Məcburi köçkün prezidentdən KÖMƏK İSTƏYİR

93

Rzayev Nahid: “Məni mənzillə təmin etmirlər, heç olmasa yarımçıq qalmış evimizin tikilməsinə köməklik göstərəsinlər”

“9 ildir çörək pulu almıram”

Son vaxtlar tez-tez 1993-2019-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 4 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik, həyətyanı sahəsi olan fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 110 müasir qəsəbə və yaşayış kompleksi salındığı vurğulanır. Amma təəssüf  ki, bu gün hətta qarğıdan düzəldilmiş komada yaşayan qaçqın və məcburi köçkünlər də var. Belə vəziyyətdə yaşayanlardan biri də Laçın rayonunun Alxaslı kənd sakini Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkün Rzayev Nahid Zahid oğludur.

“Yaşayış yerimi görürsünüz, bunu Allah da götürməz”

 “Hürriyyət” qəzetinə müraciət edən N. Rzayev bildirib ki, onun 26 yaşı var: “1992-ci il tarixdə Laçın rayonu ermənilər tərəfindən işğal olandan sonra valideyinlərim Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşdılar. Hazırda heç bir yerdə işləmirəm, subayam. Evimiz qarğıdan düzəldilmiş komadır ki, orada heç heyvan da saxlamaq olmaz. Mən orada necə ailə qurum? Məskunlaşdığımız Zərdabın Böyük Dəkkə kəndində atam ev inşa etdirmək istəyirdi ki, o da yarımçıq qalıb, daş işini qurtarmışam. Evimin damının örtülməyini, qapı-pəncərəsi qoyulmağını, otaqlarımın hazırlanmağını istəyirəm. Anam-atam ikisi də rəhmətə gedib, bacılarım da köçüb, hərəsinin öz ailəsi var. Yaşadığımı komanın şəkillərini göndərmişəm, yaşayış yerimi görürsünüz, bunu Allah da götürməz. Anam rəhmətə gedəndən sonra tək qala bilmirəm. İnsan nə qədər tək qalar?! Maddi imkan olmadı deyə, valideynlərimi müalicə etdirə bilmədik, onlar vəfat etdilər”.

“Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsi yüz söz danışır”

“Mənim yaxın adamım Laçın rayon İcra Hakimiyyətinə mənə görə, 3 dəfə müraciət edib, cavab verən yox idi. Dünən Laçın rayon İcra Hakimiyyətinin nümayəndəsi gəldi, yüz söz danışır, deyir, “dövlət vəsaitinə güc çatmaz”. Sonra da dedi, “sənin adından müraciət edəcəyik”. Zərdab rayon İcra Hakimiyyətinə müraciət olunanda da deyib ki, “nə vaxtsa söküntü olsa, köhnə materillardan verərəm”. İndiyə kimi, 3-4 dəfə “Qaçkınkom”a da müraciət etmişəm, dünən oradan da nümayəndə gəldi, nəsə yazdı, getdi. Dedi, “sənin adından ərizə yazarıq, evinin şəkilini də çəkib atmışıq”,-deyə şikayətçi  əlavə edib.

 “Bilmirəm, mənim atamın arvad almasının bizim çörək pulunun kəsilməsinə nə aidiyyatı var idi”

N.Rzayevin sözlərinə görə, onun 15 yaşı olanda çörək pulunu qanunsuz olaraq kəsiblər: “Mənim atam türmədə olan müddətdə 4 uşaq çörək pulu alırdıq, anam yerli sakin olduğuna görə almırdı. Atam türmədən gəlib başqa arvad aldı, onda bizim çörək pulu da kəsildi. Bilmirəm, mənim atamın arvad almasının bizim çörək pulunun kəsilməsinə nə aidiyyatı var idi. Sonradan mən getdim fermada işlədim, mənim bunu araşdırmağa savadım olmadı. İndi mənim 26 yaşım var, 9 ildir çörək pulu almıram. Həmin vaxtdan bacılarımın da çörək pulu kəsildi. Yəqin çörək pulu verən idarə ilə mənim atam, əmim birləşib, bizim çörək pulumuzu birdəfəlik kəsdilər. Atam ikinci dəfə evlənəndən sonra 1 ay çörək pulu aldıq. Ondan sonra, tamam kəsdilər. Ondan sonra, bununla bağlı heç müraciət etməmişəm. Evə görə, müraciət etmişəm, onda da cavab verməyiblər. Xahiş edirəm, mənə kömək edin, yetim uşağam, kimsəsiz qarğı damında qalmışam. Mən hörmətli prezident İlham Əliyev və Mehriban xanım Əliyeva müraciət edirəm, Sizdən çox xahiş edirəm, köçkünlər üçün dövlət tərəfindən inşa edilən binaların birində məni mənzillə təmin etmirlər, heç olmasa yarımçıq qalmış evimizin tikilməsinə köməklik göstərəsiniz”.

Şamo EMİN, Hurriyyet.org