MİLLİ ŞURA ƏTRAFINDA YARANAN QALMAQAL – Siyasilərin baş verənlərə reaksiyası bir-birindən fərqlənir…

69

Cəmil Həsənli: “Bu, müxalifətə qarşı dövlət təhlükəsizliyi orqanları tərəfindən həyata keçirilən qanunsuz əməliyyatdır”

Arif Hacılı: “Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür”

Aslan İsmayılov: “Məhz belə ictimai, siyasi liderlərin ucbatından torpaqlarımız işğal olundu və ölkəmiz bugünkü rəzil duruma düşdü”

Qubad İbadoğlu: “Ölkənin başlıca problemlərini diqqətdən yayındırmaq və bir sıra ictimai-siyasi xadimləri nüfuzdan salmaq üçün Milli Şuranın iclasları mətbuatda, sosial şəbəkədə geniş müzakirə predmetinə çevrilib”

Natiq Cəfərli: “Çox güman, videoları öz içlərində olanlar sızdırıb, zatən içlərində hökumətə işləməyən çətin tapıla”

Hazırda mətbuatın gündəmini zəbt edən əsas mövzulardan biri də Milli Şuranın Koordinasiya Mərkəzinin “Zoom”la keçirilən iclasında Müsavat, həmçinin Respublikaçı Alternativ Partiyasının (REAL) fəaliyyətinə dair səsləndirilən tənqidi fikirlər, o cümlədən tarixçi-alim Altay Göyüşovun təhqir olunmasıdır. Bu barədə sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi, Milli Şuranın sədri Cəmil Həsənli və üzvü Gültəkin Hacıbəyli çıxışları zamanı adıçəkilən siyasi təşkilatları tənqid edib.

Belə ki, bəzilərinin tənqidçilik ruhunu itirməməsi üçün vaxtaşırı onların üzərində sınaqlar aparıldığını vurğulayan Gültəkin Hacıbəyli bunlardan birinin də Müsavat Partiyası olduğunu deyib: “Ölkədə yaşanan bu cür dəhşətlərdən heç nə yazmırlar. Amma kütləvi şəkildə Eldəniz bəy məsələsinə görə bizim üstümüzə hücuma keçiblər. Mustafa Hacılı sərsəm bir yazı yazıb. Bildirir ki, Əli Kərimlinin internet məsələsini ona görə diqqətə gətirirlər ki, Tofiq Yaqublunun həbsi arxa plana keçsin. Guya ki, Müsavat Tofiq Yaqublunu bu qədər çox sevir. Bu riyakarlıqdan başqa bir şey deyil. Məqsəd sadəcə Əli bəyi gözdən salmaqdır. Bu gün onun yubileyidir. 55 yaşı tamam olur. Bu yaramazlar da onun üzləşdiyi təqiblərə heç bir dəstək vermirlər. İndi guya ki Tofiq bəyin hüquqlarının müdafiəçisi olublar. Çox biabırçı yanaşmadır. Hesab edirəm ki, REAL-ın aqibəti aşağı-yuxarı səviyyədə Müsavat Partiyasını da gözləyir”. Cəmil Həsənli də öz növbəsində, Müsavatla REAL-ı sərt şəkildə tənqid edib: “Burada belə bir fərq var. Yenə REAL nəyisə əldə edib o vəziyyətə düşüb. Bu bədbəxtlər heç nə etməyib o vəziyyətə düşüblər”.

“”Zoom” toplantılarına yalnız dəvət edənin icazəsi ilə qatılmaq olar, bəs çağırılmamış “qonaqlar” bu toplantıya necə təşrif buyurublar?”

Cəmil Həsənli Məzahir Pənahovdan cəld tərpəndi - 9 fevralda ...

