Milli Diaspor Azərbaycanın dünyadakı tək səsidir

276

Siyasi və strateji təhilçilərin hər ötən il və ya ötən əsrlə bağlı belə bir fikirləri vardır: “İstənilən cəmiyyət, dövlət və ya xalq növbəti ilə, ya da yüzilə hansı dəyərlərlə köklənirsə, elə qarşıladığı dönəmi də o cür yaşamalı olacaq”. Yola saldığımız 2020-ci il Azərbaycanın son 30 ildə, dövlət müstəqilliyinə qovuşduqdan sonra, Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün bir dövlət olaraq qəti addımlar atdı. Beləliklə də xalqın və dövlətin birgə iştirakı ilə işğal altındakı torpaqlarımız Ordumuzun gücü və iradəsi sayəsində azad edildi. Bu prosesdə təbii olaraq, diaspora təşkilatlarımızın rolu böyükdür. Dünyanın bir sıra dövlətlərində qürbətçi soydaşlarımız ermənilərin 30 illlik yalanlarına qarşı genişmiqayslı aksiyalar təşkil etdilər. Azərbaycanın işğalçılıq deyil, ermənilərin ekspansionist siyasətinin qarşısını aldığını sübut edən sənədləri ortaya qoydular. Bu gün Azərbaycanda işğaldan azad edilmiş bütün kəndlərimizdə, qəsəbə və rayonlarımızda quruculuq işlərinə başlanılması ilə müşahidə olunacaqdır.  Çox istərdik ki, bu prosesdə diaspor təşkilatlarımız və fəallarımız bu prosesdə iştirak etsinlər. Çox böyük ümidlərlə geri dogma torpaqlara dönən vətəndaşlarımız gecə-gündüz bilmədən dua edirlər ki, əcdadlarının uyduğu o torpaqlara geri dönüblər. Milli diaspora təşkilatlarımız 44 günlük Vətən Müharibəsi dönəmində və sonra da dogma vətənlə daim maraqlanmış, zəruri addımlar atmaqdan çəkinməmişlər. Azərbaycan cəmiyyəti onların bu təşəbbüslərini hər addımda alqışlamışdır.

Kanadada yaşayan azərbaycanlılar 101 şəhid ailəsini himayəyə götürüb

Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizlə yaddaşlara həkk olunan 2020-ci il, həm də COVID-19 və işğalçı Ermənistanın Tovuz təxribatı ilə bağlı Azərbaycan diasporu üçün bir sınaq ili oldu. COVID-19 və Tovuz təxribatları zamanı mütəşəkkillik göstərən Azərbaycan diasporu Vətən müharibəsində birlik və mübarizliyini bir daha nümayiş etdirdi. Diasporumuzun fəaliyyəti yalnız informasiya mübarizəsində iştirak və dövlətimizin səsinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə yekunlaşmadı. Həm də dövlətimizə, ordumuza, şəhid və qazi ailələrinə göstərilən maddi-texniki dəstək aksiyalarında da xaricdə yaşayan soydaşlarımız xüsusi aktivlik göstərdilər. 44 günlük Vətən müharibəsi dövründə Amerika və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən ordumuza, şəhid və qazi ailələrinə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 Avro məbləğində (cəmi: 900.073 manat) maddi dəstək göstərilib. Vəsaitlər Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə və ya birbaşa olaraq çatdırılıb. Bununla yanaşı, soydaşlarımız ölkəmizə əsgərlərimiz üçün minlərlə isti geyimlər, ərzaq bağlamaları, tibbi avadanlıqlar və s. göndərilib. Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid ailəsini himayəyə götürüb.

