Maskat və Şirvanın mərkəzi şəhəri olmuş Şabran

168

Dəfələrlə dağıdılıb qarət edilmiş, 250 il öncə tamamilə xarabazara çevrilmiş bu şəhər-qalanın tarixi haqqında nələr bilirik… “Mən tariximizi bədii ədəbiyatdan oxumaq istəyirəm. Çünki tarix elm kimi heç də həmişə həqiqətləri deyə bilmir, çox zaman hakim ideologiyanın təsiri altında olur. Orada rəqəmlər və hadisələrin quru təfsilatı var, amma insan talelərini görmürsən…” (prof. Rüstəm Kamal). K.Ptolomey (II əsr) 13 cildliyinin Coğrafiyasında, tarixi taleyi bir romana sığmaz bu yox olmuş şəhərin adı Sapothrenae kimi çəkilir. Qədim mənbələrdə adı keçən Şabran (Şabaran) şəhəri Qafqaz dağlarının cənub-şərq yamaclarında, Samur çayından, Müşkür mahalından cənuba doğru düzəngah bir ərazidə idi. Tarixi boyu Arran hakimləri, Şirvanşahlar, əl-Babın əmirləri arasında bu ərazi, bu şəhər üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Buradan qazıntı zamanı gil və saxsı qab qırığları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxırdı. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızdan əvvəl yaşayış məskəni olduğunu müəyyən edib. Şəhərsalınma prosesinin isə erkən orta əsrlərdə başlanması ehtimal edilir. Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr tarixi haqqında tutarlı söz deməyə imkan verməmişdir. S.T.Yeremyanın fıkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şirvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur. Şərəvan (Şirvan) vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) Məsqətdən cənubda, Xəzər dənizinin sahilində yerləşirdi. Şəbəran şəhərinin qalıqları və xarabalıqları Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığında, Padar-Şəbran kəndindən azca aralı aşkar edilmişdir. Ərəb müəllifləri Şəbəran şəhərini Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığını qeyd edirlər. Amma Şabran, Şabaran, Şaporan, Səbiran, Sabiran ve Səbiran şəklində tələffüz edilən bu şəhərin Sasanilərin buraya gəlişindən öncə də Dərbənd yaxınlarında mövcud olduğundan Dərbəndnamə-də bəhs edilmişdir. Şəbəran şəhər adı 1124 ilə aid gürcü səlnaməsində də qeyd olunmuşdur.

İstəxrinin Qota nüsxəsində (təqribən 930-cu il) və Yaqut Həməvinin “Coğrafi lüqət”ində yazılır ki, Xəzər dənizinin sahilində, Məsqətdən aşağıda kiçik, lakin möhkəmləndirilmiş Şəbəran şəhəri yerləşir. Onun çoxlu rustaqları (kənd nahiyələri) var. Ondan üstdə (dağlara tərəf) Çeşmədan rustağıdır. Onun digər tərəfində Bakı, Dərnik və Ləkzə qədər kəndlər, Cəbəl (Qayalıq) və Şirvan dağları yerləşir. Bu mənbələrdə yoxa çıxmış bu şəhərin yeri çox dəqiq tanıdılmışdır. Coğrafi traktat olan “Hüdud əl-aləm”də yazıldığına görə (982/3-cü il) Şəvəran (Şəbəran) Şirvanın inzibati mərkəzi (qəsəbə) olub, dəniz sahilində yerləşən səfalı bir yer idi. Oradan, zərgərlərin qızıl əyarının təyin olunmasında istifadə etdikləri məhək daşı (sangi mihakk) ixrac olunurdu. “Tarix-i əl-Bab”a istinad etsək, Şirvanın əsas gəlirini Şəbəran və onun kəndlərindən, habelə Bakının neft quyularından və duz mədənlərindən yığılan vergilər təşkil edirdi. Qüdslü ərəb coğrafiyaçısı Müqəddəsi (əl-Məqdisi) “…Təsnifat”ında qeyd edir – “Şəbəran qalasız yerdir. X əsrin ikinci yarısında Şəbəran və ətrafındakı kəndlər varlı və münbit yerlər idi. Əl-Bab əmiri h.q 357 (968)-ci ildə oradan saysız-hesabsız qənimət aparmışdı.”

