Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ

120

Benefisiar sahiblik məlumatlarının açıqlanması həm hökumət, həm vətəndaş cəmiyyəti, həm də sadə vətəndaş üçün faydalı olacaq

Uzun illər neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olub. Bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmini məqsədi ilə 2002-ci ildə yeni təşəbbüs irəli sürüldü. Neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunan bu qlobal standart Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) adlandırıldı. MHŞT təbii ehtiyatlarla zəngin ölkələrdə neft, qaz və mədən sənayesi şirkətlərinin hökumətə etdiyi ödənişlərin, hökumətin əldə etdiyi gəlirlərin ictimaiyyətə tam açıqlanması və yoxlanılması yolu ilə təkmilləşdirilmiş idarəetməni dəstəkləyir.  2016-cı il fevralın 24-25-də Limada keçirilən MSŞT üzrə 7-ci Beynəlxalq Konfransda  Standartda bir sıra əhəmiyyətli dəyişikliklər edildi. Standartın yeni redaksiyasında MSŞT Hesabatında əks olunmalı məlumatlara qarşı tələblər daha konkretləşdirilib sistemləşdirildi. Standartın 2.5-ci bəndinə əsasən, MSŞT razılaşdı ki, 1 yanvar 2020-ci il tarixinədək bütün iştirak edən ölkələr mədən aktivləri üçün tenderdə iştirak edən, bu sahədə fəaliyyət göstərən və ya investisiya yatıran hüquqi şəxslərin öz benefisar sahiblərinin kimliyini açıqlasınlar. Bundan əlavə, siyasi xadim olan benefisiar sahiblər də müəyyən olunmalı və təklif edilən çərçivə daxilində açıqlanmalıdır.

Azərbaycanın MHŞT-də İLKləri benefisar sahibliyə aid olmadı

Azərbaycan 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub. 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb. Respublikamızda yerli vətəndaş cəmiyyətinin fəaliyyətinə yaradılan problemlər səbəbindən Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci il tarixli  toplantısında Azərbaycanın statusu tam hüquqlu üzvdən namizəd səviyyəsinə endirilib. Bundan sonra  Azərbaycan 2017-ci ilin martında MHŞT-ni rəsmi şəkildə tərk edib. Buna baxmayaraq Azərbaycan MHŞT prinsiplərinə sadiq  qaldığını bildirib. Azərbaycan Prezidentinin 5 aprel 2017-ci il tarixli Fərmanda Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının beynəlxalq prinsiplər əsasında davam etdirilməsi əksini tapıb. Bu beynəlxalq prinsiplərdən biri də benefisiar sahibliyin açıqlanmasıdır.

 

 

 

Benefisiar sahiblik nədir?

2016-cı ildə qəbul edilən yeni Standartda işlədilən “Beneficial ownership” termini “Benefisiar sahiblik” kimi tərcümə edilib. Amma Azərbaycan qanunvericiliyində “benefisiar sahib” anlayışı yoxdur. Qanunvericilikdə əksini tapan “Benefisiar mülkiyyətçi” anlayışı isə hazırda dünyada qəbul olunan “benefisiar sahiblik” anlayışını tam əhatə etmir.
Benefisiar sahiblik nəticə etibarilə şirkətin sahibi və şirkətdən və ya kommersiya fəaliyyətindən maliyyət şəklində fayda əldə edən şəxslərə işarə edir. Başqa sözlə hüquqi şəxsin və ya hüquqi cəhətdən məcburi sövdələşmənin “benefisiar sahib”i sahibliyin və ya nəzarətin birbaşa və ya dolayı olmasından asılı olmayaraq son nəticədə bu hüquqi şəxsə və ya hüquqi sövdələşməyə sahib olan və ya ona nəzarət edən fiziki şəxslərdir.
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov da deyir ki, ilk öncə məfhumunun qanuna gətirilməsi və dəqiq anlayışının verilməsinə ehtiyac var: “İlk öncə benefisiar sahibliyin prinsipləri və əhatə dairəsi dəqiqləşdirilməlidir. Daha sonra benefisiar sahibliyi hansı şirkətlərin açıqlanması dairəsi müəyyənləşdirilməlidir. Həmçinin, açıqlanacaq məlumatların strukturu, hansı məlumatları əhatə dairəsi təsdiqlənməlidir. Sonda isə məlumatların yayımlanması və monitorinqi əhatə olunmalıdır”.

Kimlər benefisiar sahib hesab olunur?

