Manatın məzənnəsinin inzibati yollarla saxlanılması…

99

Ekspertlər hesab edir ki, bu, ölkə iqtisadiyyatına ciddi ziyan vurur

Natiq Cəfərli: “Gələn ilin büdcəsinin yeni məzənnə ilə hesablanması daha məntiqli olar ki, bu, həm ixracatı, həm turizmi, həm də yerli istehsalı stimullaşdırsın”

Razi Abasbəyli: “Milli valyutanın məzənnəsinin 1,7 həddində saxlanılmasından daxili bazar iştirakçıları və ölkə vətəndaşları əziyyət çəkəcək”

Maliyyə Nazirliyinin gələn ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir ki, makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb. Bununla yanaşı, nazirlik hesab edir ki, inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.

Məsələnin maraqlı tərəfi ondadır ki, Maliyyə Nazirliyi gələn il üçün manatın dollara qarşı məzənnəsinin 1,7 səviyyəsində götürüldüyünü bəyan etsə də, bir qrup yerli ekspertlər bunun əksini iddia edirlər.

Onların fikrincə, yaxın vaxtlarda manatın ucuzlaşmasının şahidi ola bilərik. Çünki milli valyutanın mövcud məzənnəsi ölkədə qeyri-neft sektorunun inkişafını əngəlləyən amillərdən biridir. Odur ki, manat uzun müddət bu səviyyədə qala bilməyəcək və bir müddət sonra ucuzlamaya gediləcək.

“İndiki məzənnə rejimi Dövlət Neft Fondunun üzərinə əlavə yük olmaqla bərabər, həm də xarici ticarətdə əlimizi zəiflədən bir sistemdir”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzuya təxminən bu prizmadan yanaşan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, indiki məzənnə rejimi Dövlət Neft Fondunun üzərinə əlavə yük olmaqla bərabər, həm də xarici ticarətdə əlimizi zəiflədən bir sistemdir: “Maliyyə Nazirliyi 2021-ci il üçün manatın məzənnəzinin dəyişməyəcəyini, 1,7 olacağını proqnozlaşdırıb. Azərbaycanda hökumət və Mərkəzi Bank məzənnəni siyasi stabillik faktoruna çevirib.

Yəni məzənnə iqtisadi faktor olmaqdan çıxıb. Əslində, indiki məzənnə rejimi Dövlət Neft Fondunun üzərinə əlavə yük olmaqla bərabər, həm də xarici ticarətdə əlimizi zəiflədən bir sistemdir. Çünki qonşu ölkələr, əsasən də Türkiyə və Rusiya qeyri-neft sektorunda bizim əsas ticarət tərəfdaşımızdır. Bu ölkələrdə milli valyutalar – rubl və lirə dəyərdən düşüb. İlin əvvəlindən lirə 26 faiz, rubl isə 20 faizə yaxın dəyərdən düşüb.

Həmin ölkələrdən idxal stimullaşdırılır. Yəni ölkəyə mal gətirilməsi daha sərfəli olub. Ona görə də yerli istehsal bundan ziyan görür. Manatın məzənnəsinin sabit saxlanılması həmişə uğur kimi təqdim olunur. Lakin bu uğurdurmu? Bax, əsl sual budur”.

“Məzənnəni sabit saxladıqca yerli istehsal azalacaq, stimullaşmayacaq və bununla da yerli bazarda qiymətlər qalxacaq, inflyasiya olacaq”

İqtisadçı ekspert bildirib ki, manatın məzənnəsi sabit saxlanarkən yerli istehsal sahələrinə onun vurduğu zərər heç vaxt hesablanmır: “Bu çox ciddi məsələdir. Təbii ki, resurslar var və Neft Fondunun resursları hesabına manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma bu bizə sərf edirmi? Doğrudur, devalvasiya prosesində bir-biri ilə bağlı məsələlər var. Yəni devalvasiya zamanı inflyasiya arta bilər. Ölkə idxaldan asılıdır və idxal mallarının qiyməti qalxa bilər.

