Milli mühasibat uçotu və beynəlxalq standartlar – LAYİHƏ

16

Qanunvericilik bazası dövlətin təməl prinsipləridir

29 iyun 2004-cü il tarixli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda uçot siyasətinin əsas istiqamətləri müəyyən edilmişdir. Həmin Qanunda konseptual baxımdan standartlara uyğun uçotun aparılması qaydaları qeyd olunub. Bu Qanunun tələblərinə əsasən 2006-ci ilin versiyası üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcümə olunmuş rəsmi mətnlərinin Mühasibat Uçotunun Beynəlxalq Standartları Komitəsi Fondu tərəfindən təsdiq edilməsi işi təşkil olunmuşdur.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına adı çəkilən Fondun müəyyən etdiyi qaydalara uyğun olaraq beynəlxalq audit şirkətləri (PricewaterhouseCoopers, Ernst&Young, Moore Stephens) tərəfindən rəy verilmişdir. Bu standartlar əsasında 37 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, 27 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının tətbiqi üzrə Şərhlər və Tövsiyələr, bundan başqa İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında 24 adda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, 1 adda Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, habelə “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları” hazırlanmışdır.
Milli standartlar “Mühasibat uçotu haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2005-ci il tarixli 250 s nömrəli Sərəncamı ilə yaradılmış Muhasibat Uçotu üzrə Məsləhət Şurası tərəfindən rəy verildikdən sonra təsdiq edilmişdir. Qanunun 6.0.2 və 6.0.3-cü maddələrinə əsasən Milli Mühasibat Uçotu Standartları Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında hazırlanaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. Lakin milli standartlarla beynəlxalq standartlar arasında konseptual baxımdan fərq olmasa da müəyyən texniki fərqlər mövcuddur. Belə ki beynəlxalq standartlarda maliyyə hesabatlarının nümunəvi forması əks etdirilməmiş, yalnız bu hesabatlar üzrə minimum tələblər göstərilmişdir. Ona görə Milli Standartları hazırlayan zaman mühasiblərə kömək üçün maliyyə hesabatlarının tərtibi üzrə lazımi formaların nümunələrini hazırladıq və standartlara əlavə etdik.
Mühasibat balansı, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti və s. kimi hesabatların formalarını hazırlamışıq. Yeni Hesablar Planına gəlincə isə, deyim ki, sintetik hesablar planı artıq təsdiq edilmişdir. Köhnə hesablar planından fərqli olaraq subhesabları Yeni Hesablar Planında göstərmədik və bu məsələdə təşkilatlara sərbəstlik verdik. Təşkilatlar uçot siyasətinə və iş xüsusiyyətlərinə uyğun olaraq özləri istifadə edəcəyi subhesabları müəyyənləşdirə bilər. Əgər əvvəllər təşkilatlar 3-5 səhifəlik uçot siyasəti hazırlayırdısa, indi vəziyyət dəyişib, həmin sənəddə istifadə olunan amortizasiya, qiymətləndirmə metodları və istifadə ediləcək standartlar haqqında geniş məlumat verilməlidir. Misal üçün sırf istehsal müəssisəsi olan təşkilat təbii ki, uçot siyasətinə 41 saylı “Kənd təsərrüfatı” standartını daxil etməyəcək. Deməli, təşkilat uçot siyasətində istifadə etdiyi və gələcəkdə istifadə edəcəyi standartlar haqqında açıqlamalar verməlidir.

Sahibkarlığın inkişafı üçün atılan ciddi addımlar və beynəlxalq hüquq

“Mühasibat uçotu haqqında” Qanunun 9-cu maddəsinə əsasən, kiçik sahibkarlıq subyektləri maliyyə hesabatlarını kiçik sahibkarlıq subyeklərində sadələşdirilmiş uçotun Qaydalarına uyğun olaraq tərtib etməlidirlər. Hazırda kiçik sahibkarlıq subyektləri uçotlarını Maliyyə Nazirliyinin İ-06 saylı 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçot Qaydaları”na əsasən aparalı.
Bu Qaydalar vergi qanunvericiliyinə uyğun tərtib edildiyindən kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılmasında və müvafiq maliyyə hesabatlarının hazırlanmasında heç bir uyğunsuzluğa səbəb olmayıb. Bu səbəbdən sadələşdirilmiş vergi ödəyicisi olmayan kiçik sahibkarlıq subyektlərində ötən illərdə istifadə olunan hesablar planı üzrə mühasibatlığın aparılması tövsiyə olunur. Həmin Qaydalarda sadələşdirilmiş vergi ödəyicisi olan və kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması qaydaları geniş şəkildə izah olunmuşdur. Kiçik sahibkarlıq subyektləri mühasibat uçotunu vergi qanunvericiliyi üzrə apardığı üçün onların maliyyə hesabatları vergi qanunvericiliyinin tələbləri əsasında tərtib edillir.