Kimlərin benefisiar sahib olması ilə bağlı fərqli fikirlər olsa da, son faydalanan fiziki şəxslər olması əksəriyyət tərəfindən qəbul olunur.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti  Əliməmməd Nuriyev qeyd edir ki, Azərbaycan qanunvericiliyində “benefisiar mülkiyyətçi” anlayışı olsa da, hazırda beynəlxalq sistemdə qəbul olunan “Benefisiar sahiblik” anlayışının açıqlanmasına ehtiyac var: “Sahiblik mülkiyyət hüququnun elementlərindən biridir. Bu termindən də istifadə etmək olar. Amma “mülkiyyətçi” deyəndə həm də hüquqi şəxslər nəzərdə tutulur. Bu mənada “Benefisiar sahiblik” anlayışına uyğun termin qanunvericiliyə gətirilib məzmununun açıqlanmasına ehtiyac var”.
İqtisadçı ekspert İnqilab Əhmədovu sözlərinə görə, “Benefisiar sahib” fiziki şəxsdir: “Şirkətə münasibətdə mənfəət sahibi birbaşa və ya dolayısı yolla korperasiyaya nəzarət edən fiziki şəxs və fiziki şəxslərdir. Bəzən olur ki, cari fəaliyyətdə bu adam görünmür. O, gələcəkdə bu şirkətin böyüməsindən sonrakı faydanı gözləyir. Beynəlxalq səviyyədə benefisiar sahib son faydalanan şəxsi nəzərdə tutur. Birmənalı demək olmaz ki, dövlət reystrində olan şəxslər mütləq faydalanan şəxsdir. Reystrdə adı keçən həmin şəxslər son faydalanan ola da bilər, olmaya da bilər. Bu məsələdə gələcəkdə iqtisadi faydaya da baxmaq lazımdır. Çünki şirkətin böyüməsi  son faydalanana daha sərfəlidir və bəzən onlar kənarda dayanıb böyüməsini gözləyirlər. İlk mərhələdə kənarda dayanan şəxs etibarnamə və digər vasitəsilə nəzarəti əlində saxlamağa çalışır”.

Benefisiar sahibliyin açıqlanmasının faydaları

Benefisiar sahibliyin açıqlanması ilə bağlı təşəbbüsdə iştirak edən 50-dən artıq ölkə 2020-ci il yanvarın 1-dən benefisiar sahiblik məlumatını açıqlamağa başlayıb.  Bəzi ölkələr isə artıq bir neçə ildir bu prosesə başlayıb. Azərbaycana daha yaxın Ukrayna, Qırğızıstan və Monqolustan artıq bir neçə ildir bu məlumatları açıqlayır.
Benefisiar sahibliyin hesabatlılığı rejiminin həddinin səviyyəsinə fərqli yanaşmalar var və hədlər 5 faizdən 25 faizədək dəyişir. Azərbaycanda hasilat sənayesində Siyasi Nüfuz Sahibləri üçün 5 faiz, fiziki şəxslər üçün 20 faiz məqbul hesab edilir. Birgə müəssisə olduğu təqdirdə, müəssisə daxilindəki hər qurum öz benefisiar sahiblərini açıqlamalıdır. Amma agentlər, nominal payçılar, trast idarəçiləri və digər vasitəçilər benefisiar sahib hesab edilmirlər.
Benefisiar sahibliyin açıqlanması maraqlı tərəflərə əslində kimin hasilat sənayesində qazanılan gəlirdən faydalandığını və ya sektorda iştirak edən şirkətləri idarə etdiyini və hesabatlılığı artırdığını müəyyənləşdirməyə imkan verir. Benefisiar sahibliyin açıqlanması gəlirin həqiqi benefisiarlarının qeyri-şəffaf qurama şirkətlərin arxasında gizlənməyinin və ya gəlirin hesabatının verilməsindən və vergidən yayınma, maraqlar toqquşmasının gizlədilməsi və ya çirkli pulların yuyulması, korrupsiya fəaliyyəti ilə məşğul olmaq və ya maliyyə cinayəti və ya zorakılıq, o cümlədən terrorizm fəaliyyəti ilə məşğul olmaq üçün qarışıq korporativ və ya digər hüquqi strukturlardan istifadə etməsinin qarşısını alır. Benefisiar sahibliyin açıqlanması, həmçinin, maraqlı tərəflərə kimin hasilat sənayesinə investisiya qoyduğunu və siyasi nüfuz sahibləri (SNS-lər) ilə hər hansı əlaqənin olub-olmadığını görmək üçün şəffaf baxış təmin edir, beləliklə lisenziyalaşdırmada potensial maraqlar toqquşmasının qarşısının alınmasına imkan yaradır.

