Millətin mənəviyyatına qənim kəsilənlər…

333

Boyunlarından “Müqəddəs Anna” ordeninin qırmızı minalı xaçını as­mağı nəinki özləri, hətta nəsilləri üçün də şərəf bilirdilər…

Üç-dörd kəlmə deyəcəyəm, yenə də başlayacaqlar mənə nifrin yağdırmağa ki, adə qoymayın bu filan-filan olmuş bizim kişiliyimizə şəkk gətirir. Amma susan deyiləm, millətin qeyrətli oğulları canlarından keçib torpaqları azad etdilər. Şəhadətə çatanların sayəsində xalq qəddini dikəltdi! Amma nə gördük? Xirosimodan, Stalinqraddan beşbetər günə salınmış məskənləri, həqarətə məruz qalmış əzizlərimizin məzarlarını…

Əlimdə ixtiyar olsaydı, uzun illər ərzində Rusiya şəhərlərində, bazarlarında ermənilərlə iş birliyi qurub, alver edən, onlarla heç bir şey baş verməmiş kimi yeyib-içən vələdüzinaların beş-altısını boğazlayıb gətirərdim və Ağdamın xarabazarlığını göstərib deyərdim, baxın, yaxşı baxın, əgər bundan sonra da ibrət almayacaqsınızsa, Allah bəlanızı versin!

…Fani dünyadan köçməyimə az alıb, amma elə vaqiələrin şahidi olmuşam ki, nə qədər çalışıramsa unuda bilmirəm. Məmləkətin tən yarısının düşmən əlinə keçməsində, on minlərlə insanın həlak olmasında günahkar olanlar hələ də sağ-salamat gəzirlər. Dünyadan rehlət aparanlarla  işim yoxdur, onlar sağ olanda, müxalifət mətbuatı tufan qoparanda, heç kimdən çəkinmədən, qorxmadan sözümü demişəm. Həyat dediklərimin, ittihamlarımın doğruluğunu təsdiq etdi.

Dünən Heydər Əliyevin üzərinə ləyən-ləyən çirkab atanlar ermənilərin beli qırılandan sonra İlham Əliyevin hüzurunda amadə durmağı yeddi arxaları üçün şərəf sayırlar. Növbəyə duran məddahların sayı-hesabı yoxdur…  Niyə də durmasınlar, heyif deyil Milli Məclisin kreslosu, nəinki özünə, hətta qohum-əqrəbalarına da heç yerdə “yox” demirlər, çörək dərdi çəkmirsən, istədiyin ölkəyə başmaq seyrinə çıxırsan. Artıq icazə verilib, kefin nə qədər istəyir ermənini söy, amma ruslardan çox da söhbət açma, Asim Mollazadədən, Rasim Musabəyovdan, Aydın Mirzəzadədən, Elman Nəsirovdan və digər gülməşəkər dil pəhləvanlarından ünvansız tənqid etməyi, ütülənmiş cümlələrlə danışmağı öyrən. Milli Məclisə birdəfəlik “propiska” olmuş Fazil Mustafa  qoy sənin üçün örnək olsun. Bütün telekanallar bu kişinin gül camalına, xətti xalına bir könüldən min könülə aşıqdirlər. Şəxsən mən ona heyran qalmışam, İlahi, adamda da bu qədər savad olar? Fazil ağa həqiqətdən, xilqətdən, hidayətdən danışanda Allaha yalvarıram ki, o, bu kişinin vücudunu millətə çox görməsin. Sübhanəkə!

 

İndi də tarixə baş vuraq

 

XIX əsrin birinci yarısında Azərbaycanda baş verənləri diqqətlə öyrənəndə Sovet hakimiyyəti zamanı saxtakarlığı, Moskva irticası qarşısında quyruq bulamağı özlərinə peşə etmiş alimi-biəməllərə nifrət edirəm. İlahi, bəni-Adəm də cəfakeş millətinin tarixini necə də çirkaba batırarmış!

Müstəqillik qazanandan sonra da əsl həqiqətləri açıb demirik. Aman Allah, birdən yazdıqlarımız filan titullu, arxalı-köməkli “akademikə” dəyər. Bizim manqurt tarixçilərimizin fikrincə, bu torpaqlara rus ayaq qoyana qədər bir əməli-saleh dövlət adamı olmayıb. Əmirlərimiz, xanlarımız cahil, arvadbaz, zalım, rəiyyətimiz mal-qara sürüsü, din xadimlərimiz də cəhalət zəbanələri…

Ən çox bəxti gətirməyən isə bizim dost-doğma Qacarlar xanədanıdır. Türk mənşəli, türk dilli sülalələrə fars şovinistləri o qədər nifrət bəsləmirdilər, nə qədər ki, bizim kommunist tarixçilərimiz.

