Məmurlar niyə gəlir bəyannaməsi təqdim etmirlər?

114

Natiq Cəfərli: “Azərbaycanda gəlir deklarasiyasının tətbiqini əngəlləməyə çalışan maraq qrupları var”

Fərhad Mehdiyev: “3 şeyi dəyişmədikcə, “islahat” elə dırnaqarası qalacaq”

“Bu cür şəffaf qaydaların tətbiq olunması bir çox məmurların maraqlarına uyğun deyil”

“Həm də bunun nəticəsidir ki, Azərbaycan kimi bir ölkədə bu günə qədər rəsmi milyonçu belə, yoxdur”

Etiraf etmək lazımdır ki, son vaxtlar ölkədə rüşvət və korrupsiya ilə mübarizə istiqamətində təqdirəlayiq tədbirlər görülüb. Belə ki, rayon icra başçılarının, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin yetkili şəxslərinin yol verdikləri nöqsanlara, qanun pozuntularına əsasən hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilməsi bunun bariz sübutudur. Lakin bir məqamı unutmaq lazım deyil ki, korrupsiyanın kökünü kəsmək üçün ilk öncə buna şərait yaradan səbəbləri də aradan qaldırmaq gərəkdir. Ekspertlərin fikrincə, məmurların gəlir və əmlak bəyannaməsinin tətbiqi bu istiqamətində atılacaq ən mühüm addımlardan biridir.

Qeyd edək ki, bugünlərdə parlamentdə məhz bu məsələ gündəmə gətirilib. Deputat Naqif Həmzəyev təklif edib ki, həmkarları bu məsələdə nümunə olsunlar və gəlir bəyannaməsi təqdim etsinlər. Buna münasibət bildirən spiker Sahibə Qafarova isə qeyd edib ki, bu ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində deputatlığa namizədlər gəlirlərini bəyan ediblər. Bununla da korrupsiya ilə mübarizədə ən önəmli addımlardan biri kimi xarakterizə olunan mövzunun üzərindən bu dəfə də sükutla keçildi. Halbuki, bir qədər əvvəl də bildirdiyimiz kimi, ekspertlər şəffaflığı təmin etmək, müəyyən qədər korrupsiyanın qarşısını almaq üçün deklarasiyanın həll edilməsini vacib sayırlar.

Azərbaycan məmurları niyə gəlirlərini gizlədirlər? - Pia.az

Nəzərinizə çatdıraq ki, ölkəmizdə nə az, nə çox düz 15 il öncə – 24 iyun 2005-ci il tarixdə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilsə də, Azərbaycan hələ də dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir. Çünki sözügedən qaydalar bu günədək tətbiq edilmir. Halbuki qanunun qəbulundan sonra ölkə başçısı Nazirlər Kabinetinə üç ay vaxt vermişdi ki, təlimatlar hazırlanıb həyata keçirilsin. Üzərindən 15 ilə yaxın vaxtın keçməsinə baxmayaraq, hökumət indiyədək təlimat və qaydaları hazırlamayıb. Məlumat üçün qeyd edək ki, bu qaydalar “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5-ci maddəsində isə deyilir ki, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri, vergitutma obyekti olan əmlakı, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidirlər.

“Bu gün Azərbaycanda məmurların hansısa bir rəsmi açıqlanan gəlir mənbələri, daşınan, daşınmaz əmlakı haqqında məlumat tapmaq çətindir”

Natiq Cəfərli Azər Qasımlının ittihamlarına cavab verib: "Onun ...

