Milli Məclisdə ermənipərəst Fransaya sərt etirazlar

132

Deputatlar bu dövlətin həmsədrlikdən uzaqlaşdırılmasını tələb etdilər

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində bildirdi ki, bu gün hamımızın ürəyi azadlıq savaşı aparan ordumuzun yanındadır. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa arzulayan parlament sədri bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını uğurla davam etdirir, düşmənin çoxlu sayda canlı qüvvəsi, yüzlərlə tanklar, artilleriya qurğuları məhv edilib.

“Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını uğurla davam etdirir. İndiyə qədər düşmənin yüzlərlə texnikası məhv edilib. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”,-deyən Sahibə Qafarova qeyd etdi ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə, haqq işimizə mane olmağa çalışırlar. Spiker daha sonra hər kəsin ürəyindən xəbər verən mövqe ifadə etdi: “Hamımızın eyni fikri var: ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq. Azərbaycan Prezidentinin dediyi kimi, biz tarixi ədaləti bərpa edirik, Qarabağ bizim doğma, tarixi torpağımızdır. Ordumuzun müzəffər yürüşü torpaqlarımız işğaldan azad edilənədək davam etməlidir”. Deputatlar spikerin bu sözlərini sürəkli alqışlarla dəstəklədilər.

Cari məsələlərin müzakirəsi zamanı deputatlar ATƏT-in Minsk Qrupunun həmsədr dövləti Fransanın prezidenti Emmanuel Makronun Qarabağ cəbhəsindəki döyüşlərlə bağlı qərəzli mövqe tutmasına, işğalçını müdafiə bəyanatına kəskin etirazlarını ifadə etdilər. Çıxış edənlər Fransanı beynəlxalq hüquq prinsiplərinə hörmət etməyə çağırdılar. Milli Məclis üzvləri Fransanın ATƏT-in Minsk Qrupundakı mandatının alınması ilə bağlı çağırış etdilər. Qeyd olundu ki, münaqişənin həlli yalnız və yalnız işğalçıların Azərbaycan torpaqlarından tamamilə çıxması halında mümkündür.

https://azertag.az/files/galleryphoto/2020/3/1000x669/w_161601644654104482452_1000x669.jpg

Deputat Fazil Mustafa bildirdi ki, Fransa özündən uzaq regionda baş verən hadisələrə münasibətdə ədalətsiz mövqe sərgiləyir. “Azərbaycan dövləti qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk Qrupundan xaric edilməsi məsələsini gündəmə gətirsin. Biz artıq ortaya qəti mövqe qoymalıyıq. Fransa birmənalı şəkildə Minsk Qrupundan uzaqlaşdırılmalıdır” – F.Mustafa bildirdi.

Millət vəkili ardınca dedi ki, bizim həbsxanalarda çoxlu sayda zabit və əsgərlərimiz var. Bildirdi ki, islah olunmuş, cəmiyyətə təhlükə yaratmayan, könüllü olaraq Azərbaycan ordusuna qoşulmaq, öz günahını yumaq üçün Vətən uğrunda döyüşmək istəyən məhkumların təcili şəkildə əfvi ilə bağlı addım atmaq olar. F.Mustafa digər bir məsələyə də toxundu. Dedi ki, Türkiyə Afrində, digər yerlərdə əməliyyat keçirəndə qardaş ölkənin bütün camelərində azanlar, ehsanlar verilirdi, şəhidlərin ruhuna dualar oxunurdu. Azərbaycanda kifayət qədər məscidlərin olduğunu deyən deputat Qarabağ döyüşlərinin getdiyi bu günlərdə analoji addımların ölkəmizdə də atılmasını milli ruhun yüksəldilməsi baxımından faydalı saydı.

Deputat Səməd Seyidov çıxışında konkret tələblər səsləndirdi: “ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Obyektiv mövqe göstərməyən Fransa həmsədrlikdən çəkilməlidir. Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır”.

Deputat Arzu Nağıyev də bildirdi ki, prezident Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərin səsləri uğrunda mübarizə aparır. “Fransanın Minsk Qrupundakı mandatına yenidən baxılmalıdır”.

https://azertag.az/files/galleryphoto/2020/3/1000x669/w_1616016446546190943620_1000x669.jpg

Deputat Elşən Musayev “Türkiyəyə və böyük Ərdoğana qətiyyətinə görə minnətdarlıq edirəm”, – deyə bildirdi. Parisin siyasətini tənqid edən deputat xatırlatdı ki, bu gün Fransada 500 min soyadını dəyişməyən erməni var. “Heyrətamizi budur ki, bu gün belə bir dövlət ATƏT-in Minsk Qrupunda həmsədrdir”. E.Musayev bildirdi ki, Fransa səfiri XİN-ə çağırılmalı və ondan izahat istənilməlidir. Deputat Ağdamın “Qarabağ” klubunun ordumuza həsr etdiyi qələbəsindən də bəhs etdi və təbriklərini səsləndirdi.

Deputat Sevil Mikayılova da Fransanı ədalətsiz mövqeyindən imtina etməyə çağırdı. Əks təqdirdə Fransanın həmsədrliyindən imtina olunmasını təklif etdi.

