Millət vəkili: “Ermənistan cəzalandırılmasa…” – Gərginlik qaçılmazdır

66

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması beynəlxalq cinayətdir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Amma Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib.

Hurriyyet.org bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Sevinc Fətəliyeva bildirib.

Sədr müavini qeyd edib ki, Ermənistan faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət yürüdür.

Millət vəkili münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlərin tarixi reallıqlardan uzaq olduğunu da diqqətə çatdırıb: “Ermənistan tərəfindən münaqişənin əsl mahiyyəti, eləcə də atılan bütün hüquqazidd addımlar beynəlxalq cinayətdir. Məqsəd isə işğalçılıq siyasətini davam etdirməkdir. Dağlıq Qarabağ bölgəsində və ətraf 7 rayonda Ermənistan tərəfindən qeyri-qanuni fəaliyyət həyata keçirilir. Paralel olaraq qanunsuz məskunlaşdırma, demoqrafik tərkibin qəsdən dəyişdirilməsi ilə bağlı işğalçı tərəfindən addımlar atılır. Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir”.

Sevinc Fətəliyeva bildirib ki, son vaxtlar Ermənistan rəhbərliyi və erməni lobbisi regiondakı vəziyyətdən məqsədyönlü şəkildə istifadə etməyə çalşır: “Suriya və Livandan ermənilərin Dağlıq Qarabağa və ətraf bölgələrdə məskunlaşdırması beynəlxalq hüququn prinsiplərinə ziddir”.
Millət vəkilinin sözlərinə görə, artıq 30 ilə yaxındır ki, təcavüzkar işğaldakı ərazilərdə demoqrafik tərkibi məqsədyönlü şəkildə dəyişməyə çalışır: “Qanunsuz məskunlaşdırma beynəlxalq hüququn, 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Ermənistanın mülki əhaliyə, mülki obyektlərə hücumları, beynəlxalq hüququn, insan haqlarının pozulması deməkdir. Xüsusilə, Cenevrə Konvensiyasının 1 saylı Əlavəsi, Uşaq, İnsan hüquqları fundamental azadlıqlara dair Konvensiyaları ermənilər ciddi şəkildə pozur”.

Millət vəkili bildirib ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verilməməlidir: “BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü qətnamələri əsasında təcavüzkarın anneksiya siyasətinə qarşı tədbir görülməlidir. Ermənistanın hüquqazidd addımlarının qarşısı alınmalı və təcavüzkar beynəlxalq birliyin iradəsinə tabe edilməlidir. Əks halda, Ermənistanın təxribatçı əməlləri regionda vəziyyəti hər an gərginləşdirə bilər”.