Napoleon bütün Avropanı diz çökdürdü, qabağına çıxan olmadı. Rusiya isə müttəfiqlərinin köməyi sayəsində ona qalib gəldi. Məşhur Borodino vuruşundan sonra Rusiya ordusu iki ilə neçə-neçə ölkəni ayaqlayaraq Parisə girdi. Sözümün canı var, Napoleon kimi hərb dahisinə qalib gələn Rusiya Azərbaycanın şahzadəsi Abbas Mirzə ilə 20 il bacara bilmədi.

İqtisadi, hərbi imkanlarına görə Qacarlar dövləti Rusiyanın yanında heç nə idi. Nə əməlli nizami ordusu vardı, nə topxanası, nə də ağır sənayesi. Səfərbərlik elan olunanda da hər xanlıq ölüm-zülümlə beş yüz, ya da iki min atlı da çıxarsaydı, böyük iş idi. Abbas Mirzə Fransadan dəvət edilmiş bir neçə hərbi təlimatçının köməyi ilə iki alayı müasir dövrün tələblərinə uyğun qaydasına sala bildisə, amma Rusiya axırda qalib gəldi və dövlət çox böyük təzminat vermək məcburiyyətində qaldı. Alçaldıcı sülh şərtlərinə görə hansı xanlıqların Rusiyanın əlinə keçməsindən danışmıram. Bu işləri hamı bilir. Ağır məğlubiyyətlər də vardı, Rusiyanın hərb maşınının qarşısında durmaq müşkül məsələ idi.

Məni o yandırır ki, yetmiş il ərzində bu dağılmışın bir tarixçisi Azərbaycan türklərinin vuruşlarda göstrərdikləri şücaətlərdən bir kəlmə də yazmadı. Paskeviçin yüksək hərbi təlim görmüş yaxşıca da təchiz edilmiş say-seçmə hərbi dəstələrinə qarşı Laçın bəy Əlincə qalasının xarabalıqlarında yarım il vuruşdu!

Heç yerdən kömək almayan Laçın bəyin dəstəsi şəhid olmağı təslimçilikdən üstün tutdu. Bunların nəyi haqqında min əsatir uydurulmuş 300 spartalıdan əskik idi? Qərb dünyasının elə tarixçisi yoxdur ki, Laçın bəyin Əlincə şücaətindən, Səlyan valisinin kəndlilərə başçılıq edərək son nəfəsinə qədər ruslara qarşı çarpışmasından yazmasın. Bizim müstəmləkə tarixçiləri isə susdular, Necə yəni, ruslara qarşı vuruşanları tərifləmək olarmı?

 

Kiçik bir haşiyə

 

“Cavadxan” filmini hələ təzə-təzə nümayiş etdirirdilər ki, Əli Həsənovun əlaltılarından biri utanıb-qızarmadan bir neçə nəfərin yanında gül ağzını açdı:

  • Firuz müəllim, bu biabırçılıqdır, necə yəni Gəncə camaatı bu qədər rusu qırır? Bu bizim dövlətin siyasətinə ziddir… Heç belə şey olub? Bu kinonu çəkən ümumiyyətlə nə demək istəyir?

Prezident Aparatında oturmuş, özünü ideoloq sayan belə unikuma nəyisə başa salmaq avamlıq olardı. O, istehza dolu kinayəli baxışlarıma dözə bilmədi. Mabədini yazmıram.

 

Milli faciəmizin ikinci pərdəsi

 

Xanlıqlar bir-bir hüquqlarını itirib rus komendantlarının idarə etdiyi adi əyalətlərə döndülər. Səsini qaldırıb etiraz edənlər üçün beş cəza növü tətbiq olunurdu, ekzekusiya, yəni şallaqlamaq, sürgün, əmlakın büsbütün müsadirəsi, nəhayət ölüm!

