MÖHTƏŞƏM ON GÜN

    6

    DEKADA-80

    … Biz öz varlığımızı yalnız mədəniyyət ilə sübut edə bilərik, çünki mədəniyyət və incəsənət ən böyük informasiya mənbəyidir”.

    Üzeyir Hacıbəyov

    Olduqca qədim bir tarixə malik olan Azərbaycan xalqının mədəniyyəti və incəsənəti hələ qədim zamanlardan Qafqazda, Orta Asiyada və Yaxin şərq ölkələrində böyük şöhrət qazanmışdı. Bu mədəniyyət və incəsənətin əsl inkişaf mərhələsi isə tarixi qələbələr qazandığı dövrə təsadüf edir və bu zaman əldə olunan hər bir yaradıcılıq təşəbbüsü də böyük maraqla qarşılanırdı.

    27 mart 1938-ci ildə Moskvaya yola düşən 700 nəfərlik böyük incəsənət ordusu Azərbaycan xalqının musiqi mədəniyyətinin nümayəndələridir. Bunların arasında xalq aşıqları, gözəl səsli xanəndə qızlar, Azərbaycan operasının banisi və səhnəmizə “Koroğlu” kimi şah əsər vermiş Üzeyir Hacıbəyov, onun yetişdirdiyi gənc bəstəkarlar, xor ifaçıları, çalğıçılar var idi.

    Azərbaycan incəsənət dekadası ictimai həyatımızda böyük bir hadisədir. Ukrayna, Gürcüstan, Özbəkistan və Qazaxıstan öz ustalıqlarını artıq Moskva səhnəsində göstərmişdilər. Azərbaycan nümayəndə heyəti, Azərbaycan incəsənət ustaları isə bu respublikaların bədii mədəniyyətinin zənginləşmə ənənəsini davam etdirirdi.

    Azərbaycan incəsənət dekadasının iştirakçıları- 60 yaşlı zurnaçı Ağabaladan başlayaraq, 5 yaşlı Nazlıya qədər hamı-, martın 30-da axşam xüsusi qatarla Moskvaya çatdılar.

    Azərbaycan SSR Xalq komissarları Soveti yanında İncəsənət işləri idarəsi Moskvada Azərbaycan incəsənət dekadası münasibətilə xüsusi sərgi təşkil etdilər. Sərgidə Azərbaycan Teatr incəsənətinin inkişafı əks etdirilirdi. Burada Azərbaycan Teatr incəsənətinin tərəqqisini göstərən materiallar var idi. Dekada ilə əlaqədar olaraq M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dekadanın proqramına daxil edilmiş tamaşaları haqqında 4 kitab buraxıldı. Bu kitablarda bəstəkar R.M.Qliyerin-“Şahsənəm”, M.Maqomayevin “Nərgiz”, Üzeyir Hacıbəyovun “Koroğlu” operası və “Arşın mal alan” musiqili komediyasının qısa məzmunu və bu operalar üzərində görülən işlərdən bəhs edilir. Dekadanın proqramına daxil edilmiş Azərbaycan Dövlət filarmoniyasının konsertinə dair kitab da buraxılmışdı. Bu kitabda bəstəkar Üzeyir Hacıbəyovun Azərbaycanda birinci dövlət xalq xor dəstəsi haqqında məqaləsi, dövlət rəqs ansamblı və xalq rəqsi haqqında Q.Almaszadənin məqaləsi, Azərbaycan Dövlət Konservatoriyasının elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülün musiqili folklor haqqında və başqa məqalələri çap edilmişdi. Bura həmçinin aşıq yaradıcılığına dair məqalələr də daxil edilmişdi. Ümumiyyətlə, bu kitablar Azərbaycan musiqi incəsənətinin tərəqqisini əks etdirir.

    Aprelin 2-də SSRİ Böyük Akademik Opera Teatrının filialında Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ictimai baxışı olmuşdur. Tamaşada Moskvanın musiqi ictimaiyyəti iştirak edirdi. Operaya gənc dirijor Əşrəf Həsənov dirijorluq edirdi. Qeyd edək ki, tamaşa bu gənc dirijorun diplom işi oldu. Aprelin 3-də Moskva Konservatoriyasında Əşrəf Həsənova diplom verildi.

    Azərbaycan musiqi mədəniyyətinin böyük bayramına çevrilən incəsənət dekadası aprelin 5-də başladı. SSRİ Böyük Opera və Balet Teatrının səhnəsi Azərbaycan incəsənətinin təbii mənzərəsini əks etdirirdi.

    Birinci olaraq Azərbaycan Dövlət Opera və Balet Teatrı “Koroğlu” operasını nümayiş etdirdi. Gözəl, həvəsləndirici, dillərdə əzbər olan qəhrəmanlıq eposu “Koroğlu”nun dərin məzmunu, ahəngdar musiqisi, onun gözəl quruluşu, kütləvi səhnələri, opera ifaçılarının məharəti paytaxt əməkçiləri tərəfindən alqışlarla qarşılandı. Bu opera Moskva tamaşaçılarına 4 dəfə göstərildi. Daha sonra R.Gliyerin xalq dastanı əsasında yazdığı “Şahsənəm” operası da böyük müvəffəqiyyət qazandı. Şən musiqili komediya “Arşın mal alan” Azərbaycan xalqının incəsənət dühasının daha bir xüsusiyyətini- onun çox qiymətli şən yumor hissinə malik olmasını Moskva tamaşaçılarına göstərdi. Dekadanın 4-cü günü göstərilən M.Maqomayevin “Nərgiz” operası özünün aktuallığı və musiqinin çoxsəsli olması etibarilə diqqəti daha çox cəlb etdi. Bundan əlavə, milli musiqi alətləri ilə notlu orkestrin birləşməsindən əmələ gələn böyük dəstənin çıxışı, aşıqların çıxışı, xor dəstəsinin çıxışı, qadın rəssamlarımızdan Reyhan Topçubaşovanın eskizləri əsasında Nuxa və Qarabağ geyimlərinin nümayişi, bu geyimlərdəki bəzəklərin, xəncər, gümüş toqqa va s. kimi digər aksessuarların tamaşaçılara göstərilməsi də əsl incəsənət meydanını xatırladırdı.

    On gün davam edən bu dekada Moskva əməkçiləri, incəsənət ustaları, hökumət rəhbərlərinə Azərbaycan incəsənətinin necə böyük uğurlara imza atdığını göstərdi.

    Bəli, Moskvada keçirilən Azərbaycan incəsənət dekadası Azərbaycan xalqının tarixinə, onun milli mədəniyyəti tarixinə aydın və parlaq səhifələrdən birini yazdı. Üzeyir bəyin sözləri ilə desək, öz xalqının xoşbəxtliyi və sevincindən ilham almış Azərbaycanın yaradıcı işçiləri bundan sonra da formaca milli olan Azərbaycan incəsənətinin daima təkmilləşməsi, yeni ucalıqlara yüksəlməsi və yeni qalibiyyətlər qazanması üçün var qüvvə ilə çalışmalıdılar.

    Təranə HƏSƏNOVA,

    Üzeyir Hacıbəylinin Ev Muzeyinin kiçik elmi işçisi