Medvedev hesabı açsın, millimiz qalib gəlsin!

78

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında 2-ci matçını keçirdi. Canni de Byazinin yetirmələri daha çətin sınaqdan – Kipr yığmasıyla səfər matçından üzüağ çıxdı. Kapitan Maksim Medvedevin 30-cu dəqiqədə vurduğu yeganə qol bizə qrupda ilk 3 xalı qazandırdı. Nikosiya zəfərini rəqəmlərin diliylə təqdim edirik.

661 gündən sonra gələn…

Millimiz 661 gündən sonra qələbə qazanıb. Rəsmi xarakterli turnirlərdəki son qələbəmiz 22 ay əvvələ təsadüf etmişdi. 2018-ci il noyabrın 17-də Farer adalarını Bakı Olimpiya Stadionunda (BOS) 2 cavabsız qolla yenən yığmamız 661 gündən sonra qalib gəlib. Bu müddətdə komandamız 10 görüş keçirib və bunların 1-də heç-heçə etsə də (Xorvatiyayla Bakıda 0:0), 9-da uduzub.

…yubiley qələbəsi

Bu, Azərbaycan millisinin yubiley – 50-ci qələbəsi olub. Yığmamız həmin nəticəni 28 illik tarixində 258-ci qarşılaşmada gerçəkləşib. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayaraq 3:6 hesabı ilə uduzan millimiz Nikosiya səfərinədək 49 dəfə qalib gəlmişdi. Millinin hesabında 69 heç-heçə və 139 məğlubiyyət də var.

7-ci, 6-cı və 3-cü

Azərbaycan millisi 1994-cü ldən təmsil olunduğu rəsmi turnirlərdə 16-cı qələbəsini qazanıb. Bunlardan 7-si dünya, 6-sı Avropa çempionatının seçmə mərhələsində, 3-ü UEFA Milətlər Liqasında olub. Millimiz 3 rəqibi – Lixtenşteyni (evdə 4:0, səfərdə 2:0), San-Marinonu (səfərdə 1:0, evdə 5:1), Farer adalarını (səfərdə 3:0, evdə 2:0) 2 dəfə məğlub edib. Qalan qələbələr hərəyə 1 dəfə İsveçrə (evdə 1:0), Slovakiya (2:0), Serbiya və Çernoqoriya (evdə 2:1), Finlandiya (evdə 1:0), Qazaxıstan (evdə 3:2), Türkiyə (evdə 1:0), Şimali İrlandiya (evdə 2:0), Malta (evdə 2:0), Norveç (evdə 1:0) üzərində qazanılıb. Beləliklə, Kipr rəsmi səviyyədə qalib gəldiyimiz 13-cü rəqib olub.

Səfərdə 4-cü dəfə

Azərbaycan millisi tarixində 4-cü dəfə səfər oyununda 3 xal qazanıb. Yığmamız bunadək yalnız 3 dəfə rəsmi turnirlərin səfər görüşündən zəfərlə qayıdıb. İlk belə qələbəsini 2009-cu ildə Berti Foqtsun baş məşqçiliyi dövründə Lixtenşteyn üzərində qazanan milli komandamız 2 dəfə dünya çempionatının seçmə oyununda, 1 dəfə Millətlər Liqasında sevinib. Özü də bütün bu qələbələr “quru hesab”la olub. San-Marinonu Robert Prosineçkiylə 1:0 hesabıyla məğlub edən millimiz Qurban Qurbanovla Farer adalarını böyük hesabla yenib – 3:0. Bu, rəsmi oyunlarda ilk və hələ ki yeganə səfər darmadağınımızdı.

2-ci mövsüm, 2-ci rəqib

Azərbaycan millisi UEFA-nın 2-ci mövsümdür keçirdiyi Millətlər Liqasında 2-ci rəqibi məğlub edib. Bunadək Qurban Qurbanovun baş məşqçiliyi dövründə yalnız bir yığma – Farer adalarını yenmişdik. Kiprdəki nəticəni nəzərə alsaq, bu turnirdə qələbələrimiz hələ ki qol buraxmadan qeydə alınır.