Onu da nəzərinizə çatdıraq ki, sözügedən video görüntülər sosial şəbəkələrdə yayıldığından və ciddi müzakirələrə səbəb olduğundan Milli Şura sədri məsələyə dair açıqlama verməli olub. Beləliklə, “Hürriyyət”in məlumatına görə, “Milli Şuranın qapalı iclasının video materialının yazılması və yayılması Azərbaycan hakimiyyətinin kibercinayətkarlıqla məşğul olduğunun daha bir təsdiqidir” deyən Cəmil Həsənli hesab edir ki, normal siyasi şərtlər daxilində belə cinayətlərə yol vermiş hakimiyyət istefaya getməli və qanun qarşısında cavab verməlidir: “Lakin hökumətin bu kibercinayətkar addımı qeyd edilən leksikonla danışmağa bəraət vermir və Milli Şuranın Koordinasiya Mərkəzində təmsil olunan şəxslərin məsuliyyətini azaltmır”. Cəmil Həsənli bu qənaətdədir ki, Dövlət Təhlükəsizliyi Xidməti ölkə qanunlarının və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin, qoşulduğu beynəlxalq konvensiyaların, o cümlədən BMT-nin kibercinayətkarlığı qadağan edən sənədinin əksinə olaraq, müxalif ictimai-siyasi qurum olaraq Milli Şuranı izləyib, onun toplantılarını yazıb və ondan siyasi məqsədlər üçün istifadə edib: “Şübhəsiz ki, bu ciddi qalmaqaldır. Qalmaqalın mərkəzində dayanan müxalifətin izləməsi faktı ortadadır. Belə bir sual yaranır: dövlət təhlükəsizlik orqanları Milli Şuranın “Zoom” proqramı vasitəsi ilə keçirilən qapalı toplantısını necə izləyib? Məlum olduğu kimi, “Zoom” toplantılarına yalnız dəvət edənin icazəsi ilə qatılmaq olar. Bəs çağırılmamış “qonaqlar” bu toplantıya (yəqin ki, digər toplantılara da) necə təşrif buyurublar? Deməli, Milli Şuranın toplantılarını, eyni dərəcədə internet vasitələri üzərindən olan daxili müzakirələrini, daxili yazışmalarını təhlükəsizlik xidməti izləyir. Bu, müxalifətə qarşı dövlət təhlükəsizliyi orqanları tərəfindən həyata keçirilən qanunsuz əməliyyatdır”.

“AXCP heç vaxt Müsavatın namizədini müdafiə etməyəcəkdi, ona görə də partiya maraqlarını cəmiyyətin maraqlarına qurban verdik”

Arif Hacılı yenidən başqan oldu — Yenilənib

Bu arada, Milli Şuranın Koordinasiya Mərkəzi tərəfindən tənqid olunan Müsavat Partiyasının başqanı Arif Hacılı məsələyə dair fikirlərini bölüşərkən, qeyd edib ki, sözügedən müzakirələr adıçəkilən qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq edib: “Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı. Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür. Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz. Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram”. Arif Hacılı ümid edir ki, Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq: “Burada iki məsələyə münasibət bildirim. Birincisi, bəzi dostlar 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənli üçün çalışdıqlarına görə peşman olduqlarını yazırlar. Bu düzgün deyil. Biz o zaman Cəmil Həsənlinin namizədliyini onun şəxsiyyətinə, xidmətlərinə görə yox, cəmiyyətin maraqları naminə müdafiə etmişik. O seçkidə müxalifətin vahid namizədinin olması vacib idi. AXCP heç vaxt Müsavatın namizədini müdafiə etməyəcəkdi, ona görə də partiya maraqlarını cəmiyyətin maraqlarına qurban verdik. Bu düzgün qərar idi. Biz Cəmil Həsənli üçün yox, Azərbaycan üçün çalışmışıq. İkincisi, dəfələrlə və aydın izah etsək də zaman-zaman bizdən Milli Şuradan niyə çıxdığımızı soruşurdular. Bu qurumu təsis edən əksər təşkilatların hələ Müsavatdan əvvəl Milli Şuradan çıxması, fəxri sədrin Krımı Rusiya torpağı adlandırması, Ramiz Mehdiyev və Əli Həsənov məni müxalifət kimi təqim etmişdi, deməsi, bu qurumun bəzi rəhbər şəxslərinin fərqli ideologiyalara xidmət edən təşkilatlarda təmsil olunması bu sualı bizə ünvanlayanları cavab kimi qane etmirdi. Bu suala daha aydın cavab Milli Şuranın toplantısından, bizə təkrar-təkrar, “Müsavatsız Milli Şura susuz dəyirman kimidir”- deyən Milli Şura sədrinin özündən gəldi”.

