“Milli hesablar sistemini analiz etmək lazımdır” – RÖVŞƏN AĞAYEV

411

“Hökumət 2020-ci ildə iqtisadiyyatın 1.7% kiçiləcəyindən çıxış edərək qlobal iqtisadiyytda gözlənən azı 6-8%-lik, ayrı-ayrı ölkələrdə hətta 8-10%-lik azalma müqabilində vəziyyətin fəlakətli olmadığını göstərir. Şübhəsiz ki, iqtisadi artımın dinamikası böhranın dərinliyini və miqyasını qiymətləndirmək üçün çox önəmlidir. Lakin iqtisadiyyatı təbii resurslardan yüksək asılı olan ölkə ilə iqtisadi şaxələnmə səviyyəsi yüksək olan ölkə arasında bu yanaşmada ciddi fərq var”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev qeyd edib.

“İxtiyari bir ölkə yalnız neft və qaz hasil edir”

Ağayevin sözlərinə görə, iqtisadi artımın dinamikası böhranın dərinliyini və miqyasını qiymətləndirmək üçün çox önəmlidi: “İqtisadi artım fiziki göstəricisilər əsasında hesablanan real göstəricidir. Yəni iqtisadiyyatın itkilərini tam əks etdirməyə bilir.  Məsələn, belə bir hipotezaya baxın: ixtiyari bir ölkə yalnız neft və qaz hasil edir. İl ərzində dünya bazarında neft və qazın qiyməti 3 dəfə düşüb, amma natural ifadədə hasilat 10% artıb. İqtisadi artım cari qiymətlərlə deyil, sabit (baza ilinin) qiymətləri ilə hesablandığı üçün qiymətlərin hətta 3 dəfə azaldığı şəraitdə 10%-lik iqtisadi artım qeydə alınacaq. İndi bizdə iqtisadiyyatın yarısı neft-qazdır. Neft hasilatındakı azalmanı qazdakı artım kompensasiya etdiyi üçün  qiymətlərdəki kəskin enişə baxmayaraq, bu sektorda  rəsmi iqtisadi artım göstəricisində demək olar ki, azalma görmürük, ya da çox dərin böhran müqabilində çox cüzi azalma görürük”.

“Ən ideal yanaşma milli gəlirin strukturuna baxmaqdır”

“Dövlət investisiyalarının artımı isə qeyri-neft sektorundakı azalmanı xeyli dərəcədə xəfiflədir və bizim qarşımıza bu qədər dərin böhran şəraitində hökumətin təskinlik tapdığı kiçik bir iqtisadi azalma göstəricisi çıxır. Bəs, belə şəraitdə böhranın dərinliyini necə ölçməli? Ən ideal yanaşma milli gəlirin strukturuna baxmaqdır. Milli gəlirdən pay alan institusional subyektlər böhran ilində nə qədər itirdilər? Ev təsərrüfatlarının, biznesin, maliyyə sektorunun gəlirləri (mənfəəti) nə qədər azaldı, inflyasiya təsirləri nəzərə alınmaqla, real gəlirləri necə dəyişdi?”,-deyə iqtisadçı sual edir.

“Maliyyə-bank sektorunun gəlirləri artdı ya azaldı?”

Ağayev hesab edir ki, milli hesablar sistemini analiz etmək lazımdır: “Müxtəlif subyektlərin qənaətləri necə dəyişdi, qənaətlərin mənfi zonaya keçməsi subyektləri öz yığımından yeməyə, yaxud borclanmaya məcbur elədimi? Dövlət təbii resurlardən Neft Fonduna götürdüyü mülkiyyətdən renta  və faiz gəlirlərinin nə qədər hissəsi itirildi, hökumətin vergi formasında büdcəyə gəlirləri azaldımı? Maliyyə-bank sektorunun gəlirləri artdı ya azaldı? Bu sullara cavab verən iqtisadçı, təhlilçi böhranın iqtisadiyyata real təsirlərini araşdırmış olacaq”.

Şamo EMİN, Hurriyyet.org