“Milli Şurada hansı oyunların getdiyini bilirdim, faktlarım var idi” – SƏRDAR CƏLALOĞLU

78

Son zamanlar ard-arda Milli Şuranın 4 tanınmış üzvü təşkilatın sıralarından ayrılıb.

Eldəniz Quliyev, Rafiq Manaflı, Namizəd Səfərovun ardınca ötən gün Rövşən Əhmədli də Milli Şuradan ayrıldığını bəyan edib. Milli Şura heç bir ciddi müzakirə ilə gündəmə gələ bilməsə də, indi əsas gündəmi parçalanma, daxili didişmə, digər müxalif qüvvələrin ünvanına səsləndirilən təhqir və qalmaqallardır.

Maraqlıdır, zamanında Milli Şuraya simpatiyasını gizlətməyən ictimai nüfuzlu şəxslər də artıq adının bu təşkilatla birgə çəkilməsini istəmir, hətta bundan utanırlar.

Son günlər Milli Şurada baş verənlərlə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb.

“Ağlı başında olanlar yavaş-yavaş Milli Şuranı tərk etdi”

-Sərdar bəy, qısa müddətdə Milli Şurada 4 nəfər istefa verdi. Bu istefaların əsl səbəbi nədir?

-Milli Şura açıq desək, çox böyük gözləntilərlə yaradılmışdı. Doğrudan da, bəzi insanlar burada verilən şüarlara, ideyalara səmimi şəkildə inanırdı. İnsanlar düşünürdü ki, işin arxasında hər hansı bir konyuktura yoxdur, milli maraqlara xidmət edən bir təşkilatdır. Amma sonra prosesin gedişatında özləri gördü ki, bu, bir oyundur, deyilənlərlə əməllər arasında heç bir əlaqə yoxdur. Ona görə də ağlı başında olanlar yavaş-yavaş Milli Şuranı tərk etdi. Çünki həm xalqa, həm digər müxalifət partiyalara münasibət, ölkədə gedən milli birlik proseslərinə yanaşmada Milli Şura rəhbərliyinin nə qədər yanlış mövqe tutduğu, ambisioz fəaliyyət göstərdiyini hamısı başa düşdü. Ağlı başında, vicdanı, namusu olan hər bir adam bilir ki, Milli Şura rəhbərliyi heç də milli maraqlara xidmət etmir. Əksinə, məhdud bir qrupun maraqlarına xidmət edir. Bu baxımdan, təbii ki, orada qalmaq mümkün deyil. Məsələn, Namizəd Səfərov kimi vicdanlı adam, Eldəniz Quliyev kimi ziyalının orda nə işi var? Eldəniz Quliyev həyatını az qala bu Milli Şuraya qurban verməyə hazır idi, risk edirdi. Orada gedən proseslərə nə dərəcədə inanırdı, inanmırdı, bunu demək çətindir. Amma nəticə budur ki, Eldəniz Quliyev Milli Şura ilə bağlı çox fədakarlıq edirdi. Sonrakı proseslərdən başa düşdü ki, burada yanlış oyunlar gedir, onların millətə bir xeyri yoxdur. Ona görə də Milli Şuranı tərk etdi. Gözləntilərlə görülən iş arasında böyük ziddiyyətin ortaya çıxması və Milli Şura rəhbərliyinin konyuktur siyasət apardığını başa düşdülər. Əslində bizim ilk gündən dediklərimizi bunlar sonda dedilər. Həmin Eldəniz Quliyev vaxtilə Milli Şura ilə bağlı dediklərimə görə mənə hücum edirdi, söyürdü, təhqir edirdi. Amma axırda, 3-4 ildən sonra eyni sözləri özü dedi. Namizəd Səfərov mənim çox yaxın dostum idi. Dəfələrlə onunla söhbət etmişik, demişəm ki, Milli Şura sən düşündüyün təşkilat deyil. Oradakı əsas fiqurlar sənin düşündüyün kimi həqiqətən milli ideyaya yiyələnmiş adamlar deyil. İnanmırdı, mənə deyirdi ki, sən qərəzlisən, niyə bu adamlar haqqında belə düşünürsən? Amma sonda özü həmin qərarı verdi. Əslində, elə vicdanlı insan yoxdur ki, həqiqəti başa düşməsin. Amma burada bir məsələ var ki, kimisi o həqiqəti tez, kimisi gec başa düşür. Fərqli mövqelər də bununla bağlıdır. Amma Milli Şura yaranan gündən ortaya qoyduğum mövqe Eldəniz Quliyevin, Namizəd Səfərovun, Rövşən Əhmədlinin qurumla bağlı tutduqları mövqe ilə üst-üstə düşür. Mənim faktlarım var idi, Milli Şurada hansı oyunların getdiyini bilirdim. Digər tərəfdən, orada təmsil olunan şəxsləri yaxından tanıdığım üçün onların avantürist olduğunu deyirdim. Onlar isə 3 il sonra eyni qənaətə gəldilər. Mən nəzəri baxımdan bilirəm ki, bu adamlar belədir. Onlar isə bunu yaşadılar, təcrübə etdilər, rəhbərlərin davranışını gördülər, axırda da başa düşdülər ki, burada başqa dava gedir.