Əgər hansısa mahalda, qəzada üsyan filan baş versəydi, çar məmuru, ya da hərbçi öldürülsəydi, oraya kazak bölüyü göndərilirdi. Bu, müsəlman əhalisi üçün ölümdən beşbetər idi. kazaklar qeyri-pravoslav xalqlara nifrətlə baxırdılar. Üsuli-idarənin ən sadiq zərbə qüvvəsi hesab edilən Kazak bölmələrinin hər cür imtiyazları vardı. Onların sözlərinin üstünə söz qoyan olmazdı. Üç aya, ya da yarım ilə mahala göndərilmiş kazak camaatın başına oyun açardı.

Sovet hakimiyyəti illərində ça­rizmi mütəmadiyən tənqid edən ta­rixçilərimiz nədən danışsaydılar, belə məsələləri açıb-ağartmazdılar, Allah eləməsin, milli münasibətlər pozula bilər… “Postoy”a göndərilmiş kazak bölüyü yerləşdiyi məntəqədə hakimi mütləq sa­yılırdı, binəva müsəlman kəndliləri­nin nəinki arpa-buğdası, mal-qarası, hətta gözəgəlimli qız-gəlini belə kazakların “halalca” malına çevri­lirdi. Şikayət etməyə yer də yox idi… Üsyana qalxanlar, qisas na­minə dağlara, meşələrə üz tutanlar amansızcasına, məhkəməsiz-zadsız məhv edilirdilər. Beləliklə aylar, illər ötür, heysiyyəti tapdanmış xalq tədricən taleyilə barışırdı. Qərinlər keçdisə, amma 1917-ci ilə kimi mündirinin metal düymələ­ri parıldayan adi bir məmurun kən­də girməsi bəs idi ki, hamı acizanə tərzdə baş əyib “Ay yaranal, sənə canımız qurban!”, “Amanın günü­dür, qırma bizi!” deyə yalvarardı. Xanzadə, bəylik şəhadətnamələri ala bilmiş, rus imperatoruna can-başla qulluq edən kübarların isə dünya veclərinə deyildi. Neçəsi boyunlarından “Müqəddəs Anna” ordeninin qırmızı minalı xaçını as­mağı nəinki özləri, hətta nəsilləri üçün də şərəf bilirdi.

Amma hamı belə deyildi. Əsas mətləbə keçməmişdən əvvəl onu da deyim ki, 1906-cı ildə görkəmli ziyalı Əhməd bəy Ağayevin rəhbərliyi altında ya­ranmış zəhmli “Difai” təşkilatı ha­mıya sübut elədi ki, Azərbaycanın qeyrətli kübarı da, rəiyyəti də, din xadimi də var və bu mərd insanlar millət, din-iman uğrunda ölümün gözünə baxmağı bacarırlar. Bu təşkilat barədə hələ kifayət qədər  tədqiqat əsəri yazılmayıb. Amma sağ olsun Sabir Rüstəmxanlı, o böyük zəhmət çəkərək  “Difai” barədə sanballı bir əsər ortaya qoyub. Əlimdə ixtiyar olsaydı, onun comərd üzvləri, fəaliyyəti barədə dolğun, dəyər­li kitablar yazdırıb, orta məktəblər­də tədris etdirərdim.

“Difai” bizim tariximizdə yeganə təşkilat idi ki, millətimizə, dinimizə, imanımıza qənim kəsilənləri cəhənnəmə vasil edəndən sonra xüsusi intibahnamə yayaraq, məsuliyyəti üzərinə götürməklə həm də günahkarın bütün bəd əməllərini cəmiyyətə bildirirdi. Bu yeganə milli təşkilat idi ki, bütün Qafqazda müsəlman­lar ancaq ona inanır, ancaq ona kömək, əlac üçün müraciət gedirdi­lər. Bir neçə iri çinli, böyük vəzifəli çar məmuru və milli satqını məhv edildikdən sonra hökumət dairələri vahiməyə düşdülər. Həm çar poli­si, həm də silahlı daşnak təşkilatı­nın başçıları bilirdilər ki, Azərbay­canın kübarları namus, qan qisası­nı yerdə qoymayacaqlar. Onu da deyim ki, təşkilatın rəhbərliyində neçə-neçə məşhur din xadimi təm­sil olunurdu. Dar ayaqda məhz on­lar göz qırpmadan ölümə getdilər…

 

(Ardı var)