Yenə Nikosiya, yenə “quru hesab”la

Azərbaycan millisi tarixində 2-ci dəfə Kipr yığmasıyla üz-üzə gəlib. Ada təmsilçisi yığmamızın müsbət saldoya malik olduğu azsaylı komandalardan biridi. Millimizin Kiprlə bunadək yeganə qarşılaşması uzaq 1996-cı ildə baş vermişdi. Belə ki, həmin ölkədə təlim-məşq toplanışında olan yığma yerli U-21 millisi ilə yoldaşlıq görüşü keçirib. İki federasiya arasında razılığa əsasən, bu qarşılaşma əsas yığmaların oyunu kimi nəzərə alınıb. 24 il əvvəl fevralın 20-da məhz Nikosiyada keçirilən görüşdə millimiz iki cavabsız qolla qələbə qazanıb. Hər hissədə bir qol vuran Vladislav Qədirov (19 və 73-cü dəqiqələrdə) dubla imza atıb. Bu gün millidə baş məşqçi Canni de Byazinin köməkçilərindən olan Arif Əsədov da həmin qarşılaşmada futbolçu kimi iştirak edib.

“9-luğ”a düşən 9-cu

Canni de Byazi Azərbaycan millisinin tarixində rəsmi oyunlarda qələbə hesabını açan 9-cu baş məşqçi olub. Bunadək Kazbek Tuayev, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev, Şahin Diniyev, almaniyalı Berti Foqts, xorvatiyalı Robert Prosineçki və Qurban Qurbanov buna nail olub. Ümumilikdə isə yığmamızı oyuna çıxaran 17 mütəxəssis olub. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Ələkbər Məmmədov, Nazim Süleymanov, Mahmud Qurbanov, braziliyalı Karlos Alberto Torres, makedoniyalı Qyoko Hacıyevski, xorvatiyalı Nikola Yurçeviç isə belə sevinc yaşamayıblar. Süleymanovla Qurbanov digərlərindən fərqli ümumiyyətlə, qələbə qazana bilməyiblər ki, burda onların hərəyə 1 oyun baş məşqçi əvəzi olduqlarını da nəzərə almaq lazımdı.

Rəşad Sadıqova cəmi 1 qol qaldı

Millimizin hazırkı kapitanı Maksim Medvedev Azərbaycan millisində 4-cü qolunu vurub. Bunadək meydana çıxdığı 61 matçda 3 qol vuran 31 yaşlı müdafiəçi 4-cü dəfə fərqlənib. Maksim qollarının yarısını rəsmi, yarısını qeyri-rəsmi oyunlarda vurub. O, evdə bir qayda olaraq BOS-da fərqlənib – Norveçlə rəsmi oyunda (1:0), Qırğızıstanla yoldaşlıq görüşündə (3:0). Səfərdə isə bunadək Latviya yığmasıyla Riqadakı yoxlama matçında (3:1) qola imza atmışdı. Maraqlıdı ki, Maksim qol vurduğu oyunlarda bir qayda olaraq ilk hissədə hesabı açaraq qələbənin təməlini qoyur.

Medvedev milli tarixinin ən məhsuldar müdafiəçiləri siyahısında 2-ci pilləyə şərik çıxıb. Belə ki, o, 4 qol vuran Mahir Şükürov və Ruslan Abışova çatıb. Bu mövqenin oyunçuları sırasında millinin rekordçusu Rəşad Sadıqovdu. 5 qol vuran sabiq kapitan yığmanın ən məhsuldar müdafiəçisidir. Göründüyü kimi, Maksimi bu rekorddan cəmi 1 qol ayırır.

Ümumilikdə isə Medvedev yığmada 4 və daha çox qol vuran 24-cü oyunçudur. O, bombardirlər siyahısında 16-24-cü yerləri bölüşən 9 futbolçudan biridir. Maksim  bu qoluyla Vüqar Nadirov, Yunis Hüseynov, Samir Əliyev, Nadir Nəbiyev, Mahir Emreli, Fabio Luis Ramim, Mahir Şükürov və Ruslan Abışova çatıb.