“Bu konfrans görüntülərinin necə əldə edilməsini dəqiq bilməsəm də, böyük ehtimalla hakimiyyətin işi olduğunu güman edirəm və şəxsi həyata müdaxilə kimi qiymətləndirmirəm”

Aslan İsmayılov: Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə ...

“Hürriyyət” xəbər verir ki, Milli Şuranın “Zoom”la keçirilən iclasından sonra yaranan bəzi suallara münasibətini bildirən tanınmış hüquqşünas Aslan İsmayılov bu konfrans görüntülərinin əldə edilməsinin hakimiyyətin işi olduğunu güman etdiyini vurğulayıb: “Məni izləyənlər bilirlər ki, bu hakimiyyətin illər əvvəl müxalifətçilərin şəxsi həyatlarını çəkib TV-lərdə ictimailəşdirməsini ən kəskin tənqid edib, bu addımı qətiyyətlə pisləyib əxlaqsızlıq adlandırmışdım. Bu konfrans görüntülərinin necə əldə edilməsini dəqiq bilməsəm də, böyük ehtimalla hakimiyyətin işi olduğunu güman edirəm və şəxsi həyata müdaxilə kimi qiymətləndirmirəm. Hesab edirəm ki, bu gün siyasi, ictimai xadimlərin fəaliyyəti hərtərəfli açıq olmalı və ictimaiyyət bunu bilməlidir. Əlbəttə, normalda hüquqi dövlətlərdə bu yolverilməzdir. Ancaq Azərbaycan kimi cəmiyyətlərdə hələ ictimai, siyasi həyatın formalaşmadığı bir dönəmdə, əhali arasında tanınmış şəxslərin əməlləri ilə işləri arasında uçurum olduğundan belə əməllər qınanmamalıdır. Məhz belə ictimai, siyasi liderlərin ucbatından torpaqlarımız işğal olundu və ölkəmiz bugünkü rəzil duruma düşdü. Ona görə də 30 ilə yaxın həyatımı cəhənnəmə döndərmiş bu hakimiyyət əgər mənim şəxsi həyatıma daxil olmayan, ictimai, siyasi əhəmiyyət daşıyan gizli nəyimi çəkiblərsə bu gün ictimailəşdirsə onlara sağ ol deyərəm. Çox istərdim ki, 1993-cü illərdən TV-lərdə, xüsusilə ANS TV-də nə qədər çıxışlarım varsa bu gün ictimailəşdirsinlər, yaxud mənə versinlər ki, özüm ictimailəşdirim”. Hüquqşünasın fikrincə, əgər 1993-cü ilin iyun ayında Gəncə istintaq qrupunda olarkən, Bakıda və Gəncə həbsxanasında istintaq dövrü AzTV qarşısında apardığı dindirmələr ictimailəşsə, cəmiyyət üçün çox əhəmiyyətli olar: “Gənc nəsil o dövr nələrin baş verdiyini, o proseslərin iştirakçılarının və mənim dövlətçiliyə olan münasibətimi əyani görərdi”.

