Milyonçu, söyüşçül, “zarafatcıl” və məsuliyyətsiz…

66

“Xəstəliyi başa düşdük, çalışırıq yoluxmayaq, məsafə saxlayaq, gigiyena, maska, immunitet, infeskionistin hədə-qorxusu, filan, hamısını etməyə çalışırıq. Ancaq ayrı-seçkilik gördük, NİYƏ?!..”

Dünən bir oxucunun sosial mediadan mənə ünvanladığı bu sual sillə kimi dəydi üzümə, düzü hələ də cavab tapa bilmirəm.

Bilmirəm nə deyim, adam çox haqlıdır, deyir bəs bahalı həyat yaşayan, dincələn, əlli minlik instaqram səhifəsində bunu tirajlayandan sonra həbs edilən milyonçu oğlu, sizi media mənsubu, məni vətəndaş kimi söyəndən sonra mən kim oluram, sən kimsən xanım jurnalist?

***

…Oturub düşünürsən ki, tutaq ki, hərəkətindən dolayı cəza alan iş adamının oğlunu cahilliyinə bağışladıq. Atasının pulunun ona heç bir savad, mənəviyyat, təhsil verə bilmədiyini, yetişdirilmədiyin başa düşdük.

Bəs nəsli Azərbaycanın ictimai həyatında tanınan, bir nəsil sənət, mədəniyyət adamlarının çevrəsində doğulan, böyüyən, ailəsində neçə xalq, əməkdar artist olan, xalq artisti Brilyant Dadaşovanın oğlunu neynəyək, axı hamıya “stukaçi”, acından ölən paxıllar, deyir?!..

Bəs efirdə tanınmışlığı olan aparıcı xanımımıza da göz yumaq? Noolsun cəzasını aldı işdən çıxarıldı!

Bəs bir jurnalist xanımın məsuliyyətsizliyini nəylə izah edək? Axı o, bizə ağıl verir, özü sadaladığı qaydalara əməl eləmir!

Sıravi insanlar evindən çıxan kimi cərimələndiyi halda, sosial statusundan dolayı, günü 399 manat olan oteldə niyə kimlərsə dincəlməlidir? Axı onların imkanlı, məmur ailələri, hər gün dövlətə hesabat verir ki, ölkədə nəğd pul azdır, hətta demək olar ki, yoxdur.

…Və ən vacibi, dövlət, bir qrup məsuliyyətsiz, milli təəssübü olmayan, əziyyət nədir bilməyən, axtarsan vətənə hərbi xidmət borcunu belə keçməmiş bu uşaqlara görə vətəndaşının qarşısında niyə aciz qalsın? Ona görə ki, bütün ekstremal hallarda, puldan vaz keçə bilməyən, sıravi Məmmədhəsən dayı ilə bir gəmini yox, hətta bir kayutu bölüşdüyünü anlamaq istəməyən, iş, siyasət adamları ilə doludur ölkə?!

Bir neçə gün öncə ölkə Prezidenti pencəyinin cibindən yaşmaq-maska çıxarıb göstərdi və dedi ki, “bunu mən də edirəm, bunu etmək nə böyük problemdir? Siz bunu etmirsiniz, özünüzü və çevrənizi təhlükəyə atırsınız” bunun qarşılığında otellər qazanmaq üçün kef partiləri düzənləyir. Yəni bu əslində, ən yumşaq dildə desək, hörmətsizlikdir.

Düzü, artıq bu fikirə daha çox inanıram, dünyanı təkcə prezidentlər idarə etmir, sərhədlər ayırmır ölkələri. Dünyanı daha böyük güc olan dövlətlər də idarə etmir. Dünyanı idarə edən başqa ali güclər var. Və onlar həm dövlətlərin, həm vətəndaşların dərs alması, dərs almaqdan imtina edirsə müflis edilməsindən ötəri biologi müharibələrə start verirlər. Təəsüf ki, onlarla günahsız adam, bu fəlakətin qurbanı olur.

Üstəlik, diqqət edək, illərdir ali məktəbə qəbul olmaq həvəsi ilə hazırlaşan abturiyentlər, ali məktəb imtahanlarını verə bilmir. Dövlət bu mərəzdən qurtula bilmir deyə, iqtisadi problemlər yaşayır, insanlar iş yerindən olur, ixtisarlar aparılır, maaşların verilməsində problem yaranır, xəstələrin müalicəsində axsamalar yaranır. Xəstəxanalarda yoluxmuş insanları yerləşdirməyə çarpayılar tapılmır. Qısası, dövlət ciddi böhrana yaxınlaşır. Bunu anlamayacaq qədər cahil olmaq olmaz axı. Bu çox aydın görünən mənzərədir.

…Və dünən yenidən Azərbaycan Prezidenti yerli telekanallara məhz bu mövzuda müsahibə verdi. Onun çıxışındakı bir abzası oxuduqca öz vətəndaş, insan, yazar adıma utandım. Görəsən, bu duyğunu başqa kimlərsə keçirirmi?

“…Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil – istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

Xatırladıram, ölkə başçsının iki yerli TV-yə müsahibəsində səsləndirdiyi bu fikirləri, yeni modul tipli xəstəxananın açılışı ilə üst-üstə düşüb həm də. Təkrarlayıram, yeni xəstəxana açılışı… Bizdə isə çatmır… çatmır…çatmır… yoxdur… yoxdur… yoxdur… deyirlər xalqa, sıravi insanlara, hətta dövlətə. Niyə, axı var!

Sadəcə sevgi dolu, diqqətli, vətənpərvər, təəssübkeş və sədaqətli olmaq, az imkanla böyük işin öhdəsindən gəlmək lazımdır, vəssalam!..

Jalə MÜTƏLLİMOVA