Millətimizi təhqir edənlər cəzasız qalıblar

318

…Əgər belə vaqiə Ermənistanda baş versəydi, ermənilər qəhrəmanlarını təhqir edənin torpağını torba ilə daşıtdırıb, özünü də ilim-ilim itirərdilər

 Hörmətli redaktorum dəfələrlə məndən xahiş edib ki, məqalələrimdə təhqirə yol verməyim. Çünki qəzetin onsuz da əskisi tüstülüdür, bədxahlara da bir bəhanə lazımdır ki, nəyəsə ilişib onu məhkəməyə çəkib incitsinlər.

Belə oyun başıma gəlib, fırıldaqları, yaltaqlığı ilə ad çıxarmış bir mənhusu qəzet səhifələrində rüsvay etdim. O isə Ramiz Mehdiyevin köməyi ilə məsuliyyətdən yaxasını qurtardı, cərimələnən, 20 ay hətta dərmana da pul tapmayan mən oldum. Bir dəfəlik onu da bildim ki, nə qədər, Ramiz Mehdiyev – Əli Həsənov şəbəkəsi bu ölkədən süpürülüb qırağa atılmayıb, hakimlərdən nə desən gözləmək olar. Bu dəqiqə ittihamımı sübut edim.

Mübariz kimi igidin xatirəsinin bir şərəfsiz tərəfindən təhqir edilməsini unutmamısınız ki? Sosial şəbəkələrdə qəzəbini bildirənlər kifayət qədər vardı. Amma şərəfsizi məhkəməyə verən tək bircə yaralı qazı oldu! Nə Anarın qoşun-ləşkərindən, nə il on iki ay türkçülükdən vəzzəriyat oxuyan bekarlardan, nə də teleməddahlardan səs-səmir eşidilmədi. Həftələr, aylar ötdü bizim biqeyrətlər işi süründürməyə saldılar, artıq hiss olunurdu ki, bu yuxarıdan gələn əmrdir, yəni, zilə qalxmayın. Mən yeriyə bilməyən qoca düz dörd dəfə Xətai rayonu məhkəməsinə getdim, istədim öyrənim, axı hansı məmur bu şərəfsizi qoruyur. Heç nə öyrənə bilmədim, hər dəfə məhkəmə binasından kor-peşman qayıtdım. Nəhayət, onu eşitdim ki, məhkəmə işə baxıb və hamının tanıdığı bu şərəfsiz üçün çox yüngül “cəza” verib.

Dözə bilməyib qəzetdə yazdım ki, əgər belə vaqiə Ermənistanda baş versəydi, ermənilər qəhrəmanlarını təhqir edənin torpağını torba ilə daşıtdırıb, özünü də ilim-ilim itirərdilər. Mən hələ Qafqazın başqa xalqlarından danışmıram.

… Ali Baş Komandan kişi kimi vədini yerinə yetirir, ermənilər it kimi Qarabağdan qovulurlar. Bayrağımız bütün Qarabağ üzərində dalğalanır. Qələbə rəsm keçidi təyin edilir, doğmaları, əzizləri şəhid olmuş insanların dərd və ələmləri üçün bu təskinlik idi. Küçələrdə qürurla yeriyən əsgərlərimizə, texnikaya, düşməndən alınmış hərbi qənimətlərə sevinclə baxan soydaşlarımızın üzlərindən sanki nur yağırdı. Şəhidlərin yad edilməsi xatirinə bütün respublikada bir dəqiqəlik sükut elan olunur…. Nə saatlar, nə günlər unudulası deyil… Elə bu anda bir nacins eybəcər hərəkətini sosial şəbəkədə nümayiş etdirməklə bütün milləti təhqir edir.

Fikir verin, xalqın mənəviyyatına, ən müqəddəs nəsnələrinə qənim kəsilənlər əvvəlcə bir zinadan törəyənin dili ilə Mübarizi, sonra da heç iki il keçməmiş bütün millətin hüznünü başqa bir pozğunun əməli ilə təhqir edirlər. Redaktorumun tövsiyəsini nəzərə alıb bu iki zinakar üçün fahişə sözünü işlətmirəm.