İctimai önəmi olan qurumların maliyyə hesabatları

“Mühasibat uçotu haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq bütün ictimai əhəmiyyətli qurumlar tələb olunan maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edirlər. Qanunun 2.1.9-cu maddəsinə əsasən, ictimai əhəmiyyətli qurumlara kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində Nazirlər Kabinetinin müəyyənləşdirdiyi meyar göstəricilərə (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) malik kommersiya təşkilatları daxildir. Nazirlər Kabinetinin 20 iyun 2005-ci il tarixli 108 saylı Qərarı ilə təsdiq olunan meyar göstəriciləri bu cür müəyyən olunmuşdur: İllik gəlir 30 mln manat, hesabat dövrü ərzində işçilərin orta sayı 1200, balansın yekun məbləği 100 mln manat. Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 140 nömrəli Qərarı ilə 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı təsdiq olunmuşdur.
Beynəlxalq təcrübəyə əsasən, bu cür hesabatlar 3-4 ay ərzində hazırlanmalıdır. Konsolidə edilmiş hesabatlar isə 6 ay ərzində yekunlaşdırılır. Bundan başqa, Qanunun 10.1.2 maddəsinə əsasən Ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilərlər.

Maliyyə hesabatları və vergi uçotu

Standartlarda uçot və vergi mənfəəti fərqləndirilir. Vergi hesabatlarının vergi qanunvericiliyi əsasında hazırlandığını nəzərə alsaq, bu hesabatlar üzrə əldə edilmiş mənfəət vergi məqsədləri üçün mənfəəti əks etdirir. Vergi qanunvericiliyinə uyğun olaraq gəlirdən çıxılmayan və məhdudlaşdırılan xərclər, maliyyə uçotu zamanı xərc kimi tanınır və mənfəətin müəyyən olunmasında rol oynayır. Həmçinin gəlirlərin tanınması məsələsində fərqlər mövcuddur.
Təsisçini və maraqlı tərəfləri daha çox müəssisənin rentabelli işləməsi maraqlandırır. Çünki həmin maliyyə hesabatının göstəriciləri qərarların düzgün verilməsi, xarici və daxili investisiyaların cəlb edilməsi məqsədilə hazırlanan rəqəmlərdir. Xarici investisiyaların cəlb olunması və şəffaflığın təmin edilməsi məqsədilə hesabatların internet səhifələrində yerləşdirilməsi də Qanunda əks olunmuşdur.

Hesabatlara görə cərimələrin tətbiqi

MDB ölkələrindən fərqli olaraq Azərbaycan Respublikasında mühasibat uçotu üzrə qanunvericiliyin pozulması və maliyyə hesabatlarının tərtib edilməməsinə görə cərimələr nəzərdə tutulmuşdur. Bu yaxınlarda İnzibati Xətalar Məcəlləsində mühasibat uçotunun düzgün aparılmamasına görə nəzərdə tutulan cərimələr artırılmışdır.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər üçün qırx manatdan altmış manatadək miqdarda nəzərdə tutulmuş cərimə məbləği üş yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər üçün yüz manatdan yüz əlli manatadək miqdarda nəzərdə tutulmuş cərimə məbləği isə min beş yüz manatdan iki min manatadək artırılmışdır. Hesab edirik ki, cərimələrin bu qədər artırılması mühasibat uçotu sahəsində yeni standartların tətbiq edilməsi və bu standartlar əsasında maliyyə hesabatlarının hazırlanması üzrə mühasiblərin məsuliyyətini daha da artıracaqdır.

Lakin mühasibat uçotu subyektlərinin əsas hissəsini təşkil edən digər kommersiya təşkilatları, o cümlədən kiçik sahibkarlıq subyektləri üçün onların tərtib etdikləri maliyyə hesabatlarının müvafiq dövlət orqanına təqdim olunması qaydalarının qanunvericiliklə müəyyən edilməməsi səbəbindən təşkilatlara cərimələr tətbiq edilməsi üzrə müəyyən problemlər yaranır.
Bundan başqa qanunvericiliyin tələbinə görə bəzi təşkilatlar maliyyə hesabatlarını nizamnamələrində nəzərdə tutulmuş müddətdə auditor rəyi ilə birlikdə mətbuatda və internet səhifəsində dərc etdirməlidirlər və onların üzərində nəzarətin forması, habelə bu tələbin məcburi qaydada tətbiqi üçün imperativ norma müəyyən edilməmişdir. Göründüyü kimi bu sahədə vahid tənzimləmə mexanizmi hazırlandıqdan, mühasibat uçotuna dair normativ-hüquqi baza daha da təkmilləşdirildikdən, qanunvericilik aktları arasındakı ziddiyyətli məqamlar aradan qaldırıldıqdan, müvafiq maliyyə hesabatlarının tərtib və təqdim edilməsi qaydaları hazırlandıqdan, həmçinin hesabatların təqdim edilməsi və dövlət orqanları arasında səlahiyyət bölgüsü dəqiqləşdirildikdən sonra cərimələrin uğurla tətbiqinə keçilməsi mümkün olacaqdır.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.