“Məşqçi hər kəsin yanında “mən türk sevmirəm” dedi”

180
Arvadı erməni Nurlanın Estoniyadan ayrılmasına səbəb olub

Vaxtilə “Bakı”da çıxış edərkən vurduğu 15 qolla 2014/15 mövsümünün bombardiri olan Nurlan Novruzovun Estoniyada legioner həyatı yaşadığını bilirsiz. Çərşənbə günü onun formasını geydiyi “Narva Trans”dan ayrılması haqda xəbər yayıldı. Başqa sözlə, çempionat başa çatmamış komandası ilə vidalaşdı. Məhz bu məqam bizi Nurlanı axtarmağa vadar etdi. Xatıqladaq ki, bu il fevralın 21-də baxışdan uğurla keçən Novruzov “Narva Trans”da çıxdığı 25 oyunda 1 qolla yadda qalıb. 27 yaşlı futbolçu bu müddət ərzində 1 qırmızı və 3 sarı vərəqə ilə də diqqət mərkəzinə düşüb. Həmçinin 25 qarşılaşmada cəmi 7 dəfə 90 dəqiqəmeydanda olub. “Futbol+”dən olan həmkarımız səbəbkarla sosial şəbəkədə söhbətləşib.
– “Narva-Trans” çempionatda son 8 oyunda 1 xal qazanıb. Uğursuzluq davam edir. Bu amil komandadan ayrılmağında rol oynadı?
– Son vaxtlar yaxşı nəticələr qazana bilmirdik. Üstəlik, bir mövsümdə məşqçilər korpusunda 3-4 məşqçi dəyişdi ki, bu da komandanın oyun planına çox təsir etdi. Komandamız çox yaxşı heyətə malik idi. Amma tez-tez məşqçi dəyişikliyi oyunlarımıza təsir edirdi. Valeri Bondarenko gələnə kimi komandada hər şey əla idi.
– Bondarenko gələndən sonra nə baş verdi? Bunun səninlə nə əlaqəsi var?
– O, komandaya gəlişinin ilk günündə paltardəyişmə otağında futbolçularla söhbət edirdi və birdən üzünü mənə çevirib söhbət etməyə başladı. Bütün komandanın içində üzümə dedi ki, “hey, Nuri, gəl bura”. Salamlaşdıq, mənimlə ilk söhbəti futbol yox, qəribə məqamla bağlı oldu. İlk dəfə belə şeylə qarşılaşırdım. Məşqçi hər kəsin yanında “mən türk sevmirəm” dedi. Öncə bunu zarafat bildim. Amma tam ciddi dediyini gördüm, pis oldum. Heç nə demədim. Çünki məşqçi Cenk Özcan klubdan yeni ayrılmışdı və cəmi 8 oyun oynamışdım.
– Bondarenkonun niyə türkləri sevmədiyini araşdırdın?
– Bondarenko estondu, lakin arvadı ermənidi. Yoldaşının erməni olması onun mənimlə prinsip aparmasına gətirib çıxardı. Bəzən elə olurdu ki, məşqi tərk etmək istəyirdim. Çünki adi “kvadrat” oynayanda belə, gəlib mənə bilərəkdən irad tutmaq üçün adi səhvlər axtarır, yəni nəsə səbəb tapmağa çalışırdı ki, oynatmasın. Heç nə demədim. Çünki nəsə dəsəydim, komandadan fərqli şəkildə ayrılacaqdım. O zaman Azərbaycanda hər kəs deyəcəkdi ki, Nurlan intizamsızdı. Açığı, ilk dəfə belə şey yaşadığımdan susurdum, bilmirdim necə reaksiya verim. Cenk komandadan gedəndə may ayı idi, səhv etmirəmsə, sonra o gəldi. O vaxtdan tək bir şey var idi ağlımda: burda bununla dalaşsam, məcbur ayrılacam klubdan. Qısası, türk olduğuma görə mənimlə prinsip aparsa da, səbr edə bildim. Mənə iradlarına rağmən, daha da acıqlanırdım və onun istədiyini etmirdim. O tək bir şey istəyirdi ki, mən ona cavab qaytarım. Həvəsim olmasa da, çalışırdım məşqlərdə tapşırıqları daha dəqiq yerinə yetirim ki, əsas heyətdə meydana çıxım. Bu arada 2-3 tur əvvəl Bondarenkonu yola saldılar. Tək o deyildi, bizim komandada əsas heyət oyunçusu Aleksandr Zakarlyuka var, onun da arvadı erməni idi.
– Viza müddətinin bitməsi haqda məlumatlar haqda nə deyə bilərsən?
– Noyabrın 13-də vizanın vaxtı bitirdi. Hazırkı baş məşqçi Oleq Kurotskin məni dəhşət çox istəyirdi. Hər şeyi mənim üzərimdə qururdu, hətta künc zərbələrini belə mənə tapşırırdı. Sanki neçə illərdi məni tanıyırmış kimi davranırdı. Buna ehtiyacım var idi. Vizamıza görə həm Oleq, həm də prezident çox çalışdı, polisə də getdik, həll edə bilmədilər.