Firuz HAŞIMOV

***

İndi deyəcəyim sözlər bəziləri­nə qəribə gəlsə də, bu danılmaz həqiqətdir.  Çar jandarmeriyasının arxivlərində nələr yoxdur?! Məhz təkzibedilməz arxiv sənədələri əsasında biz hadisələr, fərdlər haqqında fikir yürüdə bilərik. Yet­miş il ərzində bolşevik ideoloqlar, hərbgü ateist tarixçilər, partiya fəalları daha o çirkab qalmadı ki, din xadimlərinin üzərinə atmasın­lar. Yazıçı və şairlər də onlardan geri qalmırdılar. Neçə nəsli inandı­ra bilmişdilər ki, Azərbaycanın din xadimləri içində qətiyyən əməli-saleh adam olmayıb. Molla, axund deyəndə hamının gözü qarşısına Şeyx Nəsrullah gəlir. Halbuki, qəri­nələr boyu istər güneydə, istərsə də quzeydə istiqlaliyyət və vətən uğrunda gedən bütün savaşlarda şəhadətə çatan din xadimlərinin sayı-hesabı yoxdur. Məğlub və məğmun olmuş milləti mənəvi iflasdan namuslu, qeyrətli, din xa­dimləri xilas edə bildilər, indi sözü­mün üstünə söz qoymaq fikrinə düşənlər unutmasınlar ki, tarixə maarifçilər kimi düşmüş böyük ziyalı dəstəsi nə etdisə, ancaq 20-ci əsrin 10-15 ili ərzində etdi, yenə  buna da şükür. Din xadimləri isə mübarizəni çoxdan başlamışdılar, hərbgü “Allahsızlar  ittifaqı” hakimiyyətə arxalanaraq millətin tarixini, keçmişini məhv edəndə ən dəhşətli zərbələri elə onlar aldılar. İndi bizim qürur mənbəyimiz əlyazmalar fondumuzdakı sərvətlər məhz din xadimlərinin zəhməti sa­yəsində sağ-salamat bizim günlə­rə gəlib çıxıblar. El-oba içində nü­fuz və hörmət qazanmış axundlar, şəcərəli seyidlər təqibləri, həbsləri gözlərinin altına alaraq minlərlə ziqiymət əlyazmanı, kitabı məhvdən, yandırılmaqdan qorudular. Din xa­dimlərimizin hamısı bizim danabaş alimnümaların dediyi kimi mürtəce və nadan deyildi. Müsəlmanların getdikcə zəlil,  keçmişindən bixəbər məzlum rəiyyətə dönməsini bi­rinci olaraq məhz namuslu din xa­dimləri başa düşüb duymuşdular. 18-19-cu əsrlərdə Rusiya imperi­yasında baş vermiş bütün müsəl­man üsyanlarının ilhamçıları və rəhbərləri  cəfakeş din xadimləri idi. Bu faktı dananlar elmdən tam bixəbər adamlardır.

Azğın pristavların, gecə-gündüz sərxoş olan mahal rəislərinin, adi uryadnikin özbaşınalığından boğaza yığılan Azərbaycan kəndli­si ya da fəhləsi öz doğma bəyin­dən, ağasından çox nadir hallarda insani münasibət görürdü. İngilis lordu lakeyə, ya da qulluqçuya “Con, xahiş edirəm, nahar tədarükü gör!” deyirdisə, bizim bəy isə işi düşəndə bağırırdı: “Adə, a gədə, itin balası, apar bu çuxanı dəyişdir. Bir də be­lə qələt eləsən atanı gordan çıxararam!”.. Təhqir olunan, əzilən insanların yeganə tə­səlli yeri məscid, dərdlərini ovunduran isə misilsiz mərsi­yələr, növhələr və hələ də cırlaşmamış bakirə mənəvi irs, göz bəbəyi kimi qorunan, ver­gülünə, nöqtəsinə riayət edi­lən müqəddəs adət-ənənələr idi. Silah gücünə ram edilmiş milləti, müsəlmanı onun ziqiymət mənəvi irsi sınmağa qoy­murdu. Bu dövrdə yazılmış mərsiyələrin, növhələrin, “sinəzən” adlanan əşarın hər

beyti qan ağlayır, od püskürürdü. Mən hələ ən daş qəlbli insanı belə yerindən oynada bilən, qəsidələr­dən, “məclis”lərdən danışmıram.

