad olursa, çevrədəki rayonlar, qəsəbələr və kəndlərin də durumu fəlakətli həddə olur. Bunu mədəniyyət nazirliyindəki bürokratlar heç zaman anlamayıblar. Çünki, orada mədəniyyətdən savayı hər işlə məşğul olublar. Mədəniyyətə aidiyyatı olmayanları yüksək vəzifələrdə irəli çəkiblər. Bu fakt Mingəçevir Dövlət Dram Teatrının simasında əyani sübutdur. Bunlar azmış kimi, peşəkar teatr təhsili olmayan, ömründə dram dərnəyində rejissorluq etməyən Cavid Təvəkkül adlı birini incəsənət idarəsinin rəisi İsmayıl Hüseynovun göstərişi ilə Mingəçevir Dövlət Dram Teatrına baş rejissor təyin olunub. Halbuki, ölkənin peşəkar rejissorları və aktyorları dövlət teatrlarında işləmək üçün dəfələrlə nazirliyə rəsmi müraciətlər etsələr də, onların hamısına rədd cavabı gəlib. Ona görə də bölgə teatrları dram dərnəyi səviyyəsinə enibdir.

“Balkon pişikləri” və onların hoqqaları

Adətən bu deyim, istənilən ailədə müşahidə olunur. Evdə yemək yeyilən zaman ailə ilə bağlı olan pişik dərhal balkonda miyovuldayıb ona yemək verilməsini istəyir. Sənət adına ömürlərini verdiklərini nümayiş etdirənlər var ki, həyatı boyu adi rol oynamaqda aciz olublar. Bəzilərinin onun-bunun sayəsində çaynaxalarda çay içməklə (hətta yeyib-içmək) günlərini keçirmələrinə adi insani xarakter kimi yanaşmışıq. Ancaq bizim teatr mühitindəki problemlərlə bağlı, özəlliklə Mingəçevir Teatrı haqqında yazdıqlarımızı özlərinə aid “facebook” və “instragam” səhifələrində ağızlarına gələni yazmaları həqiqətən rəzalətdir. Biz o yazıları onların özlərinə “iadə” edirik.
Bir də var iriçəkili “balkon pişikləri”. Onlar titullu şəxslərdən ibarətdirlər. Nazirlikdə kök salmış “mədəniyyət feodalları” ilə bölgə teatrlarının direktoru arasında “arabuluculuq” yapırlar. Axı direktor onlara “xaltura” tamaşa hazırlamaq üçün imkan yaradır. Bundan əlavə, bölgələrdə bəzi tədbirlərə quruluş vermək imkanı bulurlar. İriçəkili “balkon pişikləri” o qədər də cəmiyyətdə görünmürlər. Onların həyatı bahalı çayxanalarda, ya da qapalı restoranlarda eyş-işrətdə keçir. Heç nə olmamış kimi, himayə etdikləri bölgə teatrlarının direktorlarının yarıtmaz işi ilə bağlı tənqid yazanlarla irtibat quraraq, xahiş edirlər ki, onlara toxunmasınlar.

Şəxsən bizə bu barədə dəfələrlə zəng ediblər, dolayı yolla dostlarımızı üstümüzə minnətçi  göndəriblər. Özəlliklə Mingəçevir Dövlət Teatrının yarıtmaz fəaliyyəti ilə ilgili direktor Səxavət Məmmədovu müdafiə edən xahişlər ediblər. Onlara xatırladırıq ki, bir daha bizi rahatsız etməsinlər. Yoxsa, həmin şəxslərin adlarını, titullarını və hansı telefon nömrəsi ilə zəng etdiklərini mətbuatda açıqlayacağıq. Sizlər beş-on manat gəlir əldə edəcəksiniz deyə, bir mədəniyyət ocağındakı rəzaləti dilə gətirməməliyik? Bu, nə bizim əxlaqımıza, nə də sənətimizə sığmayan bir qavramdır.

Bütün teatrlarda kadr siyasəti ciddi şəkildə araşdırmalıdır

Bu il may ayının 14-dən eitbarən Respublika Baş Prokurorluğu, Vergilər və Maliyyə nazirlikləri, Dövlət Audit Palatası, Dövlət Təhlükəsizlik Xidməti və Korrupsiyaya qarşı Mübarizə İdarəsi Mədəniyyət Nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlı çoxsaylı cinayət işləri açıblar. Əldə etdiyimiz bilgiyə görə, istintaq davam edir. Nazirliyin balansında olmuş mədəniyyət evləri və klublar, kino-teatrlar, kitabxanalar və digər mədəni-sosial obyektlərin əsas olmadan satışa çıxarılaraq işbazlara satılması, büdcə yeyintiləri və digər cinayət əməlləri ilə ilgili araşdırmalar gedir. O da bəllidir ki, bütün bunlar prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Bizlər neçə illərdir nazirliyin yarıtmaz işi ilə bağlı ölkə KİV-lərində, xüsusilə “Hürriyyət” qəzetində həyəcan təbili çalırdıq. Hətta bəzi məmurlar bizi məhkəməyə vermişdilər. Sonucda bizim haqlı olduğumuz üzə çıxdı. Biz nazirlikdəki korrupsiya əməlləri ilə bağlı görülən işləri təqdir etsək də, həm də digər təkliflərimiz var. Teatrlarda, özəlliklə bölgələrdəki kadr siyasətinə diqqətlə yanaşılmalıdır. Peşəkar aktyor, rejissor və sənətin digər sahələri üzrə mütəxəssis olmayanların elə həmin teatrları bərbad günə qoyduqlarının canlı şahidiyik. Kadrlar yerində olmadığı üçün, mədəniyyət sahəsinə dövlət büdcəsindən ayrılan milyonlarla vəsait hər il havaya sovrulur. Bunun tipik örnəyi Mingəçevir Dövlət Dram Teatrıdır. Çünki, teatrın direktoru Səxavət Məmmədov, baş rejissoru Cavid Təvəkkül, aktyor təhsili olmayan həvəskarların sayəsində bu mədəniyyət ocağı bərbad durumdadır. Ona görə də Mİngəçevir Dövlət Dram Teatrının simasında bu gün tamaşaçılar milli teatr və mədəniyyətimizdən üz döndəriblər. Halbuki, bu teatr vaxtilə Azərbaycanda ən rentabelli sənət ocaqlarından biri sayılırdı. Bir vaxtlar teatrın repetuarını bəzəyən “Kəndçi qızı” “Mahnı dağlarda qaldı”, “Unuda bilmirəm”, “Eşq və intiqam”, “Müfəttiş”, “Hacı Qara”, “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər”, “Yol kənarı”, “Sərt oyunlar”, “Duman çəkilir”, “Pəri cadu” kimi tamaşalara bilet tapmaq mümkün deyildi. Səxavət Məmmədov direktor kürsüsünü məngirləyəndən sonra teatrın acınacaqlı taleyi qış tətilində uşaqlar üçün hazırlanmış xaltura tamaşaların ümidinə qalıb. Bizim fikrimizcə, teatrlarda kadr siyasəti ciddi şəkildə araşdırılmalı, mədəniyyət üzrə ixtisası olmayanlar dərhal oradan uzaqlaşdırılmalıdır. Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edən aktyorlar, rejissorlar və sənət sahəsi üzrə digər mütəxəssislər teatra cəlb olunmalıdırlar.

Teatrda direktor sənətdən savayı hər işlə məşğuldur

Mİngəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov faktiki olaraq, teatr məsələsində daha çox özünün şəxsi qazancı ilə bağlı işlərlə məşğuldur. Bu, onun özəl haqqıdır. Kimsənin də qarışmağa hüququ yoxdur. Ancaq mədəniyyət ocağını böyrü üstə yerə yıxmaq yolverilməzdir.14 ədəd kondisioner, 4 ədəd soyuducu, divan-kreslo dəstləri, çoxsaylı iri qutularda elektrik lampaları, xalçalar, onminterlərlə metrlə ölçülən parçalar və sair əşyaların yoxa çıxması teatrda əməlli başlı skandala səbəb olub. Bu barədə Mingəçevirdə yaşayan bloger İbrahim Salamov həqiqətləri ortaya qoyub. Mədəniyyət Nazirliyi və aidiyyatı orqanlar bütün bunlara şübhəli şəkildə göz yumurlar.
Səxavət Məmmədovun kabel alverinə qurşanması onun yeni gəlir mənbələrindən biri sayılır.  O da bəllidir ki, teatrın qastorl səfərlərinə görə aktyorlara və texniki heyətə çatası ezamiyyət xərcləri direktor tərəfindən mənimsənilir. Yaradıcı heyətin hay-küyündən sonra direktor məcbur olaraq, bəzi hallarda ezamiyyə xərclərini ödəmək zorunda qalır. Peşəkar teatr anlayışından uzaq olan Səxavət Məmmədov Dövlət Teatrında həm də “Bədii Şura”nın rəhbəridir. Ömründə dünya ədəbiyyatını və dramaturgiyasını oxumayan, dramaturgiyadan xəbərsiz birinin “Bədii Şura”nın rəhbəri olması 21-ci yüzilin dəhşətsaçan faciəsidir. Dramaturgiyanın bədii-estetik dəyələrini bilməyən birinin Dövlət Teatrında hegemonluq etməsinin səbəbi onun mədəniyyət nazirliyindəki havadarı İsmayıl Hüseynov adlı bir bürokratdır. Ola bilər ki, Səxavət Məmmədov yaxşı menecer və ticarət adamıdır. O zaman gedib öz sevimli işi ilə məşğul olsun. Mədəniyyət elə bir sahədir ki, o cəmiyyətin kamilliyi üçün çalışır. Burada sənət adamları öz istedadları və intellektləri sayəsində mədəni maarifçilik missiyasını daşıyırlar. Mingəçevir Dövlət Teatrının direktoru postunu məngirləmiş bu zat, əslində mədəniyyətimizin inkişafına sarsıdıcı zərbə vurmaqla məşğuldur. Ona görə deyirik ki, teatrlarımızda maliyyə pozuntularını üzə çıxarmaqla  yanaşı, həm də kadr məsələsi ilə ciddi islahatlar aparılmalıdır.

Ənvər BÖRÜSOY,

sənətşünas