“Özləri etiraf etmişdi ki, bu, Rusiya ilə bağlı təşkilatdır”

-2013-cu ildə, Milli Şura hələ təzə yaranan zaman belə bir fikir səsləndirmişdiniz ki, bu, Rusiyanın layihəsidir, Azərbaycan maraqlarına xidmət etmir…

-Bəli, mən bunu nəzəri demirəm. İlk dəfə o ideyanı Azərbaycanda təbliğ edən adamlar özləri etiraf etmişdi ki, bu, Rusiya ilə bağlı bir təşkilatdır. Maliyyə və digər dəstəyi Rusiyadan alır. Sonradan da Rusiya Prezidenti Vladimir Putinin köməkçisinin açıq şəkildə Milli Şuranı müdafiə etməsi, dərhal Milyarderlər İttifaqı yaradıb onu Milli Şura ilə əlaqələndirməsi sübut etdi ki, bu, doğrudan da Kremlin layihəsi idi. Yerli qüvvələr də Rusiyanın Azərbaycana qarşı olan təzyiqində mümkün qədər faydalanmaq üçün bu ideyaya qoşuldular. O zaman namusu, qeyrəti olanlar Milli Şuranı tərk etdilər. Məsələn, İsa Qəmbər başa düşdü, Milli Şuradan ayrıldı, Pənah Hüseyn ümumiyyətlə, bu təşkilata qoşulmadı. Bəzilər də sonradan Milli Şuradan ayrıldılar. Kimlər ki, siyasi kordur, siyasi uzaqgörən deyil, siyasi işin mahiyyətini bilmir, bölgədə gedən oyunların fəlsəfəsini başa düşmür, onlar hələ uzun müddət Milli Şurada qalacaq, Don Kixot kimi bu təşkilatın əleyhinə olanlarla mübarizə aparacaqlar.

“Milli Şura Azərbaycan xalqına zərər vurdu”

-“Milli Şura layihəsi bitdi” demək olarmı?

-Bu layihə Putinin Azərbaycanla 20 milyard dollarlıq müqavilə bağladığı anda bitmişdi. Azərbaycan hökumətinin “Şahdəniz” layihəsi üzrə Putinin şirkətinə 10 milyard dollar, Azərbaycan hərbçilərinin Rusiyada təlim keçməsi üçün 5 milyard, silah-sursat almaq üçün də 5 milyard dollar ayırması ilə Milli Şura layihəsi sonlandı. Faktiki olaraq Milli Şuranın Azərbaycan xalqı qarşısında “xidməti” ondan ibarət oldu ki, Rusiya əlini-qolunu sallayıb, günün günorta vaxtı Azərbaycandan 20 milyard dollar qopardı. Bu da hər bir Azərbaycan ailəsinə, vətəndaşına Milli Şuranın verdiyi töhfə idi. Əgər Milli Şura bu oyunları oynamasaydı və hökumət Putinin təzyiqlərinə dözsəydi, 20 milyard zərər görməzdik.

“Onun ideya vermək qabiliyyəti çox zəifdir”

-Əgər layihə bitibsə, hazırkı Milli Şura nə işə yarayır? Niyə fəaliyyət göstərir?

-Bu, Əli Kərimlninin xarakteri ilə bağlıdır. Vaxtilə bir yerdə “Azadlıq” bloku yaratmışdıq, o təşkilat öz işini gördü bitirdi. Amma Əli Kərimli uzun illər “Azadlıq” blokunu saxladı. Əli Kərimli belə bir xasiyyətə malikdir. Əlinə düşən siyasi alətdən maksimum faydalanmaq istəyir. Yenilikçi olmadığı üçün yeni ideyalara qapalı adamdır. Özünün də ideya vermək qabiliyyəti çox zəifdir. Hələ bu günə qədər heç kim Əli Kərimlinin hər hansı bir ideya verdiyinin şahidi olmayıb. Hələ də Əli Kərimlinin mitinqlərində 1988-ci ildə səslənən şüarlar təkrarlanır. Sanki dünya, Azərbaycan dəyişməyib, Əli Kərimli partiya sədri deyil, hansı ki, özünün ideologiyası var. Əli Kərimlinin özündə ideya generasiya qabiliyyətinin olmaması ona gətirib çıxarır ki, hətta başqalarının verdiyi ideyalara konservativ yanaşır. Əslində isə lider hansısa ideyanı düşünüb gündəmə gətirdiyi kimi, onun gündəmdən çıxarma vaxtını da dəqiq müəyyən etməyi bacarmalıdır. O zaman ki, bunu edə bilmir, məğlubiyyətə uğrayır, uduzur.