Niyə? Ona görə ki, tarixdən bizlərə məlumdur, istər miladdan əvvəl, istərsə də orta əsrlərdə müharibə vaxtı düşmən doğma şəhərə soxulanda eyş-işrət yerlərində bədənlərini satmaqla çörək qazanan qadınların çoxu müdafiəçilərlə çiyin-çiyinə vuruşublar.

Azərbaycan xalqı da düşmənlə ölüm-dirim savaşına qalxanda, onun igidlərinə hörmət etməyən, şəhidlərinə həqarətlə yanaşan murdarlar üçün adi fahişə sözünü işlətmək də günahdır. Bu murdarlar həmin sözdən də qat-qat aşağıda dururlar. Ən böyük dərd həmişə dediyim kimi biganəliyimiz və arsızlığımızdır.

Danışıqlarını bilməyən bu məxluqların çox yəqin ki, qonum-qonşuları, qohum-əqrəbaları var, mən hələ onların birgə işlədikləri kollektivlərindən danışmıram. Yəni bu qədər insanın içindən iki nəfər də tapılmayıb ki, onların üzünə tüpürsün? Qurana and içməyə hazıram ki, başqa məmləkətdə belələrini işlədikləri yerdən iti qovan kimi qovardılar. Şəxsən mən çox istərdim ki, bizim müvafiq orqanlar araşdırsınlar, bu əblahanə fitnəkarlıq üçün kimlər pul buraxıb. Yüzə yüz faiz əminəm ki, burada pulsuz iş aşmayıb…

…Qələbə rəsm-keçidi bütün ağrılarımı, əzab-əziyyətimi unutdurdu! Yadıma bütün arzuları gözlərində qalmış 40-50 il bundan əvvəl dünyadan köçmüş məslək, əqidə dostlarım düşdü, göz yaşlarımı dayandıra bilmədim.  Türkiyənin prezidenti əziz Ərdoğanın Mübarizi şəhidlər sərdarı adlandırması, Əhməd Cavadı yad etməsi hamını duyğulandırdı.

Bu unudulası gün deyil! Kimin ağlına gələrdi ki, Bakıda müstəqil Azərbaycanın qalib əsgərləri türk qardaşları ilə bir yerdə qürurla addımlayacaq. Osmanlı marşının, “Heyratı”nın sədaları asimana qalxacaq. Cürətlə deyə bilərəm ki, hörmətli Ərdoğanın belə bir gündə, belə əzəmətli rəsm-keçidin başladığı meydanda Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın adlarını çəkməsi xudavəndi-aləmin hökmü idi. Açın Əhməd Cavadın kitablarını diqqətlə oxuyun, görün “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm!” deyən bu cəfakeş 1917-1919-cu illərdə nə yazıb. “Haqq nazilər, amma üzülməz” sözü həmin gün bir daha təsdiqini tapdı.

Bütün millət tərəfindən sidq-dillə alqışlanan Ali Baş Komandanın və onun müzəffər ordusunun olduğu meydanda türk dünyasının birinci düşməni Stalinin qarşısında səcdə edərək, xalqımızın qatillərinə mədhiyyələr yazmış ordenli S.Vurğunun adı çəkilə bilməzdi. Türkçülüyün təntənəsi naminə özlərini şam kimi əritmiş Nuru paşaların, Ənvər paşaların, şəhidlər sərdarı Mübarizin, Azərbaycan gəncliyinin milli şüurunun formalaşmasında müstəsna rol oynamış Bəxtiyar dünyası hara, Əhməd Cavada, Cavidə xalq düşməni demiş bolşevik məddahı hara.

