“Maliyyə Nazirliyi hər bir universitetə ayrılan vəsaitin həcmini açıqlamalıdır” – RÖVŞƏN AĞAYEV

    15

    “2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək olurdu”

    Sosial şəbəkələrdə universitetlərə ayrılan vəsaitin həcmi barədə yayılan məlumat müzakirə olunur. Müzakirələrə aydınlıq gətirən iqtisadçı Rövşən Ağayev bildirib ki, sosial şəbəkələrdə universitetlərə ayrılan vəsaitin həcmi barədə yayılan məlumat yanlışdır: “Rəsmi məlumata görə, gələn il üçün nəzərdə tutulan dövlət büdcəsindən Tibb Universitetinə 1.3 milyon manata yaxın, BDU-ya isə 700 min manatdan bir qədər yuxarı, ADA-ya 17.6 milyon manat, Moskvanın buradakı 2 universitet filialına birlikdə 17.2 milyon manat vəsait ayrılması göstərilir”.

    Ağayev onu da qeyd edib ki, son illər dövlət büdcəsindən ali təhsilə 180 milyon manata yaxın vəsait ayrılır: “Onun da bu məlumatda deyildi kimi 35-40 milyon manatı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun tələbə hesabı maliyyələşmə mexanizminə keçməyən 5 universitetə ayrılır. Geridə qalan 140 milyon manata yaxın vəsait isə digər universitetlər arasında tələbə hesabı maliyyələşmə mexanizminə əsasən bölüşdürülür”.

    “Məlumat açıqlığı və şəffaflıq şaiələrin qarşısının alınmasının ən yaxşı dərmanıdır”

    “2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək olurdu. Amma son 4 ildə isə yalnız ADA, Moskvanın 2 universitetinin filialı, bu ildən isə İlahiyya İnstitutuna ayrılan vəsaiti görmək olur. Geridə qalan universitetlər üzrə isə yalnız ali təhsilin ümumi xərci görsənir. Məlumat açıqlığı və şəffaflıq şaiələrin qarşısının alınmasının ən yaxşı dərmanıdır. Maliyyə Nazirliyi ən azından icra edilmiş büdcə hesabatında hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlamalıdır”,-deyə iqtisadçı vurğulayıb.

    R.Ağayev misal olaraq qardaş Türkiyəni göstərib: “Türkiyədə parlamentə daxil olan büdcə sənədində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur. Həmçinin bu ölkənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18%-i təhslilə ayrılacaq və təhsil 1-ci yerdədi. Bizdə bu göstərici 10% ətrafındadı və 3-cü yerdədi. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərcərinin 25%-i universitetlərə gedəcək. Bizdə 9%-dən azdır. Türkiyədə gələn ilki cəmi büdcə xərclərinin 5%-i ali təhsilə gedir, bizdə həmin göstərici 1.5% ətrafındadı”.

    Adıkeçən universitetlərdən sonra geridə qalan universitetlər üzrə xərclərin qeyd olunmaması əslində, şübhə yaradır. Çünki şəffalıq olmayan yerdə mütləq rüşvət var. Bu, da o deməkdir ali təhsilə ayrılan pullar aidiyyatı üzrə xərclənmir. Hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlanmaması, eyni zamanda dövlət büdcəsindən təhsilə ayrılan xərclərin az olması təhsildəki nöqsanlar üçün də ciddi səbəbdir.

    Şamo EMİN, Hurriyyet.org