“Milli Şuraya təklif edirəm ki, bu məsələni məhkəmə müstəvisində mübahisələndirsin və şikayətlərini Avropa Məhkəməsinə aparsınlar”

Qubad İbadoğlu ABŞ universitetində işləməyə başladı - modern.az

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə bu qənaətdədir ki, son günlər ölkənin başlıca problemlərini – Qarabağ, işsizlik, yoxsulluq və s. diqqətdən yayındırmaq və bir sıra ictimai-siyasi xadimləri nüfuzdan salmaq üçün Milli Şuranın iclasları mətbuatda, sosial şəbəkədə geniş müzakirə predmetinə çevrilib. Qubad İbadoğlu onu da bildirib ki, Azərbaycanın milli qanunvericiliyi və ölkənin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyası xüsusilə də cəmiyyətdə tanınan şəxslərin razılığı olmadan səsli və ya görüntülü çıxışlarının yayılmasını qadağan edir: “Qanun cəmiyyətin məlumat hüququ ilə başqalarının şəxsi həyatlarına hörmət hüququ arasında sərhədi şəxsi məlumatların müdafiəsi üzərində qoruyur. Hakimiyyət isə ictimai-siyasi xadimləri şəxsi həyatlarına hər hansı bir müdaxilədən qorumaq üçün məsuliyyət daşıyır. Odur ki, Milli Şura iclaslarının kimlər tərəfindən və necə ictimailəşməsindən asılı olmayaraq, bunun hüquqi və siyasi məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərində düşür. Çünki Azərbaycanın da imzaladığı Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi dövlətin üzərinə şəxsi həyata edilmiş müdaxiləni araşdırmaq və şəxsi həyatı bu müdaxilələrdən qorumaq öhdəliyi qoyur. Bu öhdəlik şəxsi həyatı qorumağa yönəlmiş qanunlar qəbul etmək, fərdlər arasında münasibətlərin sferasını müəyyənləşdirmək və şəxsin şəxsiyyətinin digərlərinin sui-istifadəsindən mühafizə etməyi əhatə edir”. Məhz bu səbəbdən də Qubad İbadoğlu hesab edir ki, Milli Şuranın iclaslarının ordakı iştirakçıların razılığı olmadan səsli və ya görüntülü yayımlanması qanun pozuntusudur: “Onu araşdırmaq və kibercinayəti törədənləri tapıb cəzalandırmaq da hakimiyyətin qanun qarşısında vəzifəsidir. Əgər bu edilməyəcəksə, onda belə hallardan başqa siyasi-ictimai təşkilatlar da sığortalanmayacaq. Milli Şuraya təklif edirəm ki, bu məsələni məhkəmə müstəvisində mübahisələndirsin və şikayətlərini Avropa Məhkəməsinə aparsınlar. Bundan əvvəl onlara xidmət göstərən “Zoom” təşkilatından məhkəmə üçün zəruri olan məlumatları sorğu vasitəsilə əldə etsinlər”.

“Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar”

Natiq Cəfərli Azər Qasımlının ittihamlarına cavab verib: "Onun ...

Milli Şuranın Koordinasiya Mərkəzi tərəfindən tənqid olunan digər siyasi təşkilatın – Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə ” Milli Şura ilə bağlı şəxsən mənə 2013-də hər şey aydın idi” deməklə yanaşı, bildirib ki, bunların nə demokratiya dərdi, nə də haqq-hüquq gündəliyi var: “O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq, imtina etdik. Çünki dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan, şəxslər ərtafında büdpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı. Gənc olmayan hitlerçilərə geniş cavab vermək istəmirəm, amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələr bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və disklayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq “arqumentlətinə” çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım. Bir çox dostlar MŞ-nın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! MŞ yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi MŞ-nı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar – vəssalam. Bu qədər primitiv və köhnədilər. Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur”.

REAL-ın icra katibinin sözlərinə görə, qalmaqala səbəb olan videolar Milli Şuranın daxilindən sızdırılıb: “Videoları da, çox güman, öz içlərində olanlar sızdırıb. Zatən içlərində hökumətə işləməyən çətin tapıla. Hər birinin illərdir bu hökumətlə ilişkiləri olub-var, onlara çəkilən xəttdən, biçilən roldan heç vaxt kənara çıxmayıblar. Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org