Belə günlərdə lüzumsuz məddahlıq heç kimə gərək deyildir

Ayın 12-i ulu öndər Heydər Əliyevin anım günü idi. İnsafən, gözəl kliplər, sənədli qısa metrajlı filmlər göstərildi, mənalı çıxışlar eşitdik. Məni ən çox hövsələdən çıxaran iki çıxış idi. Müstəmləkə ədəbiyyatının tanınmış simalarını mədh eləməkdə yaxşı təcrübə qazanmış Flora xanım Xəlilzadə ekranda görünəndə bildim ki, bu gün də heç kimin ağlına gəlməyən sentensiyalar eşidəcəyik. Elə də oldu… Xanım Heydər Əliyevin xidmətlərindən o ki var danışdı və axırda onun orqanların qəzəbinə gəlmiş Bəxtiyar Vahabzadəyə, Xəlil Rza Ulutürkə Anara(!!) kömək əlini uzatmasını dilə gətirdi!

Mən dəfələrlə ağızlarına gələni yazanlara müraciət etmişəm ki, barələrində danışdığınız şəxslər, orta əsrlərdə yaşamayıblar. Əksəriyyətimiz çoxlu hadisələrin şahidiyik, camaatı dolayıb özünüzdən dastanlar uydurmayın.

Anar göz açandan nə çörək, nə ev, nə də iş dərdi çəkməyib. Yazılarını da çap etdirmək üçün o dövrün redaktorlarının qapılarında müticəsinə durmayıb. Sovet hakimiyyətindən hər cürə ənam almış Rəsul Rzanın oğluna kimin hünəri vardı yox desin? Zəif ssenariləri əsasında filmlər çəkilib, tamaşalar qoyulub, nə dillənən olub, nə danışan. İstədiyi yerə başmaq seyrinə çıxıb, istədiyi yerdə istirahət edib. Flora xanım ondan niyə əzabkeş mübariz düzəldir, bilmirəm.

Yarım  əsr olar ki, mətbuatda millətin maddi-mədəniyyət abidlərinin qorunmasına aid yazılarla çıxış etmişəm. Hərb sənət tarixindən, klassik musiqimizdən, miniatür sənətindən, xoreqrafiyamızdan yazmışam. Tək-tük qeyrətli kişilər də imkan daxilində mənə səs veriblər. Amma əlli il ərzində bir dəfə də olsun Anar ağa səsini çıxarmayıb. Axı bu adam nə edib ki, DTK-nın qəzəbinə gələydi və Heydər Əliyev işini-gücünü buraxıb onunla məşğul olaydı?

… İndi də rəhmətlik Bəxtiyar Vahabzadədən danışaq. Onun əsərləri sevilə-sevilə oxunub və əminəm ki, gələcək nəsillər də bu kişinin poeziyasından zövq alıb, şeirlərini dönə-dönə oxuyacaqlar. Çünki bu rəhmətlik elə irs qoymayıb ki, kimsə ona biganə qalsın. Yanvar qətlamı günü onun televiziya komitəsinin heyətində rus generalının üzünə tüpürməsini heç kim unutmayıb. Bu məsələnin bir tərəfi, digər tərəfdən də onun  yaxşı işi olub, kitabları böyük tirajlarla çap ediliub, puldan korluq çəkməyib, əla ev –eşik, mənzillər də öz yerində. Heç kim mənə sübut edə bilməz ki, Bəxtiyar müəllim repressiya qurbanı olub, onun könlünə dəyiblər, ya da bir sözünü iki ediblər. Ulu öndər onun xətrini çox istəyirdi.

… Başı bəlalı Xəlil Rza Ulutürk idi. İllər uzunu onun Vidadi küçəsində balaca tək otaqlı bir mənzildə ailəsi ilə necə əziyyət çəkməsinin canlı şahidiyəm. Dilimizin taleyindən, Təbrizdən, Cənub həsrətindən, türkçülükdən söhbət düşəndə ağzından od tökülərdi. Müstəmləkə ədəbiyyatının “korifeyləri” onun üzərində əsl “Linç məhkəməsi”ni 1969-cu ilin mart ayında təşkil etdilər. Baş verənlər barədə məlumatım var, kimlərin nə danışdıqlarını bilirəm. Bu iclas Yejovun dövründə baş tutsaydı Xəlil Rza Ulutürk mütləq güllələnməli idi.

(Ardı var)                                                                     Firuz HAŞIMOV