Maradona haqda 10 fakt

129

Noyabrın 25-də vəfat edən futbol əfsanəsi Dieqo Maradona bu idman növünün tarixinə öz damğasını vurub.  Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi olmuş əfsanə həm meydanda, həm də kənardakı davranışları ilə daim diqqət mərkəzində yer alıb. Rusiyalı həmkarlarımız cənubi amerikalı barədə 10 ən maraqlı faktı hazırlayıb. Bu faktları təqdim edirik:

  1. Gənc vunderkindin adı mətbuata ilk dəfə 1971-ci ildə çıxıb. Amma yanlış şəkildə – qəzetdə Karadona adlı futbolun gələcək ulduzunu xatırlamaq xahiş olunurdu.
  2. Maradona Argentina millisində gənclər yığmasından daha tez – 16 yaşında debüt edib.
  3. Maradona “Tanrının əli” adlanan futbol tarixinin ən məşhur qoluna imza atıb. Dieqo DÇ-1986-da topu əllə İngiltərə yığmasının qapısından keçirib.
  4. Maradona futbol tarixinin yeganə oyunçusudur ki, transfer qiymətində iki dəfə rekordu yeniləyib.
  5. 1991-ci ildə Maradonanın qanında kokain aşkarlanıb, 15 aylıq diskvalifikasiya alıb və bir daha “Napoli”də çıxış etməyib.
  6. 90-cı illərin əvvəlində Maradona pnevmatik tüfənglə 4 jurnalisti yaralayıb. 2 il 10 ay icbari cəza alıb.
  7. 2005-ci ildə Maradona Argentina televiziyasında tok-şounun aparıcısı olub. Onun ilk qonaq seçimi təəccübləndirib: Studiyada Maradonanın futboldakı əsas rəqibi Pele peyda olub.
  8. Maradona tatuları sevirdi. Əlində Ernesto Çeqevarra, ayağında Fidel Kastronun portreti var idi.
  9. 2013-cü ildə Maradona məhkəmədə “Napoli”yə qalib gəlib. Klub Kavani barədə mini film çəkib. Dieqonun xoşuna gəlməyib ki, bəzi şəxsi fotolar icazəsiz istifadə olunub.
  10. 2018-ci ilin yayında Maradona Brest “Dinamo”sunun fəxri sədri olub. Amma argentinalı Belarusda yalnız bir dəfə olub.

Qeyd edək ki, Maradona 1960-cı ildə Argentinanın Villa Fiorito şəhərində anadan olub. O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 4 milyon dollara İspaniya “Barselona”sına transfer olub. İki il sonra İtaliya “Napoli”sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu “tanrının əli” vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya “Sevilya”sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində “Deportivo Mandiyu” və “Rasinq” klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, “Boka Xuniors”a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.