Maliyyə yardımını hansı sahibkarlar alacaq? – İqtisadiyyat Nazirliyi CAVAB VERDİ

63

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9.300 işçisi olan 1.900-dək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13.000-dən yuxarı vergi ödəyicisini əhatə edəcək.

İqtisadiyyat Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac yoxdur, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. Maliyyə dəstəyi son 4 ayda işçi sayını əhəmiyyətli dərəcədə azaltmamış vergi ödəyicilərinə göstəriləcək. Əmək haqqı üzrə ödəmələrdə vergi ödəyicilərinin sosial sığorta ayırmaları də nəzərə alınacaq.

 

Yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, sahibkarlıq subyektləri üzrə iş yerlərinin qorunub saxlanılması məqsədilə qeyd edilən şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin davam etdirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu şəhər və rayonlar üzrə muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

 

Məlumat üçün bildirək ki, 26 oktyabr 2020-ci il tarixinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üçün isə 77 milyon manat vəsait vergi ödəyicilərinin bank hesablarına köçürülüb. İki mərhələdə həyata keçirilmiş maliyyə dəstəyi proqramlarından 130 mindən çox vergi ödəyicisi yararlanıb, proqramlar 344 mindən çox vətəndaşı əhatə edib.

 

Qeyd edək ki, 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb.