MİLLƏTİN FACİƏVİLİYİ

96

Bəli, düz oxumusunuz! Faciəsi yox, faciəviliyi! Millətin faciəsi kənardan gəlmə və ya daxili rejimin əzmə fəaliyyəti nəticəsində olur. Faciəvilik isə onun özündən, öz təbiətindən gəlir. Məsələ burasındadır ki, bəzən bir millət eyni vaxtda hər iki bəlanın içində olur. Məsələn, bizim kimi.

“Çörək və şokolad” adlı bir italyan filmi var. Ötən əsrin 60-70-ci illərində çəkilib. Mən onun barəsində əvvəllər də danışmışam. Çünki bir çox ölkələr üçün demək olar ki daim aktualdır.

Bir italiyalı pul qazanmaq üçün qonşu İsveçrəyə gəlir və ofisiant işləməyə başlayır. Aydındır ki, ofisiantlığın özü də çox az adam şəxsiyyətinə sığışdırır. Lakin başqa iş bacarmayan italiyalı buna qane olur. Təbii ki, pis qazanmır da. Çünki İsveçrədə ən kiçik bir iş sahibi də İtaliyada böyük iş sahibi qədər və bəlkə də daha artıq qazanır. Amma məsələ bundadır ki italiyalı bu ölkədə öz hərəkət və davranışlarında addımbaşı səhvlər buraxır və nəticədə neçə aydan bəri topladığı qazancını itirir. Gülünc və təhqiramiz situasiyalara düşür. Hamısı da öz milli mentaliteti, italyan xarakteri ucbatından. Axırda elə bir günə düşür ki, istər-istəməz qatara minib zəhləsi getdiyi vətəninə, vətəndaşlarının yanına qayıtmağa məcbur olur. Qatara minir və saysız tunellərin birində qatar gözdən itir. Və italiyalı vaqonda həmyerlilərinin yenə dözülməsi çətin olan davranış və vərdişləri ilə rastlaşmalı olur. Lakin budur, tamaşaçı bir də nə görsə yaxşıdır? Bir nəfər dəmiryol tunelindən çıxıb yavaş-yavaş yenə İsveçrəyə tərəf gəlir. Bu İsveçrədən qaçmağa məcbur olan həmin bizim qəhrəmandır.

Və deməli  vətənində  vəziyyət, insanlar, münasibətlər – bir sözlə, həyat necədir ki, italiyalı addımbaşı irqi naqislik ucundan təhqir olunduğu ölkəyə qayıtmalı olur.

Bəli, gəldik əsl mətləbə. Keçən əsrin yenə həmin illərində Azərbaycanda yeni bir musiqi aləti göründü: Gözəl, zərif, qüssəli kanon. Onu İrəvandan Bakıya dəvətlə gələn 28-30 yaşlarında bir qız, bir gənc qadın – Asya Tağıyeva gətirmişdi. Yəqin ki, İrəvan filarmoniyasının bu solistini qeyd etdiyimiz kimi Bakıya xahişlə dəvət etmişdilər. Və o da xalqının musiqisini daha da zənginləşdirmək, şöhrətləndirmək üçün xahişi qəbul edib Bakıya köçmüşdü. O dərs deyib, çox qısa bir müddətdə çoxlu kanonçalanlar yetişdirmişdi. Və özü də arabir solo konsertlər verdi.

Biz tanış idik. Mən onun barəsində radioya xüsusi bir yazı yazmışdım və çox xoşuna gəlmişdi. Arabir rastlaşanda söhbətləşərdik. Və dörd-beş ildən sonra yenə rastlaşanda dedi ki bəs, Yerevana – filarmoniyaya, dirijor Antunyanın orkestrinə qayıdır. – Niyə? – deyə təəccüblə soruşanda başını yırğalaya-yırğalaya dedi ki, nə qədər səbr etdim, dözdüm, mümkün olmadı. Addımbaşı sataşır, sıxışdırır, təzyiq edirlər. İncitmələr ərşə çıxıb.

Və doğrudan da az sonra eşitdim ki, Azərbaycanda kanon ifaçılığının anası dahi kanonçalan, gözəl bir azərbaycanlı xanım Bakını İrəvanla dəyişməyə məcbur olub.

Bəli, cənab məddahlar, millət naqqalları. Görün bizdə musiqiçilər arasında ifaçı vətənini qoyub ona yad olan, hətta düşmən olan ölkəyə pənah aparır.

Doğrudur, sonralar Azərbaycan-Ermənistan konflikti başlayanda təbii ki, Asya Tağıyeva İrəvanda qala bilməzdi. Köçüb həmişəlik Bakıya gəldi. Amma artiq ifaçılıq dövrü keçmişdi. Yaxşı ki, ona nəhayət 2009-cu ildə əməkdar artist fəxri adını verildi.  Və bu gözəl, mehriban, dahi kanon ifaçısı 2011-ci ildə ildə dünyasını dəyişdi…

Bəli, bizə Mircəfər Bağırov kimi ədalət qılıncı lazımdır, yoxsa  bütün istedad sahiblərimizi bu cür kədərli bir tale gözləyir.

 

                                                                                            Əlisa  NİCAT