Mərcan rifləri əsrin sonunda yox ola bilər

288

Ölkələr istixana emissiyalarını azaltmasa, mərcan rifləri bu əsrin sonunadək tamamilə yox ola bilər. AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının (BMT) xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) üzrə ekspertləri xəbərdarlıq edib.

UNEP-in nümayəndəsi Letisiya Carvalho bildirib ki, tədbir görülməsə, mərcan rifləri tezliklə yox olacaq. O, riflərin solması və məhv olması prosesinin gözləniləndən daha sürətlə baş verdiyini vurğulayıb.

Mərcan rifləri – kolonial mərcan poliplərindən və bəzi yosun növlərindən əmələ gələn geoloji strukturlardır. Dəniz ekosistemlərinin həyatında çox vacib rol oynayan mərcan rifləri çoxsaylı dəniz canlılarının, o cümlədən molyuskların və krevetkaların məskunlaşdığı mühitdir. Onlar azot və karbonu udaraq suyu təmizləməklə bir növ dalğaqıran rolunu oynayır. Bundan əlavə, yeni dalğaların sürətini və ölçüsünü azaldaraq sahil xəttini dağılmadan qoruyur.

Eyni zamanda, mərcanların məhv olması təkcə dəniz ekosistemləri üçün deyil, həm də sahilyanı bölgələrdə yaşayan və dəniz məhsulları ilə dolanan milyonlarla insan üçün fəlakətli nəticələrə səbəb ola bilər.

UNEP ekspertləri bildirir ki, suyun temperaturu artdıqda mərcan polipləri onların toxumalarında məskunlaşan yosunları sıxışdırır. Bu, mərcanların “solma” prosesi adlanır. Mütəxəssislərin fikrincə, bundan sonra da onlar hələ özlərinə gələ biləcəklər. Amma, onlar solmaqda davam edərsə, mərcanlar məhv olacaq.

Əgər dünya okeanında suyun temperaturunun aşağı düşməsinə imkan verəcək tədbirlər görülsə, bu prosesi geriyə çəkmək olar. UNEP ekspertləri qeyd edirlər ki, ilk növbədə atmosferə istixana qazı tullantılarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.

Xatırladaq ki, son aylarda zərərli tullantıların 65 faizinə sahib olan bir neçə ölkə, tullantıların azaldılması ilə bağlı öz üzərlərinə öhdəliklər götürüblər. Xüsusilə, Yaponiya, Cənubi Koreya və Avropa ölkələrinin hakimiyyətləri 2050-ci ilə qədər “karbon neytrallığı”na nail olmağa söz veriblər. Bu termin o deməkdir ki, karbon qazı tullantılarının həcmi okean və meşələrin udduğu həcmdən çox deyil.