Millimizin kapitanı: “Yola getmədiyim məşqçi olmayıb” 

54

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı, üçqat Avropa çempionu Cəbrayıl Həsənov “Report”un suallarını cavablandırıb. .

– Olimpiya çempionu Namiq Abdullayev milli komandanın baş məşqçisi təyin olundu. Təyinat barədə nə deyə bilərsiniz? 
– Bu təyinata hamımız sevindik. Həqiqətən də Namiq Abdullayevin güləşdə böyük təcrübəsi var. Bütün güləşçilər və gənclər bundan yararlanmalıdırlar. Ona işində nailiyyətlər arzulayıram. Özü olimpiya çempionu olub, arzu edirəm ki, növbəti il onun baş məşqçilik etdiyi komandadan kimsə, bunu gerçəkləşdirsin. Biz də əl-ələ verib çalışacağıq ki, yaxşı nəticələr əldə edək.

– Yeni baş məşqçinin rəhbərliyi altında məşqə çıxmısınızmı? 
– Xeyr. Hələ onun iştirakı ilə məşqimiz olmayıb. Namiq Abdullayevin dövründə güləşmişəm, həmin vaxt gənc idim. Təyinatı yenidir, yəqin ki, qarşıdakı günlərdə məşqlərimizi onun rəhbərliyi altında davam etdirəcəyik.

– Koronavirus pandemiyasına görə açıq havada məşq edirsiniz. Hazırkı dönəmdə məşqlər necə keçir? 
– Federasiya bizə şərait yaradıb, açıq havada məşqlərimizi davam etdiririk. Təmasdan bacardığımız qədər çəkinirik. Güləşən vaxt istər-istəməz slnaqçı-rəqibimizlə kontaktda oluruq. Çalışırıq ki, güləşəndən sonra digərləri ilə məsafə saxlayaq. Qarşıda bizi önəmli yarışlar gözləyir, onlara hazırlaşırıq.

– İlin sonunda dünya çempionatının keçirilməsi planlaşdırılır. İştirak etməyi düşünürsünüz? 
– Mundialın olub-olmayacağı oktyabrın 5-də dəqiq bilinəcək. Hazırlaşıb orada iştirak etməyi planlaşdırıram. Əsas məqsədim də çempion olmaqdır.

– Sizin və digər güləşçilərin hazırkı dönəmdə nəticə qazanmaları nə dərəcədə realdır? 
– Pandemiya dövründə tək əziyyət çəkən biz olmamışıq. Bütün dünyadakı idmançılar məşqsiz qaldılar. Kim tam hazır olacaqsa, hansı komandalar məşqləri tez bərpa ediblərsə, o yığmalar yaxşı nəticə qazanacaqlar. İdmançıların özündən də çox şey asılıdır. Məsələn, dünya çempionatına iki ay vaxt var. Bu, heç də az deyil, hazırlaşmaq olar.

– Kimlərin Namiq Abdullayevin köməkçiləri olmasını istərdiniz? 
– Rəhbərlik kimi məsləhət görəcəksə, həmin məşqçilərlə işləyəcəyik. Mən elə adam deyiləm ki, hansısa məşqçi ilə yola getməyim. İndiyə qədər olanların hamısı ilə yola getmişəm. Kimi məsləhət bilsələr, o da olacaq.

– Şəxsi məşqçiniz Aslan Ağayev Namiq Abdullayevin köməkçisi ola bilərmi? 
– Aslan müəllim qadınlardan ibarət milli komandadadır. Yəqin ki, belə məsləhət görüblər. Federasiya gələcəkdə Aslan Ağayevi köməkçi kimi görmək istəsə, onun özü ilə məsləhətləşər.

– Millinin bəzi üzvləri Dağıstandadır. Onların sizdən kənarda hazırlıq keçmələri qarşıdakı yarışların nəticələrinə nə dərəcədə təsir edəcək? 
– Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov da oradadır, milli üzvləri üçün məşqlər keçir. Əlbəttə, hazırlıq prosesimiz birlikdə gerçəkləşsəydi, çox yaxşı olardı. Pandemiya dövründə onlar da məşqsiz qalmır.

– Növbəti il karyeranızı bitirmək istədiyinizi açıqlamışdınız. Fikrinizi dəyişməmisiniz?
– Davam etmək fikrim yoxdur. Yaş o yaş deyil. Gələn il 31 yaşım olacaq. Qismət olsa, 2021-ci il karyeramda sonuncu olacaq. Bu il əsas məqsədim dünya çempionatıdır, ondan sonra olimpiada haqqında düşünə bilərəm.