Bəli, bir tərəfdən mütərəqqi din xadimləri, digər tərəfdən də şərəf əzabının nə olduğunu bilən, əc­dadlarının şanlı keçmişini hələ də unutmamış, amma sayca olduqca az əsilzadələr, təzə-təzə baş qal­dıran milli kapitalist  zümrəsi əl-ələ verərək, xalqın dadına çatdılar. M.Ə.Sabirin qələmindən çıxmış bu mərsiyəyə fikir verin, diqqətlə oxu­yun, özünüz nəticə çıxarın:

 

Aldı düşmən səndən də kam,

Pamal olmuş bütün İslam!

Gözünü aç, bax, ey ağam,

Bizi tapdar üdvan Əli,

Qoyub bizi ətşan Əli!

 

İslam olmuşdur payimal

Qəlbim olmuşdur pürməlal

Islama yetmişdir zəval

Əyağa dur, oyan Əli!

Tapdar bizi cahan Əli!

 

Çağır baban etsin əlac

Üdvan qoyubdur bizi ac,

Şahzadəsən qoy başa tac.

Olmuş gəda sultan Əli,

Qövmü-üdvan aman Əli!

 

Onda da yırtıcılar, əyyaşlar, xaçpərəstlər qarşısında quyruq bu­layanlar kifayət qədər vardı. Am­ma əməli saleh adamlarla müqayi­sədə bunlar çox az idilər, el tənəsi, ümumxalq qınağı imkan vermirdi ki, belələri qol-qanad açsın. Cə­miyyətdə pak, imanında sabitqə­dəm olanlar üstünlük təşkil edirdilər. Hacı Zeynalabdin Tağıyev kimi adamın mülkü titulu general-leytenanta bərabər sayılırdı, mən daha onun sərvəti- samanından danışmıram. Elə bir kişi, hamının millət atası saydığı bu böyük şəxsiyyət ölənə qədər başında ən aşağı tə­bəqənin geydiyi papağı gəzdirirdi. Bununla be­lə Mirzə Cəlil rəhmətlik Hacını də­fələrlə tənqid atəşinə tuturaq, onun karikaturasını jurnalında ver­mişdi. Din xadimlərindən danışırıq… İndi isə məqaləmi şahidi və iştirakçısı olduğum bir əhvalatı nəql etməklə bitirmək istəyirəm.

1989-cu il payızı təzə-təzə qədəm­lərini Bakıya qoyurdu… “Azadlıq” meydanında hər iki gündən bir mi­tinqlər gedirdi, indi unutmuşam, bilmirəm nə üçünsə ruhanilər ida­rəsinə getmişdim. Şeyx cənablarını soruşdum, dedilər ki, idarənin balaca həyətində qonaqlarla çay içir. Məni dəvət etdilər, içəri girib əlimi döşümə qoyaraq Şeyx cənablarını sa­lamladım. O salamımı mehribanlıq­la (biz çoxdan tanış idik, aramızda da həmişə səmimi münasibət var­dı) aldı və oturmaq üçün yer gös­tərdi. Mən ona hörmətlə cavab verdim:

  • Şeyx cənabları, müsaidənizlə hüzurunuzda ayaq üstə duraram, vaxtınızı çox almaq istəmirəm… Cavabım onun xoşuna gəldi, gü­lümsündü və yanındakıları mənə təqdim etdi: – Yoldaşlar bizim Okt­yabr rayonunun və “qorkomun” məsul işçilərindəndir, şəhərdəki bu qeylü-qalla bağlı yanıma gəliblər…

Açığını deyim ki, partiya mə­murlarının çox biədəb tərzdə plast­mas kreslolarda yayxanıb oturma­ları, qıçlarını ağayana tərzdə bir-bi­rinin üstünə aşırmaları məni əsəbləşdirdi. Söhbətimiz çox çəkmədi, vidalaşmaq istəyirdim ki, partiya məmurlarından biri istehza ilə so­ruşdu: – O meydanda yığışmaqla heç nə edə bilməyəcəksiniz. Parti­ya var, o da hər şeyi qaydasına qoyacaq. Daha nə istəyirsiniz?

