MİLLİ MƏCLİS BURAXILMALI, NAZİRLƏR KABİNETİ İSTEFAYA GÖNDƏRİLMƏLİDİR – Mövcud vəziyyətdən çıxış yolları…

381

2020-ci ilin yekunlarına həsr olunmuş yığıncaqda Azərbaycan prezidenti Qarabağ probleminin həlli ilkə bağlı önəmli bəyanat verdi. Prezident dedi:

“Biz üç rayonu – Ağdam, Kəlbəcər, Laçını bir güllə atmadan, bir şəhid vermədən azad etdik. 44 gün ərzində Ermənistan ordusu darmadağın olundu. Bu qələbə bütün dünyaya sübut etdi ki, bizim sözümüzlə əməlimiz arasında fərq yoxdur. Biz tarixi ədaləti bərpa edirik.

Müharibədən sonrakı mənzərə onu göstərir ki, erməni vandalizmi rayonlarımızın hamısını dağıdıb. Onlarda (ermənilərdə) heç bir mənəvi dəyər yoxdur. Öz xislətlərinə uyğun olaraq Rusiya “sülhməramlı”larının yardımı ilə Ermənistandan Dağlıq Qarabağa qaçqın statusunda qaytarılan ermənilər təxribatlar törədirlər.

Əfsuslar olsun ki, “sülhməramlı”ların icazəsi ilə Fransa dövlətinin parlamentinin üzvləri Dağlıq Qarabağa səfər etmişdi.

Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyan Xankəndinə gedib. Orada separatçı erməni terrorçuların başçısı – özünü qondarma “Artsax respublikası”nın prezidenti kimi qələmə verən Araik Arutunyan ilə görüşüb Ermənistana qayıdıb. Ayvazyanın orada nə işi var? O kimdir ki, bizim icazəmiz olmadan Xankəndinə gəlib?.. Unutmasınlar ki, “Dəmir Yumruq” yerindədir. Ermənistan bilməlidir ki, belə təxribatlar törədib, bizi qıcıqlandırmaqda davam etsələr peşman olacaqlar. Biz xəbərdarlıq edirik: Belə addımlar davam edəcəksə səssiz qalmayacağıq. Bizim icazəmiz olmadan heç bir şəxs, xarici təşkilat, şirkət, cəmiyyət, (“Qırmızı Xaç”) cəmiyyətindən başqa Dağlıq Qarabağa gələ bilməz. Onların ayaqları kəsilməlidir!

Rus “sülhməramlı”ları orada humanitar tədbirlərlə məşğul olurlar. Bu işləri yerinə yetirə bilmələri üçün, biz onlara öz ərazimizdən material gətirmələrinə imkan veririk. Əslində isə 10 noyabr bəyannaməsində “sülhməramlı”lara humanitar işlər görmək tapşırılmayıb. Qış fəsli olduğundan, Dağlıq Qarabağda yaşayan ermənilərin soyuqdan donmaması üçün onlara kömək edilməsinə göz yumuruq. İmkan verməyə də bilərdik. Biz onların səviyyəsinə düşmürük. İnsanlığımızı edirik.

Rəsmi olaraq müharibə noyabrın 10-da bitsə də noyabrın 26-da Xocavənddə erməni yaraqlıları peyda oldu. Biz onları həbs edib geri qaytardıq. Bu cür təxribatlar davam etsə daha heç kimə güzəşt edilməyəcək. Onlara (təxribatçılara) terrorçulara laiq münasibət göstəriləcək.

Müharibənin gedişində iqtidar-müxalifət nümayəndələri bir araya gəldi. Biz bundan məmnun olduq. Siyasi dialoq indi də davam edir.

Ümid edirik ki, 2021-ci ilin yanvar ayı ərzində koronavirusa qarşı peyvənd Azərbaycana gətiriləcək. Əhali bu tibbi pereparatlardan istifadə edəcək və xəstəliklərin qarşısı alınacaqdır.”

Göründüyü kimi, ölkəmizdə baş verən bütün hadisələrə ancaq prezident münasibət bildirir. Xarici İşlər Nazirliyinin fəaliyyəti gözə dəymir. Milli Məclis yox kimidir. Danışan bəzi deputatlar isə ruslardan “Xoxan” düzəldib, xalqımızı qorxutmaqla məşğuldurlar. Millət Vəkillərinin əksəriyyəti millətin yox, prezidentin vəkili rolunda çıxış edirlər. Bu biabırçılığa son qoyulmalıdır. Millət Vəkili millətin sözünü deməlidir.

