Millət vəkili taksilərlə bağlı fikri tənqid etdi – Video

123

Millət vəkili Nigar Arpadarai Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin “Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikrinə münasibət bildirib.

Deputatın sözlərinə görə, BNA taksilərdə mövcud aşağı standartın qaldırılması (nasaz maşınların dəyişdirilməsi, taksilərdə təhlükəsizliyin, təmizliyin qorunması və s.) ətrafında iş aparmalıdır:

“Amma taksilərdə olan qiymətin aşağı və ya yuxarı olması kimi məsələlərə müdaxilə etməməlidir. Bazar iqtisadiyyatı şəraitində tariflər rəqabət nəticəsində formalaşmalıdır.

BNA-in elan etdiyi konsepsiya tətbiq olunarsa (taksilərdə vahid, daha yüksək qiymət müəyyən olunarsa) bu həm taksi sürücüsü kimi fəaliyyət göstərən vətəndaşların sayının, həm də taksidən istifadə edən vətəndaşların sayının aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə bizim cəmiyyət üçün mənfi nəticələnəcək.

Hazırda çətin dövrdə yaşayırıq, bir çox vətəndaşımız əlacsızlıqdan, işin olmaması səbəbindən taksi sürücüsü kimi işləyir. Bu vətəndaşlar onsuz da az qazanır, onları bu qazancdan da məhrum etmək olmaz.

Digər tərəfdən pandemiya dövründə metro işləmir, avtobuslarda sıxlıq olur, insanlar yoluxma riskini aşağı salmaq üçün taksidən istifadə edir. BNA rəsmiləri bunu mütləq nəzərə almalıdır.

Daha bir məqam, BNA-nın arqumentlərindən biri xarici şirkətlərin Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olaraq, ucuz qiymət tətbiq etməsi və digər taksi şirkətlərinin işinə mane olmasıdır. Bu, tariflə birbaşa əlaqəsi olmayan, tənzimləməyə bağlı olan bir məqamdır. Və aidiyyatı olan qurumların məsələni düzgün tənzimləməsi nəticəsində həll oluna bilər”. \\Qafqazinfo