Milli həmrəylik olan yerdə inkişaf da var

309

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, ötən 30 ildə bir sıra uğurlar əldə olunmuşdur. Bu, dövlətmizin əbədi yaşarılığının simvoluna çevrilən anlayışdır.
Belə ki, tarixin ötən dönəmlərindən fərqli olaraq, son 30 ildə nə qədər çətinliklərlə, problemlərlə, iqtisadi və sosial baxımdan acılarla yaşamağa məhkum edilməyimizə, torpaqlarımızın 30 faizinin xarici güclərin dəstəyi və əli ilə Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal altında qalması ilə, bir milyondan çox məcburi köçkünlər və qaçqınların dəhşətsaçan acı taleyi ilə üz-üzə qalsaq da, milli iradəmizin sayəsində büyün bunları dəf edə bildik. Ən mühüm olanı isə, 2020-ci ildə 44 günlük II Qarabağ Vətən Müharibəsində əldə etdiyimiz Böyük Qələbədir. Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə milli diaspor fəallarımızın 2020-ci ili necə qiymətləndirdikləri barədə onların fikirlərini öyrənməyə çalışdıq.

Soyuq iqlimi olan ölkənin isti nəfəsi

Əslən Güney Azərbaycandan olan yazıçı-araşdırmaçı soydaşımız Ərsan Ərel bizimlə söhbətində 2020-ci illə bağlı bunları bildirdi: “Mən Finlandiya kimi ən soyuq bir ölkədə  yaşayıram. Heç bir diaspor təşkilatının üzvü olmasam da, burada yaşayan tatar, türk, başkort, qazax və Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqəm var. Bununla yanaşı yerli hakimiyyətdə özlərini türk kimliyi kimi qəbul edən dilçilər, etnoqraflar, tarixçilər və siyasətçilərlə isti münasibətlər saxlayıram. Çünki, onlar özlərini Türk Dünyasının Fin-Uqor ailəsinin bir parçası olaraq görürlər. Onlara Azərbaycan həqiqətlərini daim olduğu kimi izah etmişəm. Buna görə də finlər soyuq ölkədə yaşasalar da bizə isti münasibətləri vardır. Qarabağın və digər işğal altında olan ərazilərimizin tamamilə azad edilməsini elə fin, qazax, tatar, başkort dostlarımla birlikdə qeyd etdik. Onlar da bir zamanlar Stalinin rəhbərliyi altında tarixi ərazilərinin işğalına qarşı ölüm-qalım müharibəsini aparıblar. Finlər hər hansı işğalçılıq siyasətinə dərin nifrət bəsləyirlər. İndi Helsinkinin küçə və meydanlarında biz azərbaycanlılar başımızı dik tutub yol gedə bilirik. Sanki, günəş yenidən bizim üçün doğub. Fürsətdən istifadə edib 31 Dekabr Dünya Azərbaycanlılarının Hərməylik Gününü təbrik edirəm.

Çox uzaqlarda bir materik var, orada Azərbaycanı hər kəs sevir

Uzaq Avstraliyada 26 ildir yaşayan həmyerlimiz Abbas Məsimov qeyd etdi ki, öncə bu uzaq materikə təhsil almağa gəlmişdi. Sonra Sidneydə qalıb yaşamalı oldu. Belə ki, burada Güney Azərbaycanlılara məxsus turizm şirkətlərində çalışanlar rus dilini bilmədikləri üçün, onunla anlaşma imzalayıblar. Yəni MDB ölkələrindən Avstraliyaya turistlərin cəlb edilməsi üzrə menecer kimi çalışmağa başlayıb. Beləcə illəri arxada qoyub. Abbas bəy etiraf etdi ki, diaspor məsələsində fəal olmasa da, Azərbaycan naminə əlindən gələn köməyi heç zaman əsirgəməyib. Xüsusilə maliyyə baxımından dəstəyi verməkdən məmnundur. Qarabağın erməni işğalından azad edilməsini böyük həyəcanla qiymətləndirdiyini deyən Abbas bəy, onu da əlavə etdi ki, artıq Avstraliya ərazisində fəaliyyət göstərən erməni cəmiyyətlərinin burnu yerlə sürünür. Türkiyə və Azərbaycan Türklərinin bu ölkədə reytinqi daha da artmışdır. Biz qalib ölkənin insanı kimi artıq Avstraliyada hər yerdə hörmətlə qarşılanırıq. Ona görə ki, burada yaşayan əksər insanlar miqrant olsalar da, hər hansı işğalçı siyasətə qarşıdırlar. “Hürriyyət” qəzetinin verdiyi imkandan istifadə edərək 31 Dekabr Dünya Azərbaycanlılarının Hərməylik Gününü təbrik edirəm.