Baş nazir başda olmaqla nazirlərin əksəriyyəti prezidentin tapşırığını gözləyir. Sanki orta məktəb şagirdləridir, müəllim başa salmasa özləri məsələləri həll etməyə risk etmirlər.

Fikrimcə, qardaş Türkiyə dövlətinə baxıb nümunə götürsələr çox şey öyrənərlər. Türk dövlət nümayəndələrinin fəaliyyətini izlədikdə adam fərəhlənir.

– Sağlıq Bakanı – Fəxrəddin Xoca koronavirus peyda olandan sonra sanki yatmaq bilmir. Xalqının sağlam olması üçün gecə-gündüz işləyir.

– İç İşlər Bakanı – Süleyman Soylu öz tükənməz enerjisi ilə həm ölkədaxili sabitliyin qorunması istiqamətində, həm də terrorçuların kökünün kəsilməsi məsələsində ordu ilə birlikdə mübarizə aparır. Qaçaqmalçılığın qarşısını almaq üçün daima hərəkətdədir. Hər fürsətdə Qarabağ probleminin həllində bizə də ən azı mənəvi dəstək olur.

– Milli İstihbarat Təşkilatının rəhbəri – Hakan Fidan Türkiyənin bölünməz bütövlüyünə təhlükə yarada biləcək daxili və xarici bilgiləri vaxtında öyrənib, qabaqlayıcı tədbirlər görməkdə öz işinin ustasıdır.

– Müdafiə Sənayesi Naziri – İsmayıl Dəmir son illərdə Türkiyə Ordusunu 5-ci nəsil elektron hərbi texnikalarla zənginləşdirib. Təsadüfi deyil ki, bu silahların hesabına Türk Ordusu Suriyada, Livanda böyük nailiyyətlər əldə etdi. Bizə verilən pilotsuz uçuş aparatları (PUA) Qarabağ müharibəsində möcüzələr yaratdı.

– Milli Müdafiə Naziri – Hulusi Akar qətiyyəti, cəsarəti, soyuqqanlı davranışı, özünəgüvəni ilə böyük dövlətlərin həsəd apardığı şəxsiyyətlərdəndir.

– Xarici İşlər Naziri – Mövlud Çavuşoğlu öz biliyi, sərbəst danışığı, inamlı hərəkətləri, müstəsna qabiliyyəti ilə on Lavrov kimisini cibində gəzdirməyə imkanı olan nümunəvi diplomatdır.

– Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop ədaləti, demokratik davranışı, Azərbaycana diqqəti ilə müsbət mənada seçilən Dövlət Adamıdır.

Nəhayət, Rəcəb Təyyub Ərdoğan Allahın türk millətinə, müsəlman dünyasına bəxş etdiyi böyük nemətdir.

Bütün bu yüksək keyfiyyətlərinə görə Türkiyə dövlətinin siyası komandası qarşılarındakı strateji hədəflərə doğru sürətlə irəliləyir. İnşallah daim qalib olacaqlar.

Bizdə isə Müdafiə, Daxili İşlər, Müdafiə Sənayesi nazirlikləri, “Melorasiya və Su Təsərrüfatı”  ASC, “Azərsu” ASC, “Azərenerji” ASC istisna olmaqla əksər nazirliklərin fəaliyyəti yararsız vəziyyətdədir. Ona görə də müharibədə qalib gəldiyimizə baxmayaraq xalqımızın əksəriyyəti kasıbçılıqdan, xəstəlikdən və get-gedə çətinləşən həyat tərzinin aşağı səviyyəsindən əziyyət çəkir.

Düşüncəmə görə, bu ağır vəziyyətdən xalqımızı xilas etmək üçün təcili olaraq aşağıdakı dövlət əhəmiyyətli tədbirlər həyata keçirilməlidir:

  1. Milli Məclis buraxılmalıdır. Parlamentə mojaritar və proporsional qaydada seçkilər keçirilməlidir. Savadlı şəxslərin və siyasi partiyaların bu seçkilərdə iştirakı təmin olunmalıdır.
  2. Nazirlər Kabineti istefaya göndərilməlidir. Hökümət partiya nümayəndələrindən və qabiliyyətli-təcrübəli insanların iştirakı ilə yenidən formalaşmalıdır.
  3. Bütün icra strukturlarında müharibəni keçmiş qazilər təmsil olunmalıdır.

Böyük-kiçikliyindən asılı olmayaraq hər bir xarici dövlətlə laiq olduqları dildə danışmağı bacarmalıyıq. Sonra gec olar…

Qəvami Sadıqbəyli,

Jurnalist-politoloq