Metronun açılmasından sonra sərnişinlərə xəbərdarlıq ediləcək

51

Metro stansiyalarının fəaliyyətini bərpa edəcəyi təqdirdə sərnişinlərə sosial məsafə saxlamaqla bağlı mütəmadi xəbərdarlıqlar olunacaq.

Hurriyyet.org xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı metroda sərnişindaşıma fəaliyyəti dayandırılana qədər də tövsiyələr olunub:

“Bakı Metropoliteninin bütün stansiyalarında sosial məsafə saxlamaq barədə sərnişinlər mütəmadi məlumatlandırılıb. Əgər metronun fəaliyyəti karantin davam etdiyi dövrdə bərpa olunarsa, bu kimi müraciətlər, maarifləndirmə və tövsiyə xüsusiyyətli bir sıra tədbirlər davam etdiriləcək. Həmçinin metro nəqliyyatında mümkün olan bir sıra xəbərdaredici əyani nümunələr də tətbiq edilə bilər. Sosial məsafənin qorunmasının təşkili metropolitendə digər yerlərdə olduğundan çox da fərqlənmir. İctimai nəqliyyatda, o cümlədən metroda da sosial məsafənin qorunmasına riayət edilməsi, əsasən sərnişinlərdən asılı olan məsələdir.

COVID-19 infeksiyası ilə mübarizə dövründə yeraltı nəqliyyatdan istifadə olunmaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə xarakterli müraciəti də var idi. Əgər karantinin davam etdiyi şəraitdə metronun fəaliyyəti bərpa olunarsa, metropoliten qanunvericilik və digər hüquqi-normativ aktlarla, müəyyən edilmiş, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi metropolitendən istifadə qaydalarına müvafiq addımlar ata, tədbirlər görə bilər”.

Qurum rəsmisi deyib ki, metropolitendən istifadə qaydaları metro işçiləri ilə yanaşı, sərnişinlərin də vəzifə və öhdəliklərini müəyyən edir: “Bu səbəbdən sosial məsafənin qorunması metropolitençilərin tövsiyələrinə sərnişinlərin əməl etməsindən, onların daha diqqətli və bir-birinə sayğılı, həssas yanaşmasından daha çox asılıdır”.