Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

60

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məruzə ilə çıxış edib.

O qeyd edib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib, yeni Qanunun tələbləri əsasında 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq auditi, eləcə də ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb.

“Audit prosesi çoxmərhələli prosesdir və bu proses zamanı kənar dövlət maliyyə nəzarəti obyekti ilə müəyyən edilmiş hər pozuntunun müxtəlif səviyyələrdə müzakirəsi həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib. Ötən il Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən olunub”.

Palata sədri əlavə edib ki, aşkar edilən nöqsan bir auditə orta hesabla 13,1 nöqsan deməkdir: “Əvvəlki illə müqayisə etsək, 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb, nəticədə 2018-ci illə nisbətən 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3 faiz təşkil edib”.

Onun sözlərinə görə, maliyyə və uyğunluq auditinin nəticələri göstərib ki, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular üstünlük təşkil edir:

“Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir”.

V.Gülməmmədov, həmçinin qeyd edib ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə daxil olub:

“2019-cu ildə 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası təmin edilib, 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib, 2,8 milyon manat artıq ödənilmiş vəsait sonrakı ödənişlər hesabına əvəzləşdirilib, 5,4 milyon manat məbləğində debitor borcun bağlanılması və 376 min manat məbləğində əsassız kreditor borcun ləğv edilməsi təmin olunub”.

O qeyd edib ki, büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir: “Hesabat ilində səmərəlilik auditi ilə yanaşı, son illərdə olduğu kimi, səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatlar da icmallaşdırılıb və bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirilib. Səmərəsiz istifadə dedikdə, ayrılan vəsaitin il ərzində istifadə edilməməsini, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalmasını, daha az xərclə oluna biləcək alış və xidmətlərin həyata keçirilməməsini, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilənin münasib şərtlərinin seçilməməsini, dövlət proqramında müəyyən edilmiş hədəflərə nail olunmaması və ya qismən nail olunmasına aid edilib”.

Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib./trend/