Müəllifi bilinməyən “Tarix-i əl-Bab” salnaməsində Şirvanşah Əbu Nəsrin h.q 392 (1002)-ci ildə əl-Bab əmirinin qardaşını həbsdə saxladığı Şəbəran qalasının adı çəkilir. Ehtimal ki, Şəbəran üç Şirvan nahiyəsindən biri olan Xursanın inzibati mərkəzi olmuşdur. Burada şüşə bilərziklər, çoxlu miqdarda şirli və şirsiz saxsı qab qırıntıları və kürə aşkara çıxarılmışdır ki, bu da sənətkarlığın inkişafından xəbər verir. Yenə “Tarix-i əl-Bab”ın verdiyi xəbərə görə, Şəbəran şəhərinin qala divarını h.q 373 (983)-cü ildə Şirvanşah Məhəmməd ibn Əhməd çəkdirmişdir. XI əsrdə Şirvanşahların ailə məqbərəsi-sərdabəsi də Şəbəranda olmuşdur. H.q 418 (1027)-ci ildə ölmüş Yezid ibn Əhməd və onun h.q 459 (1067)-cu ildə Gülüstanda (Şamaxı yaxınlığında) ölmüş qızı Şəmkuyyə burada dəfn edilmişdir. Ailə məzarlığlarında sanduqəli, figurlu-svastikalı qəbrlər də aşkar edilib. Ehtimal ki, Şamaxı böyüyüb iqtisadi-siyasi mərkəzə çevrilənədək Şirvanın paytaxtı Şabran olmuşdur. Həmin dövrdə monqol hökmdarının vəziri, tarixçi Fəzullah Rəşidəddin oğluna yazdığı məktubda Şabrandan bəhs edib. Hələ 1254-cü ildə Cənubi Qafqaz yolu ilə Monqolustandan qayıdarkən Şəbəranda olmuş fransız rahibi Rubruk burada bir xeyli yəhudinin də yaşadığını göstərmişdir. Rubrukun sözlərinə görə, onların çox hissəsi Şəbəranla Şamaxı arasındakı dağ qalalarında məskən salmışdılar. Şəbəranın adı Teymurun yürüşləri təsvir edilən qeydlərdə də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa yürüşdən qayıdan Teymuru bu səfərdə müşayiət edən Şirvanşah Şeyx İbrahim bu şəhərdə onun şərəfinə ziyafət vermişdi.

Türkiyəli səyyah Evliya Çələbi 1647-ci ildə Şabranda olarkən gördüklərini yazırdı: “Bura İranın Təbrizdən sonra ikinci şəhəri sayılır. Şəhərdə 70 məhəllə, Tokmaq xanın, Əfşar xanın, Uzun Həsənin məscidləri yerləşir. Məscidin divarları incə, buqələmun dərisi kimi, cürbəcür rənglərə çalan ornamentlə bəzədilib. Mərmər üzərində naxışlar isə hətta memarlıq işinin ustalarını təəccübləndirir”. А.А.Bakıxanov da Şahnəzərli kəndinin yaxınlığında Gülüstani-İrəm şəhərinin qalıqları sayılan ilk orta əsr şəhəri Şabranın yerləşməsi barədə yazıb. Şəhər əhalisinin əsas hissəsini şiə müsəlmanlar təşkil edir, orada albanlardan qalma xristianlar və xəzərlərin qalığı olan yəhudilər də yaşayırdı. Bakıxanova görə monqollar viran etdikdən sonra dirçəldilmiş Şabranın şəhər kimi süqutu 1712-ci il qətliamından, yəni Müşkür ruhanisi Hacı Davud, Qaytaq usmisi Əhməd xan və Qazıqumuq şamxalı Surxay xan tərəfindən şəhərin qarət edilərək xaraba qoyulmasından sonra başlamış (Bu barədə Y.Hasan Calalın “Alban ölkəsinin qısa tarixi”-1702/22 kitabında da bəhs edilib), 18-ci əsrin ortalarında yaşayış məntəqəsi kimi əhəmiyyətini itirərək ölü şəhərgaha çevrilmişdir (1800-cü ilin əvvəllərinə kimi salamat hissəsindən istehkam qalası olaraq istifadə edilirdi). XVIII əsrin sonlarında Şəbəran ərazisində olmuş Biberşteyn yazır: “Vaxtilə mühüm şəhər olub, indi isə yalnız xarabalıqları qalmış Şəbəran şəhəri düzənlikdə onun adını daşıyan çayın sol sahilində yerləşmişdir”.

Şabran sözünün etimiologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Bəzi mənbələrdə, Ptolomeyin əsərində göstərilən şapotren tayfalarının adının dəyişikliyə uğrayaraq tədricən Şabran şəklinə düşdüyü bildirilsə də, yaşayış məntəqəsinin bünövrəsini qoyan sabir türk tayfaları ilə əlaqədar olması ehtimalı daha inandırıcıdır. Müxtəlif fonetik dəyişikliklərlə Orta Asiya ərazisində də mövcud olan Şabran toponimi “Sabran”, “Sabiran” şəkildə işlədilib. Hun qövmünə mənsub Sabir/Sarban qəbiləsinin Qafqazda ilk yerləşdiyi məkan da Xəzər qapısı çevrəsidir. Şaberanda məskunlaşan xalqlar arasında çoxunun Hun Türklərindən ibarət tayfalar olduğunu məlum Ərəb və Fars qaynaqları da təstiqləməkdədir.

