“Məhz o radarlar səbəbindən qəzalar artır” – NATİQ CƏFƏRLİ

    3

    “İddiam sübut olunmasa, Bakıdan Qazaxa piyada gedəcəm”

    “Son illər dəfələrlə Bakı-Qazax yolu ilə Qırmızı Körpüyə qədər və geriyə maşın sürmüşəm. Yol boyu hər 5 addımdan bir radar qoyulub, güya, bu addımı təhlükəsizliyə görə ediblər. Amma yol təmiri bitəndən və radarları düzəndən bəri nə qazalar, nə də ölüm hadisələri azalıb. Bu məsələni araşdıran belə olmayıb”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının icra katibi Natiq Cəfərli öz “feysbuk” səhifəsində qeyd edib.

    “Yolda radarı ani görən sürücü tez əyləci basır, bu da qəza şəraiti yaradır”

    “Mən iddia edirəm ki, məhz o radarlar səbəbindən qəzalar artır, çünki sürücülər iki radar araslndakı qısa məsafədə sürəti artırırlar, ya da yolda radarı ani görən sürücü tez əyləci basır, bu da qəza şəraiti yaradır”,-deyə Cəfərli vurğulayıb.

    “Mənasız sürət işarələri yığışdırılsa, qəzaların sayı da, qəza şəraiti də kəskin azalar”

    Cəfərli əminliklə bildirib ki, o yolda sürət həddi 130 km olsa, mənasız sürət işarələri yığışdırılsa, (məsələn, 110 km sürət həddi olan işarədən cəmi 500 metr sonra birdən sürət həddi 60 km, ya da 70 km olan işarə peyda olur), qəzaların sayı da, qəza şəraiti də kəskin azalar: “Eksperiment üçün 3 ay mən dediyim rejimə keçsinlər, sonra ötən illərin eyni aylarında olan qəza statistikasını ölçsünlər, iddiam sübut olunmasa, Bakıdan Qazağa piyada gedəcəm. Necədi, mərc gəlməyə qalstuklu məmur var?!”

    Şamo EMİN, Hurriyyet.org