“Milli Məclis sədrinin ikinci səfər ölkəsi kimi Ukraynanı seçməsi doğru olardı”

114

Elxan Şahinoğlu: “Ermənistanla iyul ayındakı sərhəddəki insidentdən sonra Ukrayna XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yaydı, işğalı pislədi”

“Ceyhun Bayramov xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə etdi, ikinci ölkə kimi Rusiyanı seçdi. Milli Məclisin sədri Sahibə Qafarova da eyni səfər trayektoriyasını seçib. O əvvəlcə Türkiyəyə, sonra isə Rusiyaya səfər edib, görüşlər keçirib. İlk ölkə kimi Türkiyənin seçilməsi təbiidir, ancaq ikinci səfər ölkəsinin hər zaman Rusiya seçilməsiylə kimə nə mesaj veririk?” “Hürriyyət”in məlumatına görə, bu dikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

O bildirib ki, Moskvaya səfər edən rəsmilərimiz Rusiyanı “strateji tərəfdaş” adlandırırlar, həmin “strateji tərəfdaş” isə işğalçı Ermənistana hərbi yük düşımaqda davam edir: “Ceyhun Bayramov, Sahiba Qafarova və digər rəsmilərimiz Ukrayna istiqamətini unutmamalıdırlar. Xarici işlər naziri ikinci səfər ölkəsi kimi Rusiyanı seçmişdisə, Milli Məclis sədrinin ikinci səfər ölkəsi kimi Ukraynanı seçməsi doğru olardı. Bunun üçün münbit zəmin var. Birincisi, Ermənistanla iyul ayındakı sərhəddəki insidentdən sonra Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yaydı, işğalı pislədi və BMT-nin məlum 4 qətnaməsini xatırlatdı. İkincisi, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Üçüncüsü, Ukrayna prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Bunların hansı birini Rusiya və onun rəsmiləri ediblər?”

Vazeh BƏHRAMOĞLU