1979/89-cu illərdə şəhərin ərazisində beş yerdə aparılan arxeoloji qazıntılar nəticəsində 4500 km² qədim yaşayış sahəsi aşkar edilmişdir. Maddi mədəniyyət qalıqlarının laylanma qalınliğı 5 m-ə qədərdir. Orada X əsrə aid olan qala da aşkarlanıb. Alimlər tərəfindən sübut edilib ki, bu qala sonradan müdafiə məqsədi ilə tikilib. Qalanın divarları yarımdairəvi qüllələrlə bərkidilib. Tikinti zamanı əhəng daşı, çay daşı və yandırılmış kərpicdən istifadə olunub. Qala XIII əsrin sonuna qədər mövcud olub. Ərəb tarixçisi İbn əl-Əsir monqolların Azərbaycana 1220-ci ildən başlayan yürüşləri barədə yazırdı: «monqollar Azərbaycan və Aran vilayətlərinə gəlib, bir ildən də az bir müddətdə oraları misli görünməmiş surətdə dağıtdılar, əhalisinin çoxunu qırdılar. Şirvana gedərək o tərəfdəki şəhərləri aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat qalmadı». Sonralar monqollar tərəfindən dağıdılmış qalanın qərb hissəsində 14-cü əsrin əvvəli kiçik qəsr tikilib. O, dördbucaq şəklində idi və Mərdəkan qalalarını xatırladırdı. Memarlar tikinti zamanı qarışıq hörmədən istifadə edirdilər. Qazıntılarda aşkarlanmış nominal fərqlilik şəhərin məhəlləli planlaşdırılmasından xəbər verir. Şəhər sakinləri evləri yandırılmış kərpiclə, çay daşından tökülən bünövrənin üzərində tikirdilər. Şabranda bir sıra qədim abidə və tikililər günümüzə qədər gəlib çıxıb. Qədim Şabran körpüsü orta əsrlər Azərbaycan memarlıq sənətinin ən yaxşı nümunələrindən hesab oluna bilər. Üç tağının əsas hissəsinin qalıqları aydın görünən bu körpü hazırda Bakı-Quba magistral yolunun sol tərəfində, Ərəblər və Pirəmsən kəndləri hüdudlarındadır. Şəhərdə su kəməri xətti və içməli su anbarları da mövcud olub ki, bunlar da 9-cu əsrə aid kanalizasiya sisteminə aiddir. Şəhərə təqribən 14 km məsafədən xüsusi saxsı-daş tünglər vasitəsi ilə su kəməri çəkilib və s.

Şabranın iqtisadiyyatı keramikanın istehsalı üzərındə qurulmuşdu. Arxeoloji qazıntılar nəticəsində 10 əşyadan ibarət saxsı dəst tapılıb. Dağıntılar altında qalmış dulusçuluq emalatxanası aşkarlanıb. Şabranın saxsı əşyaları öz formasına və ornament zənginliyinə görə fərqlənirlər. Şəhərdə metal emalı sahəsində də uğurlar əldə edilmişdir. Bunun sayəsində, şəhərdə tökmə işi, misgərlik, zərgərlik, silahqayırma və s. inkşaf etmişdir. İki qazıntı obyektindən üzərinə möhür bərkidilmiş qızıl və gümüş üzüklər də tapılıb. Şəhərdə həmçinin şüşə istehsal olunurdu. Yerli ustalar şüşənin müxtəlif növlərindən istifadə edirdilər. Məhsulun bir hissəsi xarici ölkələrə ixrac olunurmuş. Şabran ustalarının hazırladığı ipək, yun məhsullar, müxtəlif növ xalçalar dünya bazarlarında satılırdı. Habelə keçmişdə dəvə karvanları burada düşərgə salır, taqətdən düşmüş, zəifləmiş dəvələr satılır, yola davam etmək üçün əlavə ilxıçılar tutulardı. Şəhər Suriya, Misir, Çin, Maldiv adaları və s. ölkələr ilə ticarət əlaqələri saxlayaraq keramika, farfor, fayans məhsulları ixrac edirmiş. Aşkar edilmiş yerli mis sikkələr daxili ticarətin də mövcudluğundan xəbər verir. Hətta sikkə zərbində (kəsilməsində) istifadə olunan ştempelə oxşayan əşya da tapılmışdır… Bu qədim şəhərimizin tarixi keçmişini aşkara çıxarıb arxeoloji tapıntılarla əsaslandırmaq işində prof. Rəşid Göyüşovla yanaşı mərhum həmyerlimiz, AMEA-nın Şimal-şərq bölgəsi üzrə arxeoloji ekspedisiyasının rəhbəri prof. Cabbar Xəlilovun da xidmətləri böyükdür. 1982-ci ildə məşhur Norveç səyyahı və alimi Tur Heyerdal Azərbaycanda olarkən Şabranda da olub, burada aşkar edilmiş maddi-mədəniyyət nümunələrini yüksək qiymətləndirib. 2003-cü ilin sentyabrından tarixi qoruq elan edilən Şabran şəhərgahında 2018-ci ildən bəri arxeoloji tədqiqatlar yenidən davam etdirilməkdədir…

Hazırladı: C.Alpoğlu Albantürk