Beləliklə, məsələ ilə əlaqədar “Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” qəbul edilərkən, onun yerinə yetirilmə qaydaları da təsdiqlənməli idi: “Nazirlər Kabineti isə 3 ay müddətinə bunu işləyib təhvil verməli idi. 3 ay 15 ilə çevrilib, lakin hələ də ortada nəticə yoxdur. Bəhanə kimi göstərilir ki, hələ deklarasiyanın verilmə qaydaları təsdiqlənməyib. Sözsüz ki, bu, ciddi bəhanədir. Çünki 2005-ci ildə qəbul edilmiş qaydanın özü elə bunun əsasını da yaradır”. Bu cür şəffaf qaydaların tətbiq olunmasının bir çox məmurların maraqlarına uyğun olmadığını vurğulayan ekspert hesab edir ki, elə bu səbəbdən də “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın tətbiqinə imkan verilmir: “Azərbaycanda gəlir deklarasiyası ilə bağlı məsələnin gündəmdə olmamasına, bunun tətbiqini əngəlləməyə çalışan maraq qrupları var. Əsasən də məmurların özlərinin marağında deyil ki, belə bir şəffaf  qaydalar tətbiq olunsun. Çünki bu zaman onların ən azından əmlakı ilə bağlı ictimaiyyətə məlumat daxil olacaq. Və bəlli olacaq ki, onların adlarında yaşam tərzinə uyğun olmayan heç nə yoxdur. Bu zaman sual meydana çıxacaq ki, adlarında rəsmi heç nə yoxdursa, nə üçün böyük evdə yaşayırlar? Nəyə görə xaricdə evləri var? Eyni zamanda, niyə müxtəlif biznes sahələrində onların adı hallanır? Yəni bu tip məsələlərdə ictimai açıqlıq, şəffaflıq istəmədikləri üçün maraq qrupları uzun illərdir ki, bu qaydanın tətbiq olunmasına imkan vermirlər. Bunun nəticəsində bu gün Azərbaycanda məmurların hansısa bir rəsmi açıqlanan gəlir mənbələri, daşınan, daşınmaz əmlakı haqqında məlumat tapmaq çətindir. Düzdür, zaman-zaman, vəzifədə olan, yaxud da vəzifədən çıxarılan insanlar haqqında mediada kifayət qədər bu cür məlumatlar dolaşır, onların sərvəti barəsində informasiya verilir. Amma bu, rəsmi qaynaq deyil, rəsmi təsdiqini tapmır. Onu da qeyd edim ki, həm də bunun nəticəsidir ki, Azərbaycan kimi bir ölkədə bu günə qədər rəsmi milyonçu belə, yoxdur. Yəni gəlir və əmlak bəyannaməsi məsələsi yalnız məmurlara aid deyil. Hamımız bilirik ki, ölkədə qeyri-rəsmi onlarla, yüzlərlə milyonçular var. Lakin Azərbaycanda gəlir deklarasiyasının tətbiqində zəifliyin olması səbəbindən ölkədə rəsmi milyonçu kimi qeydiyyatdan keçən, vergisini ödəyən şəxs yoxdur. Hətta Ermənistanda belə, rəsmi 77 milyonçu və 1 nəfər də milyarder var. Yəni kasıb, işğalçı ölkə olan Ermənistanda belə, artıq bu qaydalar tətbiq olunub”.

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda sözügedən qaydaların tətbiq olunmaması korrupsiyaya yol açan əsas faktorlardan birinə çevrilib: “Ona görə də əgər korrupsiyaya qarşı total və sistemli mübarizə aparılacaqsa, bunun əsas elementlərindən biri də şəffaflıqdır. Şəffaflıq isə məhz gəlir deklarasiyalarının hər il verilməsi ilə başlanılmalıdır. Rusiya kimi ölkədə belə, bu qaydalar artıq 10 ildən çoxdur tətbiq olunur. Belə ki, hər il mart ayında Rusiyanın bütün vəzifəli şəxsləri, prezidentdən tutmuş qubernatorlara, şəhər merlərinə qədər hamı rəsmi deklarasiyalarını açıqlayır. Məncə, çoxdan Azərbaycanda da bu praktikaya keçməyin zamanı çatıb”.

Hərbi əməliyyatlar aktualdır, gənclər bilməlidir ki...” – Fərhad ...

Bu arada, mövzu ilə bağlı fikirlərini bölüşən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev isə hesab edir ki, 3 şeyi dəyişmədikcə, “islahat” elə dırnaqarası qalacaq: “Birincisi, məmurların gəlir və əmlak bəyannaməsinin formasını elə özü təsdiq etməlidir. İkincisi, bütün dövlət satınalmaları elektron portal üzərindən açıq tender formasında aparılmalıdır. Birbaşa mənbədən satınalma metodu (qapalı və müdafiə məqsədli tenderlər istisna olmaqla) aradan götürülməlidir. Üçüncüsü isə hər kəsin bildiyi faktları təhrif edərək dövlət icraatının və ədalət mühakiməsinin aparılması, o cümlədən insanları həbs etmə praktikasına son qoyulmalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org