Lakin bunlar bir-birini bəsləyən məsələlərdir. Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib. Məzənnəni sabit saxladıqca yerli istehsal azalacaq və stimullaşmayacaq. Stimullaşmadıqca da, məzənnə qalxdıqca da yerli bazarda qiymətlər qalxacaq, inflyasiya olacaq.

Günün birində Azərbaycan devalvasiya getmək seçimini etmək məcburiyyətində qalacaq. Ola bilər ki, indiki vəziyyət, yəni pandemiya, karantin şəraiti manatın məzənnəsini inzibati qaydada saxlamaq labüddür.

2020-ci ilin sonunadək bu siyasəti davam etdirmək olar. Amma gələn ilin büdcəsini formalaşdıranda artıq Azərbaycan hökuməti və Mərkəzi Bank seçim etmək qarşısında qalmalıdır. Ya biz doğrudan da liberal bazar iqtisadiyyatına keçəcəyik, manatın məzənnəsini iqtisadi kateqoriya kimi görəcəyik, bunu sabitlik simvolu, fəxr mənbəyi kimi təqdim etməyəcəyik, bu yerli istehsalın stimullaşdırılmasına kömək olacaq, ya da bu gediş yerli istehsalı sıradan çıxaracaq.

Biz heç bilmirik ki, hazırda manatın məzənnəsi neçədir. Mərkəzi Bankı bunu 1,7 civarında inzibati qaydada tənzimləyir. 3 ildir də belədir. Belə bir şey mümkündürmü? Mümkün deyil. Bazar iqtisadiyyatında bu məzənnə ya bir az azalmalı, ya da artmalıdır. Belə sabit saxlanılması manatın məzənnəsinin iqtisadi kateqoriyadan çıxdığını göstərir ki, bu heç də liberal bazar dəyərləri ilə uyğunlaşmır”.

“Sabit məzənnə rejimi, baha manat idxalı stimullaşdırır, deməli, ölkədən daha çox dollar çıxamasına şərait yaradır”

Natiq Cəfərlinin qənaətincə, məntiq onu deməyə əsas verir ki, bu ilin sonunadək inzibati rejimdə manatın məzənnəsini sabit saxlamaq mümkündür: “Amma gələn ilin büdcəsinin formalaşdırılması üçün dekabr ayında müzakirələr başladılacaq. Gələn ilin büdcəsinin yeni məzənnə ilə hesablanması daha məntiqli olar ki, bu, həm ixracatı, həm turizmi, həm də yerli istehsalı stimullaşdırsın. Yəqin ki, gələn il dünyada qapalı mərkəzlər açılacaq. Çünki belə davam edə bilməz. Bu proseslərin, yəni yerli istehsalın və turizmin stimullaşdırılmasına manatın indiki məzənnəsi ciddi maneə yaradır. Dekabr ayınadək belə məzənnə rejiminin davam etdirilməsi mümkündür. Manatın məzənnəsini daha bir il də inzibati yolla sabit saxlamaq olar. Yəni hər il 3-4 milyard dollar əlavə pul xərcləyib məzənnəni sabit saxlamaq olar. Lakin düşünmək lazımdır ki, bu Azərbaycanın iqtisadi modelinə ziyandır, yoxsa xeyir? Bu suallar hökumət tərəfindən ciddi düşünülməlidir.

Daha bir vacib məsələ odur ki, qeyd etdiyim kimi, sabit məzənnə rejimi, baha manat idxalı stimullaşdırır, deməli, əksinə, ölkədən daha çox dollar çıxamasına şərait yaradır. Yəni, baha manat daha çox dollara təlabat yaradır, qonşu ölkələrlə pararlel proseslər olmayanda biz yenə əsas ticarət tərəfdaşları olan qonşu ölkələrin istehsalçılarının sponsuruna çevrilirik, qazanan onlar olur”.

