“Makrona dəstək verənlərdən biri də Avstriya dövləti idi” – İLHAM İSMAYIL

60

Vyanada hücum zamanı öldürülən terrorçunun İŞİD tərəfdarı olduğu müəyyənləşib. Avstriya hakimiyyəti hadisənin terror aktı olduğunu elan edib, vətəndaşları imkan daxilində evdən çıxmamağa çağırıb.

Mövzuyla bağlı Hurriyyet.org-a ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytenant İlham İsmayıl, terror hadisəsini Fransada “Charlie Hebdo” redaksiyasında yenidən Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsi və Fransa prezidenti Makronun bəyanatıyla birbaşa bağlı olduğunu deyib:

“Bir məsələni qeyd edim ki, hadisə birdən-birə baş vermədi. Bilirsiniz ki, Fransada “Charlie Hebdo” redaksiyasında yenidən Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsi, Fransa prezidenti Makronun bəyanatı və daha sonra onun bəyanatının islam dünyasına olan təpkisi məsələni qızışdırıb. Çox təəssüf ki, Makrona dəstək verənlərdən biri də Avstriya dövləti idi. Məhz, buna görə də bunu təsadüf saymaq olmaz. Hiss olunur ki, burda radikal islamçılar konkret olaraq sinaqoqu əsas hədəf götürməklə həm İsrail dövlətini, həm də Avstiyanı hədəf aldılar. Təəssüf ki, məsələyə terror vasitəsi həyata keçirilməklə cavab verilib. Avropanın özündə də mövzuya radikalcasına münasibət bildirildiyinə görə, elə radikal da cavablar alınır. Çox təəssüf ki, belə cavablar həmişə olub. Ola bilər ki, bütün bunlar islam dünyasına qarşı yönəlib. Hazırda Azərbaycanda Vətəni işğaldan azadetmə prosesi gedir. Ermənilər bundan da istifadə edib, məsələyə dini don geyindirmək istəyir. Hər bir halda səbəbinin nə olmağından aslı olmayaraq, terror hadisəsini qınayırıq. Ümumiyyətlə, ermənilər bu terror hadisəsi olmamışdan öncə də din faktorundan istifadə edirdi. Məsələni maksimum çalışırdılar ki, dini müstəviyə yönəltsinlər. Hamı da bilir ki, Dağlıq Qarabağda gedən müharibə dini müstəvidə deyil. Necə dini müstəvidə ola bilərdi ki, İran daha çox Ermənistanı müdafiə edir, İsrail və Ukrayna isə Azərbaycanı haqq mübarizəsində müdafiə edir. Bu baxımdan, ermənilərin təxribat cəhdləri baş tutmayacaq. Ola bilər ki, onlar sosial şəbəkələrdə, hətta Paşinyan mövqeyində də din amilini ortaya atsın. Amma, bu bizim işimizi nə dayandıra, nə də kölgə sala bilər”.

Qeyd edək ki, noyabrın 2-də axşam bir qrup naməlum şəxs Avstriya paytaxtında altı yerdə hücumlar təşkil edib. Son məlumata görə, hücumlar nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

YƏHYA