Korrupsiyaya son, şəffaflığa dəstək

Əliməmməd Nuriyev hesab edir ki, benefiasar sahiblik məlumatlarının açıqlanması şəffaflıq, açıqlıqla yanaşı, həm də biznes mühitinin yaxşılaşdırılması üçün əhəmiyyətlidir: “Hesab edirəm ki, bununla bağlı açıq reystr olmalıdır. Bu açıqlıq məhdud dairə üçün yox bütövlükdə bütün ölkə vətəndaşları üçün əlçatan olmalıdır. Ölkənin beynəlxalq imici, əlavə investisiyaların cəlbi, vergidən yayınmanın qarşısının alınması, korrupsiya risklərinin azaldılması baxımından da benefisiar sahiblik məlumatlarının açıqlanması əhəmiyyət daşıyır”.

 

Ekspert İnqilab Əhmədov deyir ki, benefisiar sahiblik məlumatlarının açıqlanmasının həm vətəndaşa, həm hökumətə, həm də vətəndaş cəmiyyətinə faydası var: “Koronavirisun gətirdiyi məhdudiyyətlər bu məsələni daha da aktuallaşdırır. İlk növbədə benefisiar sahibliklə bağlı məlumatların açıqlanması hökumət üçün faydalıdır. Hökumət nə qədər məlumatlı olsa da, şirkətlərlə bağlı bəzi məlumatları bilməməsi mümkündür. Bu mənada hökumət xoşagəlməz halların qaşısının alınmasında maraqlı olsa da, bəzən bu böyük şəbəkə qarşısında acız olur.
Bu məlumatların açıqlanması vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər,  tədqiqatçılar üçün vacibdir. Vətəndaşların mülkiyyət sahibliyi ilə bağlı məlumat almaq ehtiyaclarını ödəməklə, etimadlı cəmiyyətin yaranmasına töhfə vermək mümkün olacaq. Həmçinin, yazılan məlumatlar sübut olunmasa, iş məhkəməyə çıxır və araşdırmaçılar cəzalandırılır. Bu mənada benefisiar sahiblik məlumatların açıqlanması  hüquq-mühafizə orqanları üçün də faydalıdır.
Bu məlumatların açıqlanması həm də investorlar üçün əhəmiyyətlidir. İş adamı investisiya gətirdiyi ölkədə hüquqi çərçivəni biləcək və arxayın olacaq. Nəticədə investorlara onların risklərinin minimuma endirilməsinə kömək etməklə yanaşı, hasilat ölkələrinə girişi rahatlaşdırılacaq. Hasilat sənayesində icazələrin alınması ilə bağlı korrupsiyanın azaldılması, vergidən yayınmanın qarşısının alınması mümkün olacaq”.
Benefisiar sahiblik məlumatlarının açıqlanmasının sadə vətəndaş üçün faydası çoxluq üçün daha maraqlıdır. Ola bilər ki, yaxın müddətdə sadə vətəndaş üçün bu fayda real görünməsin. Amma benefisiar sahiblik məlumatları açıqlansa, hesabatlılıq təmin olunsa, müəmmalı şirkətlərin sahibləri müxtəlif yollarla ölkədən vəsait çıxara bilməsə, cinayət yolu ilə qazanılan vəsait ölkəyə qaytarılsa, cəmiyyət mütləq bundan fayda görəcək. Dövlət büdcəsinə daxil olan əlavə vəsait, əmək haqqı artımı, pensiya artımı vasitəsi ilə sonda sadə vətəndaşlara çatacaq.
Amma hər bir halda benefisiar sahibliklə bağlı açıqlanan məlumatların dəqiqliyinə zəmanət olmalı və doğru məlumat verilməməsinə görə cəza mexanizmi müəyyənləşdirilməlidir.
Benefisiar sahibliyin açıqlanması həm də ictimaiyyətə şirkətin sahibini və ya kommersiya fəaliyyətindən faydalanan şəxsi müəyyən etməyə imkan yaradacaq. Bu Azərbaycana investisiya qoyan və ya burada hasilat sənayesi sahəsində müqavilə imzalayan şirkətlərdə inam və etibarın çoxalmasına xidmət etməklə biznes fəaliyyətini asanlaşdıra bilər. Əlavə olaraq, bu, hökumətə nəticə etibarilə kimin nə qədər gəlir əldə etdiyini izləməyə, vergi, rüsum və digər ödənişlərin toplanmasından əmin olmağa imkan verəcək.  Bundan isə qazanan Azərbaycan cəmiyyəti olacaq. \\Modern