MDB məkanının “siyasət mələkləri”…

138

Svetlana Tixanovskaya kimləri və hansı həqiqətləri gündəmə gətirdi?

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya son günlər müzakirə edilən isimlərdəndir. Buna səbəb də avqustun 9-da ölkəsində keçirilən prezident seçkilərində xanım siyasətçinin 26 ildir Belarusiyaya rəhbərlik edən Aleksandr Lukaşenkonun əsas rəqibi olmasıdır.

Qısa zamanda S.Tixanovskayanın siyasi meydanda populyar ismə çevrilməsi MDB məkanının digər ölkələrində vaxtı ilə adlarından söz etdirən siyasətçi xanımları yenidən yaddaşlara qaytarıb. Burada Ukrayna siyasətinin əfsanəvi ismi Yuliya Timoşenkonun adı daha çox çəkilir. Tixanovskaya onunla müqayisə olunur. Doğrudur, aralarındakı yaş fərqinə və siyasətdə keçdikləri yola görə bu müqayisə qüsurlu da görünür. Lakin bu gedişlə Tixanovskayanın Timoşenkonun keçdiyi siyasət yolunu təkrarlayacağı real görünür. Çünki o da dirəşir, ölkəsində dəyişiklik etmək istəyir.

Tixanovskaya-Timoşenko müqayisəsində ikinci ilə bağlı bir məsələ də müzakirə mövzusudur. Bu da onun son illərdə Ukrayna siyasətində sanki “qeybə çəkilməsi”dir. Belarusda da Tixanovskaya timsalında belə bir halın yaşana biləcəyi vurğulanır. Ümumiyyətlə, MDB məkanında qadın siyasətçilərin siyasi fəaliyyətlərini yarımçıq qoyduqlarına vaxtaşırı şahidlik etməkdəyik.

İki xanım siyasətçi ilə bağlı gedən müzakirələrdə Azərbaycanın da adı keçir. Bu da sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva ilə bağlıdır. 2005-ci ildəki seçkilərdən sonra Lalə Şövkət aktiv siyasətdə görünmür.

Tixanovskaya Belarusa qayıdır? - Açıqlama

Tixanovskayanın Lalə Şövkətin siyasi taleyini yaşayacağı iddiası da var…

Siyasi şərhçi Elçin Mirzəbəyli Tixanovskayanın Timoşenko ilə müqayisə olunmasını doğru hesab etmir: “ Timoşenko Ukrayna Ali Radasının 9 çağırış deputatı olub. İlk dəfə parlamentə 1997-ci ildə seçilib. Bu vaxta qədər isə müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub. Rusiyadakı ”tərəfdaşları”nın dəstəyi ilə 1991-ci ildə “Ukrayna benzin korporasiyası”nın baş direktoru olub. 1995-1996-cı illərdə korporasiyanın bazasında yaradılmış “Ukraynanım Vahid Enerji Sistemləri” korporasiyasına rəhbərlik edib. Bu illər ərzində korporasiyanın illik dövriyyəsi 11 milyard dollar təşkil edib. Siyasətə gəlişi tədricən Timoşenkonun biznes imperiyasının çökməsinə zəmin yaradıb. Amma Yuliya bu prosesdən kifayət qədər əlidolu çıxmağı bacarıb və siyasi karyerasında da əldə etdiyi maliyyə resurslarının böyük rolu olub. Timaşenko 1999-2001-ci illərdə Ukrayna Baş nazirinin müavini, 2005 və 2007-2010-cu illərdə Baş naziri olub. Svetlana Tixanovskaya isə siyasətdə diletantdır, tərcümeyi-halındakı yeganə diqqət çəkən məqam müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Böyük Britaniyanın xeyriyyə təşkilatı olan “Chernobyl Childrens Lifeline”nın törəmə qurumu olan “Chernobyl Life Line”da tərcüməçi kimi çalışmasıdır. Bununla yanaşı, həyat yoldaşı Sergey Tixanovski ilə birlikdə reklam çarxlarının və digər video məhsulların istehsalı ilə məşğul olan “Kompas” şirkətinin sahibidir. Vəssalam! Svetlana Tixanovskayanın uğurlu siyasətçi ola biləcəyini düşünmürəm. Bu xanım ən yaxşı halda Belarusun tarixində “Yusif Sərrac”ın qadın prototipi kimi qalacaq. MDB ölkələrində isə kifayət qədər uğurlu qadın siyasətçilərin olduğu qənaətindəyəm. Çox da uzağa getmək lazım deyil. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz intellekti, uzaqgörənliyi, müasir dünyagörüşü və iti ağlı ilə fərqlənən, yüksək idarəçilik bacarığına malik olan bir siyasətçidir. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko, Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Geraşenko, Gürcüstan Prezidenti Salome Zurabaşvili, Qazaxıstan Baş nazirinin müavini Gülşara Abdıkalıkova, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digərləri MDB məkanında uğurlu siyasi karyeraları ilə seçilən qadınlardır. Hesab edirəm ki, zaman keçdikcə, çoxpartiyalı sistem inkişaf etdikcə Azərbaycanda da qadın siyasətçilərin sayı artacaq. Qadınların siyasətdə olması çoxpartiyalı sistemin inkişafına yalnız töhfə verə bilər. Amma bu prosesin süni şəkildə stimullaşdırılmasının mümkün olmadığını düşünürəm. Hesab edirəm ki, siyasi partiyaların cəmiyyətin inkişafındakı rolunun artması, cəmiyyətin ümumi siyasi səviyyəsinin yüksəlməsi, siyasi partiyaların bir insitut kimi formalaşması prosesinin sürətlənməsi, partiyadaxili plüralizmin artması, son nəticədə qadınların siyasi proseslərdə önə çıxmasına zəmin yarada bilər”.