– Viza yox, vizamız dedin…
– Estoniyada qanunlar bir az fərqlidi. Klub məni saxlaya bilmədi. Viza probleminə görə Sadio Tounkara ilə birgə ayrıldıq. Tounkarayla mənim olmamağım həqiqətən klub üçün çətin olacaq. Çünki vacib qələbələr lazım idi son 2 oyunda. Viza məsələsi Avropada fərqlidi, yəni kim olursan-ol, hər kəs qanuna tabe olmalıdı. Əslində vizamızın müddətini əvvəlcədən artırmaq lazım imiş. Gecikmişdik. Bizə “dekabrdan sonra daha 1 il uzatmaq olur” dedilər. Bir-iki aylıq alınmadı. Əslində 1-2 ay da olar. Amma qaydalar elə imiş ki, qabaqcadan müraciət etmək lazım imiş. Biz isə sona 4-5 gün qalmış müraciət etdik, olmadı. Bondarenko söhbətində həvəsdən düşmüşdük deyə, viza məsələsinin üstünə vaxtında düşmədik. Sonra da gec oldu. Erməni amili olmasaydı, əvvəlcədən noyabrın 13-nə kimi viza məsələmi həll edəcəkdim. Bir sözlə, həvəsdən düşmüşdüm.
– Qaydalara görə Estoniyada dekabrın 1-i vizanı artırmaq tələb olunursa, niyə sizdə noyabrın 13-dək nəzərdə tutulub? “Narva-Trans”ın son oyunu noyabrın 28-də “Legion Tammeka”ya qarşıdı.
– Məlum koronavirus məsələsinə görə çempionatda təxirəsalmalar oldu və mövsümün bitmə müddəti uzadıldı. Əks halda ayın 13-dək bitəcəkdi. Qayadalarda var ki, bir gün gec ölkəni tərk etsən, 1 il Avropaya girə bilməzsən. Buna görə artıq ölkəni məcbur tərk etdim, çünki yeni mövsümdə yenidən Avropaya qayıtmaq variantım olsa, mənə bu amil mane yaratmasın.
– Sən və Tounkara hazırda hardasız?
– Tounkara Afrikaya, vətəni Maliyə çatar indi. İstanbula qədər bir yerdə gəldik. Mən İstanbuldan İzmirə keçdim. Qismət olsa, noyabrın axırı Bakıya gələcəm. İzmirdə dostum var, onun yanında qalıram. Tounkarayla qısa zamanda Azərbaycanda görüşəcəyik. Sadionun fikri var ki, bundan sonra Azərbaycanda çıxış etsin. Problem çıxmasa, onunla dekabrda Bakıda görüşəcəyik.
– İzmirdəki dostun kimdi?
– Dostumun adını verməsəm, daha yaxşı olar. 11 aydı fasiləsiz məşq və futbol. Bir az dincəlməyə ehtiyacım var. Qışı gözləməli olacam. Amma dekabrda Avropaya yenidən qayıtmaq variantı olacaq. Ad çəkməyəcəm, Estoniyada bir-iki klubun nümayəndələri nömrəmi götürdü.
– Azarkeşlərlə “feysbuk”da sağollaşmısan…
– Burda oyunlarım pis alınmadı, həm də çox dost qazandım. Bu əla oldu. Orda elədi ki, yaxşı oynadınsa, çox əlaqə saxlayırlar. Bu çox yaxşı bir şeydi. Klubun rəhbərliyi və komanda yoldaşlarımla aram heç vaxt pis olmayıb, oyunlarını izləyib uğurlar arzulayacam. “İnstaqram”da bəzi rəqib azarkeşlər belə, mənə “yanvarda Estoniyaya qayıt” deyirlər. Təbii ki, bu gözəl bir şeydi.
– Azərbaycanda oynamaq planda yoxdu? Ölkəmizdən təklif gəlib və ya gəlsə, dəyərləndirəcəksən?
– Bizim klublardan hələ ki heç kimlə əlaqədə olmamışam. Yalandan “danışdığım komanda var” deməyim.
– Azərbaycanın Ermənistan üzərində qələbəsi haqda nə deyə bilərsən? Xəbərləri izləyirdin?
– Bir laçınlı olaraq, əlbəttə, bu qürurverici və çox gözəl bir hissdi. Yəni sözlə demək asan məsələ deyil. Hər gün “instaqram” ve “feysbuk”da xəbərləri izləyirdim. Üzüldüyüm tək bir şey şəhidlərimizin çox olması oldu, hətta tanıdığım insanlar da var idi ki, şəhid oldular. Bu durumda özümü aciz hiss edirdim. Qardaşlarımız orda düşmənlə vuruşur, mən isə internetdən izləyirəm isti evdə, yataqda. Yəni heç də yaxşı bir şey deyil. Başda cənab Prezident olmaqla bütün əsgərlərimizi təbrik edirəm. Bizim digər ölkə vətəndaşlarının yanında dik durmağımız üçün canlarından keçdilər. Azərbaycan xalqı nə qədər onlara təşəkkür etsə, azdı. Bir də Estoniyada azərbaycanlı 2-3 dayı var idi ki, and olsun Allaha, hər gün xəbərlərə baxa-baxa sevincdən göz yaşlarını saxlaya bilmirdilər. Bizim xalqımızın yerini heç kim verməz. Estoniyada erməni çoxdu. Müharibə davam edərkən, açığı, bizim orda azəri qardaşlar var idi, mənə çölə tək çıxmamağı tapşırırdılar. Hətta çox vaxt harasa gedəndə gəlib maşınla evdən aparıblar. Burdan o qardaşlara təşəkkürümü bildirməsəm, yaxşı olmaz, sağ olsunlar.