 

Azərbaycan və Türk diaspor təşkilatları xeyirxah missiyalarını davam etdirirlər

 

44 günlük Vətən müharibəsində ölkəmizin ədalətlii və haqlı mövqeyini dünya ictimaiyyətinə çatdıran, erməni lobbisinə və ermənipərəst qüvvələrə qarşı böyük birlik və həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə diaspor təşkilatları xeyirxah missiyalarını davam etdirməkdədirlər. Belə təşkilatlardan biri də Belçika–Azərbaycan Dostluq Cəmiyyətidir. Təkcə bu il cəmiyyətin sədri Ayhan Dəmirçi və Gent Türk Ocaqlarının sabiq sədri Rəcəp Tuncer Sarının təşkilatçılığı ilə Azərbaycanda bir qrup qaçqın və məcburi köçkün ailələrinin məktəbli övladları üçün 120 ədəd ayaqqabı, 223 ədəd qış geyimləri göndərilib, eləcə də 110 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib. Belçikanın Gent Universitetinin türk əsilli tələbələri isə Azərbaycanın Zəfəri münasibətilə xeyriyyə aksiyası təşkil ediblər. Aksiyanın təşəbbüsçülərindən biri olan Zeynəb Yılmaz deyib ki, tələbələrin bişirdikləri şirniyyatlar xeyriyyə məqsədilə satılıb, toplanan pullarla kəsilən 55 qurban Azərbaycanda müharibədən zərər çəkmiş, eləcə də aztəminatlı ailələrə və digər həssas qruplara paylanılıb.

“Bu aksiyanı keçirməkdə məqsədimiz odur ki, azərbaycanlı qardaşlarımız onların yanında olduğumuzu bilsinlər. Azərbaycanın Zəfəri bütün türklərin qürur duyduğu bir qələbədir. Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi bir qələbədir və biz türkləri daha da birləşdirdi. Yaxın gələcəkdə biz azad olunmuş torpaqlarımıza səfər etməyi də düşünürük”, – deyə Z.Yılmaz əlavə edib.

Z.Yılmaz bildirib ki, aksiyaları davam etdirmək niyyətindədirlər. Gələn ay belçikalı tələbələr adından Azərbaycandakı 100 şagirdə məktəb ləvazimatlarından ibarət hədiyyə bağlamaları göndəriləcək. Qeyd edək ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vaxtaşırı Azərbaycanda sosial yönümlü layihələr həyata keçirir, müxtəlif xeyriyyə aksiyaları təşkil edirlər.

 

İsveçrədəki soydaşlarımız Azərbaycan əsgərlərinə minnətdarlıq məktubu yazıblar

 

İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyi 44 günlük Vətən müharibəsi dövründə müxtəlif aksiyalar keçirməklə xalqımıza və ordumuza dəstək göstərib. Birliyin sədri Arzu Əliyeva bildirib ki: “Aksiyalardan biri də “Asan Xidmət”in başladığı “Əsgərə Məktub” kampaniyası çərçivəsində Azərbaycan ordusunun əsgər və zabitlərinə məktub yazmaqdan ibarət olub. İsveçrənin Sürix, Cenevrə, Lozanna, Bern, Bazel şəhərlərində yaşayan soydaşlarımiz səngərlərdə düşmənlə üz-üzə dayanan, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda fədakarlıqlar göstərən igid oğullarımıza məktublar yazaraq, onlara sevgi və minnətdarlıqlarını bildiriblər, hər zaman əsgərləri düşündüklərini vurğulayıblar”.

Aksiyaya qatılan azərbaycanlı uşaqlar əsgərlərimizə sevgilərini çəkdikləri müxtəlif rəsmlərlə ifadə ediblər. Məktubları alan əsgərlərimiz İsveçrədəki həmvətənlərimizə təşəkkür ediblər.

 

Diasporumuz Azərbaycan Ordusuna və mülki əhaliyə yardım göstərir

 

Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan həmvətənlərimiz, diaspor təşkilatları Ordumuza dəstəyi özlərinə mənəvi borc hesab edirlər. Xaricdəki soydaşlarımız bu günlər mülki əhaliyə yardımlar göndərirlər. Almaniyada yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı diaspor fərdləri hərbi geyim və tibbi ləvazimatı, Türkiyədəki Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar müxtəlif zəruri məhsullardan ibarət 2,3 ton humanitar yardımı, Ukrayna Azərbaycanlıları Konqresi 10 ədəd əlil arabası göndərib. Bundan başqa, Rusiyada fəaliyyət göstərən “Azərbaycan-Ural” Sverdlovsk Azərbaycanlılarının İctimai Təşkilatı Sverdlovskda yaşayan soydaşlarımızın adından 2 ədəd “Dermatom” cərrahi aparatını və onun əlavə ehtiyat hissələrindən ibarət dəsti komitəyə çatdırıb. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar şəhid ailələrinə yardım və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna böyük məbləğdə ianə köçürüblər. Komitə xaricdən gələn yardımların ehtiyacı olanlara çatdırılması üçün aidiyyəti qurumlara təhvil verib. Diasporumuzun Ordumuza, cəbhəyanı zonada yaşayan mülki əhaliyə, erməni terrorundan zərər çəkənlərə yardımları davam edir və Dövlət Komitəsinə hər gün bu məqsədlə yüzlərlə müraciət daxil olur.

 

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək

 

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da ordumuza ciddi dəstək verdiyi, əsgərlərimiz, dövlətimizlə həmrəylik sərgilədiyi müşahidə edilməkdədir. Şanlı Azərbaycan ordusuna daha bir dəstək Odessa azərbaycanlıları və Ukrayna Azərbaycanlıları Konqresinun Odessa Vilayət Təşkilatı tərəfindən göstərilib. Odessadakı soydaşlarımızın yığdığı vəsait hesabına alınan ərzaq və qeyri-ərzaq məhsulları ordumuza təqdim edilib. Kampaniya ilə bağlı maraqlı nüanslardan biri də orduya dəstək kampaniyasında azyaşlıların da həvəslə iştirakı ilə bağlıdır. Belə ki, kampaniya əsnasında Azərbaycan ordusu ilə həmrəylıik sərgiləyən soydaşlarımızdan biri də 9 yaşlı Əlimurad Tağıyev olub. Hansı ki, bu faktın özü uşaqlı-böyüklü xaricdəki bütün soydaşlarımızın Azərbaycan ordusunun, Azərbaycan dövlətinin yanında olduğunu göstərir.

Xaricdə yaşayan soydaşlarımız ruhu daim Vətənlə bağlıdır

 

Biz bu yazımızda sadəcə bir neçə diaspora təşkilatımızın adlarını sadaladıq. Halbuki, bu növ təşkilatların sayı yüzlərcədir. Onların hər biri çalışır ki, Vətən qarşısında övlad borclarını yerinə yetirsinlər. Qürbətçi soydaşlarımız bütün bunlarla yanaşı, 2021-ci il üçün bir sıra geniş tərkibli ideyaları həyata keçirməyi düşünürər. İndi dünyada “güclü erməni diasporu” mifi tamamilə iflasa uğrayıbdır. Çünki, erməni cəmiyyətinin vahid komanda ilə çıxış edə bilmək problem ilə üz-üzə qalması dilemması yaşanılır. İrəvan hökuməti bu gün ya demokratiyanın- Qərbin, ya da despotizmin-hərbi xunta rejiminin  yanında yer almaq zorundadır. Demokratik dünya İrəvanda nələrin baş verdiyini indi sadəcə müşahidə edir. Bununla yanaşı, erməni diasporundan Ermənistana dəstək kimi humanitarian da qarşısı kəsilibdir. Böyük dövlətlər Yaxın Şərqdə terrorizm necə aradan qaldırılması və qanunsuz silah bazardında “qara dəlik” status ilə tanınan bir sıra ölkələrdə gerçəkdən dəyişikliklər istəyirlər. Həmin “qara dəlik” mənbələrindən biri də Ermənistan olmuşdur. İrəvan rejiminin təkləndiyi dönəmdə Azərbaycan diaspora təşkilatlarının ölkəmizdə dinc quruculuq işlərində iştirak etməsi, azından bu prosesə dəstək verməsi dünyanın hər yerində təqdir olunan vacib şərtlərdən biri kimi görülür.

Biz inanırıq ki, 2021-ci il məhz bu axarla müşahidə olunacaqdır. Azərbaycanın daxili və xarici aləmində dünya azərbaycanlılarının vahid milli konsepsiya ilə addım atması  tariximiz üçün yeni mərhələnin başlanğıcıdır.

 

“Hürriyyət”