Məmmədyarovla Mnatsakanyanın Cenevrə görüşü nə vəd edir? – POLİTOLOQLARDAN ŞƏRH

27

Zaur Məmmədov: "Xarici işlər nazirlərinin sözügedən görüşü mahiyyət etibarı ilə öncəkilərdən fərqlənməyəcək"

"Azərbaycanın hər hansı addımlarından asılı olmayaraq, Ermənistan öz yolundan çəkinmək niyyətində deyil"

Elxan Şahinoğlu: "Əgər danışıqlarda irəliləyiş yoxdursa və xarici işlər nazirlərinin ötən ilin dekabr ayında baş tutan son görüşləri də nəticəsiz qalıbsa, növbəti görüşdən hansısa nəticə gözləmək əbəsdir"

"Ölkənin hərbi qüdrəti və büdcəsi artmalıdır ki, Ermənistan məcbur qalıb olan-qalan pulunu bərbad iqtisadiyyatına deyil, hərbi texnikaya xərcləsin"

Yanvar ayının 29-30-da İsveçrənin Cenevrə şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşünün keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bundan öncə tərəflər arasında görüş ötən ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada baş tutmuşdu. Lakin həmin görüş də öncəkilər kimi nəticəsiz qalmışdı. Buna səbəb isə görüşdən əvvəl Ermənistanın baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və separatçılarla görüşü, həmçinin, qondarma "Dağlıq Qarabağ Respublikası rəhbərinin mətbuat katibi" David Balayanın icmalararası görüşün mümkünsüzlüyünü dilə gətirməsi olub.

Maraqlıdır, görəsən Cenevrədə keçiriləcək növbəti görüşdən hansısa irəliləyiş gözləməyə dəyərmi? Bu və digər suallarla müraciət etdiyimiz Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Hürriyyət"ə açıqlamasında bildirdi ki, xarici işlər nazirlərinin sözügedən görüşü mahiyyət etibarı ilə öncəkilərdən fərqlənməyəcək: "Təəssüflər olsun ki, bu görüşdən də irəliləyişlər gözləməyə dəyməz. Düşünürəm ki, ümumiyyətlə, bu görüşlə bağlı heç kim bunun əksini bildirə bilməz. Hər halda bu gün Ermənistanın apardığı siyasət bəllidir. Belə ki, Ermənistan hakimiyyəti artıq açıq-aşkar şəkildə kartları masaya qoyaraq, kompromisə getməyəcəklərini bildirirlər. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi görüşlərdən imtina edə bilməz, sülh danışıqları davam etdirilməlidir. Əgər Azərbaycan danışıqlardan imtina edərsə, o zaman beynəlxalq aləm bizi başqa cür başa düşə bilər. Təbii ki, buna görə də yaxın gələcəkdə də diplomatik manevrlər davam edəcək".

"Ermənistan hakimiyyəti daxilindəki çəkişmələr də münaqişənin nizamlanmasına mənfi təsir göstərir"

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, Ermənistan hakimiyyəti daxilində mövcud olan çəkişmələr də Qarabağ münaqişəsinin nizamlanmasına ciddi şəkildə mənfi təsir göstərir: "Beynəlxalq konyukturaların, siyasi institutların və dövlətlərin Cənubi Qafqazdakı geosiyasi vəziyyətlə bağlı status-kvonun dəyişməməsinə yönəlik fəaliyyətləri də göz qabağındadır. Təəssüflər olsun ki, belə olan təqdirdə, Cənubi Qafqazda istənilən halda bomba partlaya bilər. Bu isə regionda vəziyyətin kritik hala gəlməsinə səbəb ola bilər". Rəsmi Bakının bu illər ərzində kifayət qədər konstruktivlik və səbr nümayiş etdirdiyini vurğulayan Zaur Məmmədovun sözlərinə görə, erməni xalqının təxəyyülündəki "böyük Ermənistan" xəstəliyi və onların bu istiqamətdəki fəaliyyəti onu göstərir ki, Azərbaycanın hər hansı addımlarından asılı olmayaraq, Ermənistan öz yolundan çəkinmək niyyətində deyil: "Çox təəssüflər olsun ki, Ermənistan tərəfi 100 il əvvəl olduğu kimi, indi də öz xarici havadarlarının köməyindən istifadə edərək, onlara arxalanaraq işğalçı siyasətini davam etdirməkdədir".

