“Millidən dəvəti çox gözləyirəm”

63
Vüsal İsgəndərli Canni De Byazinin iradlarını qəbul edir

Millimizin baş məşqçisi Canni De Byazi bu vəzifədə olduğu 2 ay müddətində iki dəfə heyəti açıqlayıb ki, kənarda qalan futbolçular arasında əsas müzakirə olunan heç şübhəsiz ki, Vüsal İsgəndərlidi. “Keşlə”nin 25 yaşlı cinah yarımmüdafiəçisi millimizə ilk dəfə keçən tsiklin sonunda cəlb olunaraq Slovakiya yığmasıyla Tranavadakı matçda debüt edib.

Cari mövsümdə daha inamlı nümayiş etdirən Vüsal hələ ki italiyalı mütəxəssisdən dəvət almayıb. De Byazi “Bol idman” verilişində bu futbolçu çağırılmaması ilə bağlı sualı belə cavablandırmışdı: “Bildiyiniz kimi, bütün çempionat oyunlarını izləyirəm. Vüsal İsgəndərlinin yaxşı sürət və driblinqi var. Lakin onun bir az beynəlxalq səviyyədə təcrübəyə ehtiyacı var. Vüsal daha çox fərdi yox, komanda üçün oynamalıdı. O, oyun zamanı azarkeş və ya kənardakılarla danışmamalıdır, bütün diqqəti meydanda olmalıdır”.

İsgəndərli Sport24.az-a açıqlamasında De Byazidən dəvət alacağına ümidini itirmədiyini bildirib. Futbolçunun sözlərinə görə, təcrübəli mütəxəssisin iradlarını qəbul edir və kənarda qalması onda ruh düşkünlüyü yaratmır, əksinə, daha da motivasiyalıdı: “Millidən dəvəti çox gözləyirəm. Bəli, baş məşqçimizin sözünə hörmətlə yanaşıram. Əlimdən gələni edib milli komandaya dəvət almağa çalışacam”.