Deputat Kamal Cəfərov bildirdi ki, Fransa prezidentinin mövqeyi ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına ziddir. Bununla belə, əlavə etdi ki, “bizim iradımız Fransa ilə bağlı deyil, Makronla bağlıdır”.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli çıxışında bir məqama diqqət çəkdi: “Bu qüvvələri məyus edən odur ki, bu xalq birdir, torpaqsevəndir, axıra qədər iradəsini ortaya qoyacaq. İndi biz güc dilində danışırıq. Haqq bizim tərəfimizdədir”.

https://azertag.az/files/galleryphoto/2020/3/1000x669/w_1616016446543422530002_1000x669.jpg

F.İbrahimli gənc deputatın səsləndirdiyi fikirlə bağlı münasibətini ifadə etdi. “Fransa xalqının senatorları da daim boz sifətlərini bizə göstərib. Bu millətin tarixi türkə qarşıdır. Genosid siyasətini bizə qarşı yönəldib. Fransanın özünə hörməti varsa, özü Minsk Qrupundan çəkilməlidir!”

Deputat Nigar Arpadarai də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını tələb etdi.

Deputat Tural Gəncəliyev Fransa prezidentinin ölkəmizə iftira dolu fikirlərinə sərt etirazını ifadə etdi. “Mən buradan Fransa prezidenti Makrona müraciət edirəm: ”Əgər Makronun yaşadığı şəhər işğal olunsa və öz evindən çıxarılsaydı, onda onun mövqeyi necə olardı? Bakıdakı Fransa səfiri həmişə deyir ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bəs nə oldu Makronun mövqeyi birdən-birə dəyişdi? Bu, təsadüfi deyil. Heç yerdə yazılmayıb ki,  ATƏT-in Minsk Qrupu daimi üçlük olmalıdır. Ona görə də Fransanın həmsədrliyindən imtina olunması məsələsinə baxılmalıdır”.

Deputat Razi Nurullayev dedi ki, Azərbaycanda hər il İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirilir, İslam və Türk birliyindən danışılır. “İndi İslam həmrəyliyi hardadır? Bu həmrəyliyi yalnız Türkiyə, Pakistanın timsalında görürük. Digər İslam ölkələrinin mövqelərinə baxanda ”yox olsun belə həmrəylik” deyirik! Özbəkistan, Qırğızıstan, Qazaxıstan, İranın danışıqlar üçün vasitəçilik təklifini birmənalı şəkildə rədd edirik!”

Deputat Bəhruz Məhərrəmov qeyd etdi ki, Fransa başda olmaqla digər həmsədr ölkələrin ermənilərin yanında olması bu vəziyyətə gətirib çıxarıb: “Cənab Makron, son 5 gündə həlak olan dinc sakinlərin, azyaşlıların qanında sizin də əliniz var! Soyqırıma, qana bulaşmış əlinizi bizdən çəkin!” Deputat Rusiya və ABŞ-ın Qarabağ məsələsilə bağlı mövqeyini də tənqid etdi.

Komitə sədri Siyavuş Novruzov dedi ki, Azərbaycanda Qarabağ məsələsilə bağlı həmrəylik digər qüvvələri narahat edir, ona görə də hərəkətə keçiblər. S.Novruzov Rusiyanın tutduğu mövqeyi də tənqid etdi. Ardınca Rusiyada yaşayan azərbaycanlılara müraciətlə onları da fəal olmağa, Azərbaycanın əleyhinə təbliğat aparılmasına qarşı çıxmağa, sözlərini deməyə çağırdı.

Deputat Azay Quliyev bildirdi ki, Azərbaycan xalqı torpaqların azad olunması ilə bağlı qərarını verib, Azərbaycan Prezidentinin iradəsi ortadadır: “Torpaqlar azad olunmalıdır!”

A.Quliyev əlavə etdi ki, Makronun mövqeyi ikrah hissi doğurur: “Bu, siyasi riyakarlıq və ayrı-seçkilikdir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlqaşdırılmalıdır! Fransa səfiri XİN-ə çağırılmalı və ona nota təqdim olunmalıdır!”

Deputat Naqif Həmzəyev Milli Məclis adından Fransanın ədalətsizliyinə etiraz bəyanatı qəbul etməyə çağırdı. “Fransa ilə bağlı parlament adından bəyanat verməyimizi təklif edirəm. Bəyanatda prezident Makronun Azərbaycanın şəhid ailələrindən, əsgərlərindən üzr istəməsi tələb olunmalıdır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz mandatını artıq itirib. Biz ərazi bütövlüyümüzü bərpa edəndən sonra heç ATƏT-in Minsk Qrupuna ehtiyacımız qalmayacaq”.

Komitə sədri Qənirə Paşayeva Rusiya TV-lərində Azərbaycana qarşı yalan, iftiralar dolu məlumatların yayıldığını söylədi. Rusiya dövlətində yaşayan soydaşlarımıza, ziyalılara, iş adamlarına müraciətlə onları bu kimi yalanlara qarşı sözlərini deməyə çağırdı. Q.Paşayeva da Milli Məclisin Fransaya etiraz bildirməsini zəruri saydı.

Deputat Fəzail Ağamalı bildirdi ki, bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə bizi qələbəyə aparacaq. “Torpaqların işğalda qalması ilə bağlı məsuliyyəti Ermənistanla bərabər, ATƏT-in Minsk Qrupu daşıyır”.

F.Ağamalı ordumuzla, xalqımızla, Ali Baş Komandanımızla bir yerdə olduğumuzu nümayiş etdirmək üçün bəyanatla çıxış etməyə çağırdı. Deputat bütün imkanlı vətəndaşlarımızdan yardım kampaniyasına qoşulmağa çağırdı.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. Bu zaman sədrin deputatlara iradı diqqət çəkdi. “Milli Məclisdə səsvermə gedir, ancaq deputatlar yerində yoxdurlar”. Spiker İntizam komissiyasının sədrinə müraciət edib ki, “Eldar müəllim (Eldar İbrahimov – red.), bu məsələ komissiyanın müzakirə mövzusu ola bilər. Mən bunu xüsusi nəzarətə götürəcəyəm”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”