"Mövcud vəziyyəti nəzərə alsaq, həmsədr ölkələrin dəyişdirilməsi real görünmür"

Son zamanlar ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsiylə bağlı səsləndirilən fikirlərə gəlincə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi qeyd etdi ki, mövcud vəziyyəti nəzərə alsaq, hazırda həmsədr ölkələrin dəyişdirilməsi real görünmür: "Bildiyiniz kimi, bu gün Minsk Qrupunda Avropa İttifaqının əsas aparıcı ölkəsi kimi Fransa, dünyanın ən böyük və qüdrətli dövləti olan ABŞ, eyni zamanda MDB məkanında ciddi statusa malik olan Rusiya təmsil olunur. Təbii ki, Türkiyənin də həmsədr ölkələr sırasında təmsil olunması yaxşı olardı. Lakin Ermənistan heç bir zaman Türkiyənin təmsilçiyili ilə razı ola bilməz. Şəxsən mən Minsk Qrupunda Fransanın yerində Avropa İttifaqının ən böyük iki dövlətindən biri kimi Almaniyanı görmək istərdim. Ancaq onu da qeyd etmək lazmdır ki, həmsədr ölkələrin dəyişməsi də nəyəsə təsir etməyəcək. İş orasındadır ki, ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının dünyanın anarxiyasının əsas subyektləri olduğu isə hər kəsə bəllidir".

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli baş tutmayacağı təqdirdə, hərbi əməliyyatların başlanması ehtimalından danışan politoloq hesab edir ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsi rəsmi Bakıya öz ərazisində hərbi əməliyyatlar keçirməyə icazə verir: "Ümumiyyətlə, hərbi əməliyyatlar bir neçə istiqamətdə başlaya bilər. Bununla bağlı hər kəsə məlum olan məsələlər var. Birincisi, hər hansı bir tərəfdən provakasiya nəticəsində hərbi əməliyyatların başlanması istisna deyil. İkincisi, Azərbaycan təbii ki, öz torpaqlarında işğalçının uzun müddət qalmasına imkan verməyəcək. Ordumuzun gücü, ölkənin iqtisadi potensialı imkan verir ki, Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirsin və işğalçıları geri çəksin. Hər bir halda, 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının, 120 ölkənin Ermənistanı işğalçı adlandırması, beynəlxalq hüququn Azərbaycan tərəfində olması, rəsmi Bakıya BMT-nin nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək, öz ərazisi daxilində hərbi əməliyyatlar keçirməsinə icazə verir".

"Uzun müddət görüş olmadıqda, bu, bölgədəki vəziyyətə də mənfi təsir edir, atəşkəs intensiv şəkildə pozulur"

Картинки по запросу Elxan Şahinoğlu

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın növbəti görüşü ciddi nəticə verməyəcək: "Əgər danışıqlarda irəliləyiş yoxdursa və xarici işlər nazirlərinin ötən ilin dekabr ayında baş tutan son görüşləri də nəticəsiz qalıbsa, növbəti görüşdən hansısa nəticə, irəliləyiş gözləmək əbəsdir. İrəliləyiş o zaman olardı ki, biz bunun işartılarını görərdik. Və yaxud Minsk Qrupu bölgəyə səfər edib nəyisə razılaşdırardı. Amma ortada heç bir səfər və razılaşdırma yoxdur. Odur ki, xarici işlər nazirlərinin Cenevrə görüşü də yenə görüş naminə görüş olacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri də hesab edir ki, hazırkı şəraitdə Minsk Qrupunun formatının dəyişdirilməsi mümkün görünmür: "Bunun üçün tək dövlətlərin istəyi azdır. Minsk Qrupunun özü bunu istəməlidir. Hətta biz çox çalışırıq ki, Türkiyə də həmsədr ölkələr sırasında olsun. Amma görürsünüz ki, nəinki Ermənistan, həmsədr dövlətlər də buna razılıq vermirlər, formatın dəyişməsinə imkan vermirlər. Konkret Cenevrə görüşünə gəlincə, yəqin təklif olunub ki, xarici işlər nazirlərinin növbəti görüşü olsun. Nazirlər isə hazırlıqsız da olsa, görüş naminə görüşə razılıq verirlər ki, bölgədə vəziyyət daha da gərginləşməsin. Çünki uzun müddət görüş olmadıqda, bu, bölgədəki vəziyyətə də mənfi təsir edir, atəşkəs intensiv şəkildə pozulur. Yəqin ki, bunlar baş verməsin deyə, görüş naminə görüşə razılıq verilib".

25 il ərzində aparılan danışıqların, keçirilən görüşlərin nəticə vermədiyini deyən politoloq qeyd etdi ki, Azərbaycan Ermənistanı tutduğu mövqedən çəkindirmək üçün hərbi və iqtisadi gücünü artırmalıdır: "Ölkənin hərbi qüdrəti və büdcəsi artmalıdır ki, Ermənistan məcbur qalıb olan-qalan pulunu bərbad iqtisadiyyatına deyil, hərbi texnikaya xərcləsin. Təbii ki, müharibənin müəyyən riskləri var. 2016-cı ilin aprel döyüşlərində bunu gördük. Lakin bizə addım-addım irəliləməyə heç nə mane olmur. Yəni bu strategiyanı davam etdirməliyik. Bununla yanaşı, yeni hərbi texnika almalıyıq, hərbi qüdrətimizi artırmalıyıq ki, düşmən müharibəyə alternativ kimi baxdığımızı başa düşsün. Bu halda Ermənistan məcbur qalıb olan-qalan pulunu hərbi texnika almağa xərcləyəcək. Bu isə sonda Ermənistanda ciddi xalq narazılığına səbə olacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org