“Hələlik neftin qiymətinin 35 dollardan aşağı olacağını nə Dünya Bankı, nə Avropa Birliyi ölkələrinin iqtisadi institutları müəyyən edib”

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən müstəqil iqtisadçı ekspert Razi Abasbəyli isə qeyd etdi ki, 2021-ci ilin dövlət büdcəsinin təsnifatına diqqət yetirdikdə yeni məqam üzə çıxır: “Belə ki, orda neftin dünya bazarındakı qiyməti 2021-ci il üçün 35 dollar civarında götürülüb və buna uyğun olaraq həm Neft Fondunun gəlirləri, həm proqnozları müəyyən edilib.

Eyni zamanda, strateji olaraq büdcə xərclərinin idarə edilməsi məsələləri öz əksini tapıb. Hələlik neftin qiymətinin 35 dollardan aşağı olacağını nə Dünya Bankı, nə Avropa Birliyi ölkələrinin iqtisadi institutları müəyyən edib. Yəni neftin qiymətinin 35 dollardan aşağı olması gözlənilmir. Bu baxımdan, qiymətin 35 dollardan götürülməsi optimal variant hesab olunur. Odur ki, ölkənin daxilindəki valyuta ehtiyatlarının idarə edilməsi və onların istiqamətləri faiz dəhlizləri üzrə faiz dərəcələrinin göstərilməsi proqnozlara uyğun həyata keçirilə bilər.

Maliyyə Nazirliyi də 2021-ci ilin dövlət büdcəsinin proqnozlar və icmal bölümündən çıxış edərək, iddia edir ki, dolların kursu 1,7 civarında qalacaq. Bildiyiniz kimi, hökumət ölkə daxilində vətəndaşlara dollar satılmasına limit tətbiq edir, eyni zamanda buyaxınlarda Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə mürtəce təklif verib. Bununla da vətəndaşların istehlak məqsədiylə xaricdən məhsul almasına limit tətbiq olunub”.

“Süni, inzibati, bürokratik vasitələrdən istifadə etməklə valyuta siyasəti yürüdüləcək və bu, Azərbaycan iqtisadiyyatının donmasına, sağlam rəqabət, inkişaf mühitinin yaranmamasına səbəb olacaq”

“Sentyabr ayının 20-dən sonra həyata keçəcək bu mürtəce təklifi müəyyən mənada, Azərbaycandan xarici valyutanın çıxmasını önləmək tədbiri kimi əsaslandırmağa çalışırlar” deyən iqtisadçı ekspertin fikrincə, hökumət ən müxtəlif istiqamətlərdə bir sıra tədbirlər həyata keçirir ki, xarici valyutanın Azərbaycandan kənara çıxmasının qarşısını alsın: “Bu tədbirlərin davam edəcəyi və nəticə etibarı ilə dolların manata nisbətdə məzənnəsinin 1,7 həddində saxlanılması böyük ehtimalla, inzibati yollarla olacaq.

Bundan daha çox Azərbaycanın daxili bazar iştirakçıları və ölkə vətəndaşları əziyyət çəkəcək. Süni və inzibati yollarla manatın məzənnəsinin saxlanılması nəticə etibarı ilə daxildə kiçik və orta sahibkarlıq subyektlərinin ziyan görməsinə gətirib çıxaracaq. Bu ziyan gömrüklə bağlı məqamda yəqin ki, oktyabr ayından etibarən özünü göstərəcək. Bundan başqa, sərhədlərin açılma ehtimalı olarsa, xaricə səfər edən və əsasən kiçik ticarətlə məşğul olan vətəndaşlarımızın gəlirlərinin azalmasına gətirib çıxaracaq.

Bu səbəbdən də manatın məzənnəsinin 2021-ci ildə dollara nisbətdə indiki səviyyədə saxlanılacağını iddia etmək, o deməkdir ki, yenə də süni, inzibati, bürokratik vasitələrdən istifadə etməklə valyuta siyasəti yürüdüləcək. Bu isə bütün dövrlərdə olduğu kimi, yenə də Azərbaycan iqtisadiyyatının ətalət vəziyyətinə gəlib çıxmasına, donmasına və sağlam rəqabət, inkişaf mühitinin yaranmamasına səbəb olacaq”.

Vazeh BƏHRAMOĞLU