Mahmud Qurbanov: “Ermənilərin dinc əhalini öldürməsi bizə qarşı genosiddir”

7

“Bu hadisəyə münasibətim çox pisdir. Çünki raket zərbələri nəticəsində dinc sakinlər həlak olur. İstər Gəncə, istər Goranboy, istər Tərtər, istər Bərdə olsun, bunlar döyüş bölgəsindən kənarda yerləşir. Mülki əhalini hədəf alırlarsa, bu, bizə qarşı terrordur, genosiddir”.

Bu fikirləri “Report”a açıqlamasında “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdikləri terror hadisəsinə münasibət bildirərkən deyib.

Gəncədən olan 47 yaşlı mütəxəssis deyib ki, həyatını itirən vətəndaşlarımızın qanı yerdə qalmamalıdır: “Bu hərəkətləri pisləyirəm. Gəncədə 9 nəfər həlak oldu. Ümumiyyətlə, indiyədək ermənilərin mülki əhalini vurması nəticəsində 41 dinc sakin ölüb. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara isə şəfa versin. Düşünürəm ki, bunun cavabını daha sərt verməliyik. Şəhidlərimizin qanı yerdə qalmamalıdır”.

“Professor” ləqəbli veteran futbolçu ermənilərin hərəkətini şərəfsizlik, alçaqlıq adlandırıb: “Biz ermənilərə yaşamaq üçün yer vermişik. Onlar isə tarixən bizə qarşı xainlik edib, arxadan bıçaq vurublar. Ermənilən yaxşılıq qanan millət deyil. Xalqımıza qarşı alçaq hərəkətlərindən heç vaxt qalmayıblar. Onların etdiklərini terror aktı kimi qiymətləndirirəm. Bunun başqa adı yoxdur. Dinc sakinlərimizin yaşadığı yerlərə raket atmaq alçaqcasına, şərəfsiz addımdır”.

Baş məşqçinin sözlərinə görə, Ermənistan hakimiyyəti bu cür təxribatlarla xalqımızı daha da qəzəbləndirir, özlərinə qarşı nifrət hissini, aqressiyanı artırır: “Bunlar Azərbaycan xalqının, gəncəlilərin iradəsini qıra bilməz. Əksinə, onlara nifrəti artır. Millətimiz böyük birlik nümayiş etdirir. Hamı sıx birləşib. Yalnız bir məqsəd var: düşmənləri işğal olunmuş ərazilərdən qovmaq”.

Hazırda Bakıda olduğunu deyən Qurbanov ailə üzvlərinin Gəncədə yaşadığını və normal həyata davam etdiklərini vurğulayıb: “Anam, bacılarım, qohum-əqrəbam oradadır. Tez-tez əlaqə saxlayıram. Vəziyyət normaldır, sakitlikdir. Gəncə bu gecə atəşə tutulmayıb. Əhval-ruhiyyə yüksəkdir. Belə şeylərlə bizi qorxuda bilməzlər. Alçaq hərəkətlərini nə qədər təkrarlasalar da, iradəmizi qıra bilməzlər”.

Sonda Ali Baş Komandana və Milli Ordumuza güvəndiyini deyən Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi tezliklə işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə inamını ifadə edib.