“Məhv etmək bizim işimizdir” – ABŞ-dan MÜHARİBƏ ELANI kimi bəyanat

    6

    ABŞ Baş Qərargahının sözçüsü general-leytenant Kennet Makkenzi Çini təhdid edib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Çinin Cənubi Çin dənizində yerləşən adaları silahlandırmasını şərh edən general-leytenant ABŞ ordusunun Qərbi Sakit okeanında kiçik adaları yox etməkdə təcrübəli olduğunu deyib.

    “II Dünya müharibəsində kiçik və təcrid edilmiş adaları yox etmək mövzusunda böyük təcrübə əldə etdiyimiz bir gerçəkdir. Bu, ABŞ ordusunun daha əvvəl də etdiyi etdiyi bir işdir”, – Makkenzi bildirib.

    Xatırladaq ki, bu ayın əvvəlində Amerika kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən CNBC telekanalının xəbərinə görə, Çin Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket komplekslərini gizli qurub.

    ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) anonim nümayəndəsi bildirib ki, adaların sonrakı hərbiləşdirilməsi bu əraziyə iddia edən tərəflər arasında gərginliyin və etibarsızlığın artmasına xidmət edəcək. Daha əvvəl “Wall Street Journal” qəzeti bildirib ki, Çin mübahisəli adalarda xüsusi avadanlıqlar yerləşdirib. Bu avadanlıqlar radiolokasiya sistemlərinin fəaliyyətinə maneələr yaratmağa qadirdir.

    Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.

    ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb. ABŞ bildirir ki, Çin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir.

    Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.

    Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. 2017-ci ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, “Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, realdır.