Makronun MED7 həmləsi də boşa çıxdı

75

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizindəki sahil suları uğrunda mübarizəsindən və Liviya siyasətindəki uğurlarından narazı qalan Emmanuel Makron Korsikada, 6 Cənubi Avropa ölkəsinin iştirakı ilə Türkiyəyə qarşı təşkil eləməyə çalıdığı MED7 sammiti keçirib. Görüşdən əvvəl Türkiyəyə qarşı açıqlamaları verən Makron deyib: “Bizim savaşımız Türkiyə ilə yox, Ərdoğanladır. Ona qarşı birləşərək birlikdə mübarizə aparmalıyıq”. Makron Türkiyənin NATO ölkəsi olmasına da etirazını bildirib: “Türkiyənin artıq bir ortaq olmadığını elan eləmək lazımdır. Prezident Ərdoğan və onun qəbuledilməz davranışlarına qarşı Avropa qətiyyətli olmalıdır”.

Makron Türkiyəyə qarşı düşmən mövqedə olduğunu belə ifadə edib: “Türkiyə Yunanıstanın qanuni hüquqlarına məhəl qoymadan Liviya hökuməti ilə qəbuledilməz bir müqavilə imzalayıb. Türkiyənin Kipr ətrafındakı sularda fəaliyyəti qəbul edilməzdir. Türk xalqı böyük bir xalqdır. Lakin biz avropalılar artıq Ərdoğan hökumətinə qarşı daha açıq olmalıyıq. Avropa bir bütöv olaraq Türkiyə ilə bağlı daha aydın, daha əlbir bir mövqedə olmalıdır”.

Ankaradan sərt cavab “Acizlik və çarəsizlikdir”

Ankaradan Makronun açıqlamalarına sərt etirazlar səsləndirilib.  Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Əslində Makronun açıqlamaları öz acizliyinin və içərisində olduğu çarəsizliyin xaricə çıxmasıdır. Çünki bütün dünyada sərbəstliklə at oynatdıqları günlər keçmişdə qalıb. Xarici siyasətlərindəki bütün gizli planlarını boşa çıxardığımız, çirkin oyunlarını puç elədiyimiz Makron daxili yanğısı ilə hər gün utanmazcasına Türkiyəyə və möhtərəm Prezidentimizə hücum eləməkdədir. Fransa Avropa İttifaqını öz məhdud dünyagörüşlü mənafeləri üçün ələ keçirən Yunanıstan ilə Cənubi Kiprin kor-koranə vəkilliyini etmək əvəzinə, uzlaşma və dialoq tərəfdarı olmalıdır”. Açıqlamada  Fransa Prezidenti Makronun təkəbbürlü, yuxarıdan-aşağı dərs verməyə çalışan açıqlama verdiyi bildirilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat nümayəndəsi Ömər Çelik isə “Tvitter”dəki açıqlamasında belə yazıb: “İstismarçı beyinlərin Prezidentimizi hədəfə alması bizim üçün qürurdur. Cənab Makron, buranı asanlıqla aldada biləcəyiniz qəbilə dövlətləri ilə qarışdırmayın. Bu ölkənin seçilmiş Prezidenti ilə xalqını ayırmağa heç  kimin gücü çatmaz. Makron Fransanı idarə eləmək bacarıqsızlığını xarici siyasət aqressiyası ilə ört-basdır eləməyə çalışır. Makron Suriyada PKK/PYD, Liviyada Həftər, Aralıq dənizində Yunanıstanla uğursuzluğa doğru qaçır”.