“Biz artıq Şimali Qafqazda qürurla qarşılanırıq”

Rusiya Federasiyasının Stavropol vilayətinin Minvod şəhərində fəaliyyət göstərən “Azərbaycan Milli Mədəni Muxtariyyatı” təşkilatının sədri Rafael Allahverdiyevin bizə verdiyi açıqlamada qeyd etdi ki, II Qarabağ Müharibəsində könüllü olaraq döyüşə gedənlərin arasında onun yaxın qohumları da var. Onlardan bir neçə şəhid olublar. Rafael bəy onu da xatırlatdı ki: “Əvvəllər bizə məğlub dövlətin vətəndaşı kimi baxır və hətta dolayı yolla aşağılayıcı tərzdə yanaşırdılar. İndi durum tamamilə dəyişibdir. Şimali Qafqaz regionlarında toplam 1.5 milyondan çox ermənilər yaşayır. Ancaq, bu gün rus kazakları, çeçenlər, inquşlar, avarlar, darginlər, kabardinlər, çərkəzlər, laklar, adıqlar, rutullar, saxurlar və digər xalqlar bizlərə tamamilə fərqli baxırlar. Onlar artıq dərk edirlər ki, işğalçılıq siyasətinin sonu yoxdur. İşğalçılıq iflasa məhkumdur. Tarixi zərurətdən kimsə yayına bilməz. II Qarabağ Müharibəsi sözün əsil mənasında bizim qürurumuzu geri qaytardı. Qarşıdan 31 Dekabr Dünya Azərbaycanlılarının Hərməylik Gününü gəlir. Hər bir soydaşımızı səmimi qəlbdən təbrik edirəm”.

Ottavada əsən səmum yeli

Kanadanın ən böyük şəhərlərindən biri olan Ottavada erməni diasporunun təbliğatı sıfra enmişdir. Bu fikirləri bizimlə bnölüşən, əslən Güney Azərbaycanın Miyana şəhərindən olan Sadıq Əfşari bildirdi. O, uzun illərdir uğrunda münarizə apardıqları bir məsələ ilə bağlı bunları da xatırlatmağı vacib saydı: “Ermənilərin bu ölkədəki fransızdilli KİV-lərin, dövlət strukturlarının və vətəndaş cəmiyyətinin vasitəsilə uzun illərdir öz məqsədləri üçün istifadı etdikləri bir sıra fəaliyyətlərə indi inanan yoxdur.  Onlar xristian həmrəyliyi adı altında bizə qarşı istədiklərini hökumətin vasitəsilə həyata keçirməyə çalışırdılar. Erməni yalanlarına qarşı 30 ildir mübarizə aparmışıq. Ancaq, heç bir zaman geri çəkilmədik. Azərbaycanın haqq səsini hər an duyurmağa çalışmışıq. Bu gün də öz prinsiplərimizdən geri çəkilən deyilik. İndi özümüzü xoşbəxt hiss edirik. Ona görə ki, II Qarabağ Müharibəsi bizim neçə illərdir əyilmiş qəddimizin dik durmasına səbəb oldu. İndi biz Azərbaycan dövləti ilə qürur duyuruq. Ən böyük arzum qarşıdan gələn 2021-ci il 2020-cilin davamı kimi olsun. Bu münasibətlə 31 Dekabr Dünya Azərbaycanlılarının Hərməylik Gününü təbrik edirəm”.

“Ukrayna hər zaman Azərbaycanın yanındadır”

Bu sözləri bizə dost ölkənin ən böyük şəhərlərindən biri olan Xarkovdakı diaspor fəalı Toğrul Rüstəmli söylədi. O, fikirlərinə davam edərək qeyd etdi ki: “Diasporla İş üzrə Dövlət Komitəsinin son iki ildə Ukraynada gördüyü işləri soydaşlarımız çox yüksək səviyyədə qarşılayıblar. Komitənin köhnə rəhbərliyinin səbatsızlığı ucbatından uzun illər diaspor təşkilatlarımız arasında soyuq münasibətlər var idi. Yeni rəhbərliyin irəli sürdüyü uğurlu konsepsiyanın sayəsində “umu-küsülər” artıq arxada qalıb. Hamımız üçün vahid vətən Azərbaycanla bağlı addımlar atırıq. Ukraynada azərbaycanlılara hər zaman isti münasibətlər olub. II Qarabağ Müharibəsində Azərbaycan dövlətinin qətiyyətli addımları sayəsində əldə olunan qələbə biz azərbaycanlılarla yanaşı həm də bütün ukrainlərin də dərin sevincinə səbəb oldu. Ukrainlər erməniləri satqın xalq kimi dəyərləndirdikləri üçün onları sevmirlər. Ukrainlər Ermənistanın işğalçı siyasətini heç zaman qəbul etməyiblər. Azərbaycan Ordusunun və Ali Baş Komandanının iradə göstərərək yeni döyüş texnologiyası ilə qələbə çalması bir daha sübut etdi ki, XXI əsr öz şərtlərini diktə edir. Kimsə bu tarixi həqiqətə qarşı çıxa bilməz. Mən inanıram ki, 2021-ci il Azərbaycan tarixində ən möhtəşəm quruculuq ili olacaq. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərində xalqımız dövlətin yanında yer alaraq bu işə xüsusi bir əzəmət gətirəcək. 31 Dekabr Dünya Azərbaycanlılarının Hərməylik Gününü təbrik edirəm”.

Qarabağdakı qələbəyə poema yazan qürbətçi şair

Norveçdə mühacirətdə yaşayan şair dostumuz Hadi Qaraçay söhbətimiz zamanı göz yaşlarını hələ də saxlaya bilmədiyini qeyd etdi: “II Qarabağ Müharibəsi başlayan andan bu prosesi hər saniyə diqqətlə təqib etdim. Ali Baş Komandan və prezident İlham Əliyevin şəxsən özünün gündə bir neçə dəfə şəffaflıq şəraitində açıqlamalar verməsi, Azərbaycan Ordusunun hər addımda qələbə çalması uzun illərin həsrətinin üstünə sevinc yağmuru yağdırırdı. Mən modern üslubda qısa şeirlər yazıram. İndi isə II Qarabağ Müharibəsi haqqında böyük bir poema yazmağa başlamışam. Müharibəni normal qarşılamasam da, ancaq Ermənistanın işğalçılıq siyasətinə son qoymağın tək yolu elə müharibə ilə tammalanmalı idi. 25 ildir Avropada yaşayıram. Ermənilər kimi üzlü və simasızlığı başqa xalqlarda görmədim. 150 ildir Qarabağa köçüblər, Qərbdə apardıqları təbliğatda bildirirlər ki, min illərdir o torpaqların sakinləridirlər. Biz onların yalanlarını sübut edə bilmirdik. Bunu etiraf etməliyik. II Qarabağ Müharibəsi tamamilə proseslərə olan münasibəti dəyişdi. Azərbaycan hakimiyyətinin yeni rəhbərliyi məntiq sayəsində Avropanı ram edə bildi. 31 Dekabr Dünya Azərbaycanlılarının Hərməylik Gününü təbrik edirəm. Bir olaq, diri olaq, hər zaman vahid bir vətənin insanları kimi daim sülh içində yaşayaq”.

“Hürriyyət”
P.S. Qürbətçi soydaşlarımız, diaspor fəallarımız və milli təşkilatlarımızın üzvləri ilə çox sayda yazılar dərc edə bilərik. Hər birinin həyat hekayəsi Azərbaycanın tarixidir. Biz sadəcə onları ümumiləşdirməyə çalışırıq. XXI əsrin şərtləri çərçivəsində diaspor təşkilatlarımız və fəallarımız artıq ötən əsrin uyumsuz standartlarına əlvida deyiblər. Bu milli tariximizdə yeni mərhələnin başlanğıcı deməkdir. Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Hərməylik Günü münasibətilə soydaşlarımızı təbrik edirik. Azərbaycan bir anadır. Hər zaman qarşısı onu sevən övladları üçün açıqdır.