Makron İsraili Fələstin ərazilərinin ilhaqından çəkinməyə çağırdı

30

Fransa Prezidenti Emmanuel Makron İsraili Fələstin torpaqlarının ilhaqı üzrə planlarından imtina etməyə çağırıb.

Hurriyyet.org azərtac-a istinadən xəbər verir ki, bu barədə Emmanuel Makronla İsrailin Baş Naziri Binyamin Netanyahu arasında baş tutan telefon danışığından sonra Yelisey sarayının yaydığı rəsmi məlumatda bildirilir.

Sənəddə, həmçinin qeyd olunur ki, telefon danışığı zamanı Fransa lideri ölkəsinin Yaxın Şərqdə sülh tərəfdarı olduğunu xatırladıb və İsraili Fələstin ərazisinin ilhaqına yönəlmiş hər hansı addımdan çəkinməyə çağırıb. İlhaq tədbirlərinin beynəlxalq hüquqa zidd olduğu və Yaxın Şərq böhranının iki dövlət yaradılması əsasında həllini təhlükə altında qoya biləcəyi vurğulanıb.

Prezident bir daha bəyan edib ki, Fransa İsrailin təhlükəsizliyini dəstəkləyir və onun Yaxın Şərqdə gərginliyin azaldılması üzrə cəhdlərini alqışlayır. Emmanuel Makron, həmçinin Fransa və İsrail arasında dostluğa və etimada sadiq qaldığını da bildirib.