Matvienkodan qalmaqallı açıqlama: “Qarabağın statusunun müəyyənləşdirilməsi əlavə danışıqlar tələb edir”

561

“Rusiya Fransa ilə ABŞ-ın səylərinə ümid edir”

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matvienko bu gün keçirilən mətbuat konfransında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinin əlavə danışıqlar tələb elədiyini bəyan edib: “Yeri gəlmişkən,Dağlıq Qarabağın statusu əlavə danışıqlar tələb edir. Sözsüz ki, biz Dağlıq Qarabağın nizamlanması prosesinə cəlb olunmuş ATƏT-in, Fransa Prezidentinin, ABŞ və başqa dövlətlərin səylərinə arxalanırıq. Qarşıda hələ çox mürəkkəb iş prosesi durur”.

Bütün bu sözləri söylədikdən sonra Matvienko əlavə edib: “Rusiya həm MDB məkanında, həm də bütün digər ölkələrdə daxili münaqişələrə qarışmayacaqdır”.

Görünür, Matvienko mətbuatı izləmir. Yaxud da Rusiya özünü Ermənistanın ümidgahı kimi göstərmək üçün bu cür məsuliyyətsiz açıqlamalar verir.

Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev RF Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın da imzaladığı üçtərəfli bəyanat barədə açıqlama verildikdən sonrakı çıxışında Ermənistan üçün kapitulyasiya aktı demək olan bu sənəddə status barəsində bir kəlmə də olmadığını, Dağlıq Qarabağa heç bir statusun verilmədiyini bildirib.