“Mətbuat Qarabağ mövzusunda şəxsi maraqlara qurban getmişdi” – ƏVƏZ HƏSƏNOV

105

“Yeni rəhbərlik mətbuata Qarabağ mövzusunda əvvəlki direktivləri göndərmir”

“Azərbaycanda mətbuat 1990-cı illərdə çox güclü idi. Rus dilii və Azərbaycan dilli güclü jurnlistlər və analitiklər var idi ki, Qarabağ münaqişəsindən yazırdılar. Ölkə xaricində polemikalara qoşulurdular”.  Hurriyyet.org xəbər verir ki, bu barədə Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov qeyd edib.

“Hakimiyyət mətbuatın zəifliyini görüb onu bu məsələdə partnyorluqdan sildi”

Həsənov bildirib ki, 2000-ci ildən sonra vəziyyət dəyişdi: “Heydər Əliyev ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı təkliflərini müzakirəyə çıxaran zaman bəlli oldu ki, mətbuat bu məsələdə çox dərin düşüncələrə malik deyil. Halbuki, Heydər Əliyev çox riskli və sərt mövzuları qabartmışdı və onu yaxşı təhlil edib cəmiyyətə izah etmələrini istəyirdi. Belə  başa düşdüm ki, hakimiyyət mətbuatın zəifliyini görüb onu bu məsələdə partnyorluqdan sildi”.

“Mətbuatın evini yıxmaqla yanaşı, Qarabağ mövzusunda da səviyyəsiz yazılar başladı”

Ə.Həsənov nəzərə çatdırıb ki, 2005-ci ildə mətbuat Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Əli Həsənovun tabeçiliyinə keçdi: “Mətbuatın evini yıxmaqla yanaşı, Qarabağ mövzusunda da səviyyəsiz yazılar başladı. KİVDF-nin verdiyi qrantlar əsasında bu mövzuda yazılan yazılar yaxşı misaldır. Ondan gələn direktivlər olmadan çox az mətbuat nümaynədəsi Qarabağ haqqında klişedən kənar yazılar yaza və müsahibələr ala bilirdi. Mətbuat Qarabağ mövzusunda şəxsi maraqlara qurban getmişdi. Onu deyim ki, Elnur Aslanov Aparatda işləyəndə mətbuatda Qarabağla bağlı daha geniş və fərqli yazılar gedirdi”.

“Mətbuat çaş-baş qalıb”

“2019-cu ildən Prezident Aparatında kadrlar dəyişdi. Yeni rəhbərlik mətbuata Qarabağ mövzusunda əvvəlki direktivləri göndərmir. Mətbuat çaş-baş qalıb. Öz təşəbbüsləri də yoxdur. Qarabağ mövzusunda bilikləri də ancaq ölkə içinə çatır.  Belə acınacaqlı vəziyyətdə qalmışıq”,-deyə konfliktoloq əlavə edib.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org