Meri Tramp: “Əmim uduzmaq qorxusundan Co Baydeni narkotik qəbul etməkdə suçlayır”

81

ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp əmisinin yenidən prezident seçilməsi ilə bağlı ciddi şəkildə qayğılandığını söyləyib.

Musavat.com xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Meri Trampın fikrincə, məhz bu səbəbdən Ağ Evin hazırkı rəhbəri opponenti, Demokrat partiyasından namizəd Co Baydeni debatlara qədər formada qalmaq üçün narkotik qəbul etməkdə suçlayıb.

Meri Trampın sözlərinə görə, prezident vaxtilə ona qarşı irəli sürülən psixi pozğunluqla bağlı ittihamları indi rəqibinə yönəltmək istəyir. Donald Tramp, hətta, buna görə şəxsən koqnitiv testdən belə keçib. “Lakin bu onun psixi və ya əqli üstünlüyə malik olduğunu göstərmir”,-deyə xanım Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti rəqibinin narkotik aludəçisi olduğu iddialarını son dövrlərdə sıx-sıx dilə gətirir. Donald Tramp bu ittihamını açıq şəkildə “Fox News” telekanalının aparıcısı Janin Pirroya verdiyi müsahibədə irəli sürüb. Lakin o, bununla bağlı əlində hər hansı dəlil olmadığını da etiraf edib.

Donald Trampın sözlərinə görə, onu şübhəyə salan Co Beydenin Demokrat partiyası daxilindəki debatlarda olduqca yaxşı çıxış etməsi olub.

“Yəqin ki burada narkotiklərin təsiri də var. Mən belə eşitmişəm”,-deyə ABŞ prezidenti bildirib.