Liviyada nə baş verir: "sərkərdə" Xaftarın sərgüzəştləri

Politoloq Əhəd Məmmədli isə fərqli düşünür. O, Tixanovskayanı Belarusun Timoşenkosu sayır: “ İllərdir ki, Timoşenkonu Qərbin adamı kimi tanıdıq, sonra məlum oldu ki, baş nazir olan dövrdə bu xanım əfəndi Rusiya ilə Kremlin xeyrinə qaz sazişi imzalayıb və buna görə də cinayət işi açılıb həbs edildi. Tixanovskaya da çox güman ki, rus kəşfiyyat orqanları ilə əlaqədədir. Yəni deməyim odur ki, siyasətçilərin rəsmi təqdimatı heç də həqiqəti əks etdirməyə bilər. Mən Putini, Lukaşenkonu Azərbaycanın dostu saymıram, amma betərin betəri də var. Baxın, həmin betərlər bu cür psevdodemokratlardır. Lukaşenkonun getməsinə sevinənlər elə bilirlər ki, o gedəndən sonra Belarus ağ günə çıxacaq, bu ölkədə demokratiya bərqərar olacaq. Lukaşenko sanksiyalı Belarusda zavodlar, fabriklər, kənd təsərrüfatının strukturunu qoruya bilib inkişaf etdirdi. Belarus özü-özünü təmin etdi. İndi həmin zavod, fabriklərin işçiləri onları işlə təmin edən Lukaşenkodan istefa tələb edirlər. Lukaşenko ola bilsin ki getdi, lakin məhz bundan sonra Belarus Rusiyanın satellitinə çevriləcək. Lukaşenko lazım gələndə, Kremlə sözünü deyirdi. O gedəcəyi təqdirdə demokratlardan qurulmuş yeni Belarus iqtidarı Putinin qarşısında farağatda duracaq…

Krım ruslar tərəfindən ilhaq olunanda Tixanovskayanın həbsdə olan əri Sergey Tixanovski rus işğalçılarının “Krım bizimdir” şüarını səsləndirirdi. O, 2017-ci ildə Krıma səfərindən sonra Ukrayna “Sülhməramlısının” qara siyahısana daxil edilib. Rusiyanın Belarusdakı keçmiş səfiri Mixal Babiçini Lukaşenko 2018-də mədəni şəkildə ölkəsindən uzaqlaşdırmışdı. Lukaşenko Babiçinin Putin tərəfindən göndərdiyi direktivləri rədd etmişdi. İndi də bunun bədəlini ödəyir… Bütün bunları ona görə söylədim ki, Belarusdakı əsl mənzərə Azərbaycan üçün də aydın olsun”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”