  • Biz çox şey istəyirik, amma indi bir arzumu sizə deməliyəm. Ermənistanda istər nazirlər soveti­nin sədri olsun, istərsə də, lap Mərkəzi Komitənin katibi, katalikos Vazqenin qəbuluna düşmək üçün neçə gün əvvəl xəbər verirdilər, onun icazəsini mütəcəsinə gözlə­yirlər. Biz də istəyirik ki, hər kiçik məmur gəlib Qafqazın Şeyxinin hüzurunda ayağının birini o birisi­nin üstünə aşırıb saymazyana oturmasın. Ona hörmət eləmirsə, müsəlmanları vecinə almırsa, heç olmasa başındakı əmmaməyə hör­mət qoysun…

Partiya məmuru qıpqırmızı qı­zardı və daha dillənə bilmədi, indi bilmirəm bizim hörmətli şeyx cə­nabları bu əhvalatı, xatırlayır, ya yox.

Bakı küçəklərində rus bayrağı niyə dalağalanmalıdır?

Televizorda Rusiyanın hansı kanalına baxsan eyni xəbərləri eşidirsən, filan aerodromdan qalxmış təyyarələr Stepanakertə bu qədər humanitar yardım aparmışdır. Özü də maraqlıdır ki rus diktatorlar sanki bizlərə acıq verərək hər dəfə “respublika” sözünü işlədirlər. Gəlin özümüzü aldatmayaq Laçın koridoru faktiki olaraq rusların nəzarəti altında ermənilərə işləyir. Oradan gündə nə qədər qüvvənin ora-bura getməsindən bizim xəbərimiz yoxdur. Təyyarələrlə daşınan canlı qüvvəyə, silaha nəzarət edə bilmirik. Özü də tez-tez xəbər verirlər ki, artıq əmin-amanlıqdır, ermənilər qayıdırlar. Orada geri qayıdan əbləhlərdən müsahibə də alırlar. Məni isə şəxsən təhqir edən Bakı küçələrində rus bayraqlarının dalğalanmasıdır. Özü də bu rəzaləti belə sözlərlə ört-basdır etməyə çalışırlar, bəs, heç demə respublikada olan rus icması bizimlə həmrəyliyini bildirmək istəyir. Əvvəla, bu icmaya daxil olan, ya da heç onun rəsmi üzvü sayılmayan ruslar Azərbaycanın tam hüquqlu vətəndaşlarıdırlar. İkincisi, onlar lap yaxşı bilirlər ki, Rusiya bizim qanlı düşmənimizin arxasında həmişə durub, onu silahlandırıb, bizim dədə-baba torpaqlarımızda erməni dövləti yaradıb. Azərbaycanın vətəndaşları olan ruslar çox gözəl bilirlər ki, istər 20-ci ilin Gəncə qırğınını, istər Yanvar qətlamını və Xocalı dəhşətini hansı millətin nümayəndələri törədib. Xocalıda əgər ermənilərin sayı bir rota qədər olubsa, rusların sayı bütöv bir alay olub.

Ən avam adam da bilir ki, Azərbaycanda bütün fitnə-fəsadı törədən, ideoloji təxribatı, “beşinci kolonnanı” idarə edən Moskvanın sadiq nökərləridir. Təəssüflər olsun ki, bu müdhiş şəbəkənin nəfəsi hələ gedib-gəlir.  İki əsrlik müstəmləkə siyasəti, həyasız assimilyasiya, azərbaycanlının öz doğma torpağında “spekulyant”, “baran”, “çuşka” sözləri ilə daima alçaldılması və s. biabırçı olaylar az imiş kimi torpağının yarısı xarabazara dönmüş məmləkətdə Rusiya bayrağının küçələrdən keçirilərək Şəhidlər xiyabanına aparılması xalqı qəsdən təhqir etməkdir.

Camaat həmişəki kimi arsızlığını, laqeydliyini göstərdi. Bayaq ərz elədim ki, Azərbaycanda yaşayan ruslar bizim tam hüquqlu vətəndaşlarımızdır. Belə olan təqdirdə onların Rusiyanın dövlət bayrağını küçələrimizə çıxarmaları yol verilməzdir.

Bunu özləri bilməmiş deyillər. Sadəcə olaraq rus harada olursa olsun xislətinə sadiqdir. Həm də bilirlər ki, Azərbaycanda bundan da beşbetər həngamələr baş verib, amma yerli camaatın halı heç təğyir də tapmayıb.

Bəziləri etiraf edərlər ki, bəs nə cür olur bizim diaspora Avropanın küçələrinə bayrağımızı çıxarır piket filan təşkil edirlər. Bizim o ölkələrlə heç vaxt düşmənçiliyimiz olmayıb və onlar da bizlərə qarşı heç bir məsələdə iddiaçı olmayıblar.

Firuz Haşımov