“Mən İstanbulda tarix yazmışam…” – ŞƏRQİYYƏ MƏMMƏDLİ

336

“Mübariz Mənsimov tərəfindən məktəbimizə heç bir qəpik də dəstək olmadı”

“Mübariz Mənsimovla söhbətdən sonra məktəb binasının təmiri zamanı şagird partalarını atmışdım, sonra yenilərinin alınmasına 35 min lirə verməli oldum”

Müsahibimiz İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədlidir. Onunla müsahibəmizdə məktəbin yaranması və fəaliyyəti ilə bağlı söhbətləşdik.

 (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/istanbulda-azerbaycan-turklerine-cox-dogma-yanasma-var-serqiyye-memmedli/)

 – Bəs bu uşaqların sənəd  məsələsi nə yerdədir? Onlara attestat veriləcəkmi?

–  Əlbəttə , veriləcək.

– Kim verəcək?

– Hal-hazırda  Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafik qərarı var. Hər bir şagird məktəbə qəbul olunanda test yoxlamasından keçir. Biliyinin uyğun olduğu sinfə qəbul edilir. Harda oxumasından asılı olmayaraq, attestat almaq üçün də imtahan vermək lazımdır. Zamanı gələndə imtahan verib attestat alacaqlar. Dövlət vətəndaşını attestasız qoymaz.  Bunu hər kəs bilsin. Yetər ki, uşaqlara mükəmməl bilik verilsin. Bilik verilən yerdə sənəd öz həllini tapır.

– Siz heyrət ediləcək dərəcədə böyük iş görmüsünüz. Bəs bu işlərin maliyyələşməsini necə həll edirsiniz?   

– Mən uşağı məktəbdə oxuyan hər bir valideynin qarşısında cəsarətlə  deyirəm, şəxsi vəsaitim hesabına qurmuşam. Dərnək qurmaq üçün ofis lazım idi. Dövlətdən gəlib baxırlar, qanuni yerin yoxdursa, icazə vermirlər. Mən Qazi Osmanpaşada bir ofis kirayələmişdim. Bir ilə yaxın  hər ay 600 Azərbaycan manatı kirayə haqqı ödəyirdim.  Özüm Bakıda yaşayaraq. Bir nəfərə də bir az maaş verdim ki, həftənin 6-cı günləri orada olsun, gələnləri məlumatlandırsın. Dərnək Türkiyə dövlətində rəsmi qeydiyyatdan keçdikdən sonra mən İstanbula gəldim.  Artıq məktəblilərin toplanmasına başladım. Bütün günü Qazi Osmanpaşanın küçələrini gəzirdim, yaslara gedirdim, insanları xəbərdar edirdim. İnsanlarda bir az inamsızlıq var idi.  Mən 40-50 uşaq olacağını düşünürdüm. 100-dən artıq uşaq toplandı.  İndi isə bu şagirdlər üçün sıralar almaq lazım idi.  Mən bunun üçün Nizami metrosunun yanı, Zərgərpalan küçəsi 149-da yerləşən ofisimi satdım. Türkiyənin yollarında və yolpulu, ofis pulu kimi “sovurdum” getdi.

Ancaq dərsliklər mövzsunda Azərbaycan Təhsil Nazirliyi bizim məktəbimizə çox dəstək oldu. Hər il şagirdlərimizin dərsliklərlə təmin edilməsində yaxından iştirak edirlər. Və həmin dərsliklərin İstanbula gətirilməsini AZAL ödənişsiz təşkil edir.

Bütün bu məşəqqətli həyatımla bağlı  bir kitabın üzərində işləyirəm. Hər şeyi orada əks etdirəcəyəm. Mən İstanbulda bir tarix yazmışam.  Bu tarixi də görkəmli şəxsiyyətlər yazıblar və yazacaqlar da!

 – Şərqiyyə müəllimə, 2-3 il  öncə Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun səhifəsində sizin haqqınızda  yazdığı bir statusu oxudum. Sizi Nabat xanım Aşurbəyova ilə müqayisə edirdi. Bundan sonra məktəbin xərclərini öhdəsinə götürəcəyini demişdi. Sizsə deyirsiniz ki, kimsə kömək etməyib, hər şeyi təkbaşına etmisiniz.  Bəs Mübariz bəydən  sizə bir dəstək olmadı?

–  Birmənalı olaraq yox, heç bir qəpik belə, bizim məktəbimizə Mübariz bəy tərəfindən dəstək olmayıb. Əksinə, mən onunla görüşün acı nəticələrini yaşamışam.

Mən Mübariz Mənsimovu tanımırdım.  Bakıda çox hörmətli bir şəxslə bu məktəb, uşaqlar haqqında  söhbət edərkən bəzi məsələlərdən, uşaqlardan, onların uzaq məsafələrdən məktəbə gəlməsi zamanı olan çətinliklərdən  danışırdım.  Həmin şəxs (özündən icazə almadığım üçün adını çəkmirəm) birinə zəng etdi və dedi ki, bu məktəbin bir maşına ehtiyacı var, onu həll edə bilərsənsə  çox yaxşı olar. Sonra mənə dedi ki, gələn həftə Mənsimov səni gözləyəcək, get görüş, maşın məsələsini həll edər, inşallah.

Mən yay tətili olduğu üçün Bakıda idim. Bu vədə görə deyilən vaxtda Bakıdan İstanbula, Mübariz bəyin ofisinə gəldim. Güvənlik “randevun yoxdu, get randevu al, sonra gəl” – dedi. Mən çox sinirləndim. Şirkətin elektron ünvanına məktub göndərdim və yazdım ki, mən qapı arxasında gözləyən biri  deyiləm, siz gəl dediniz mən də gəldim, elədiyiniz doğru hərəkət deyil. 3 aya yaxın bir zaman keçmişdi. Qəflətən bir zəng gəldi, “müəllimə, gələ bilirsinizsə, Mübariz bəy sizinlə görüşmək istəyir”, – dedi. Getdim.  Görüşdükdən sonra o məşhur statusu yazdı. O statusu görənlər, oxuyanlar Mübariz bəyin məktəbə, uşaqlara dəstək olduğunu düşündülər. Hələ də düşünənlər var. Ancaq bu uşaqlara onun tərəfindən bir qələm, bir dəftər belə verilməyib. Bizdən öncə ehtiyacımız olanların siyahısını istəmişdi. Mən də bilgisayar, ağıllı taxta və  məktəbə lazım olan  texniki təlim vasitələri  yazmışdım. Bu uşaqların  bir dəftərə belə ehtiyacları vardı.  Valideynlər çox ağır  şərtlərdə çalışan, çörəyini daşdan çıxaran insanlardı. Belə hallar olduğunda da biz özümüz həmin uşaqlara qələm, dəftər veriririk.

Həmin siyahıdan xəbər çıxmadı. Aylar sürdü, iftar süfrəsinə dəvət etmişdilər. Mən sırf görüşüb nəticəni öyrənmək üçün oraya getdim.  Mənsimov orada məndən soruşdu ki, mənim işçilərim bir şeylər alıb verdimi? Dedim, yox! “Birinci gün gəlin görüşək”, – dedi. Yenə görüşdük. Yanında Tezcan bəy vardı. “Siz müəllimənin istədiklərini almısınızmı” – deyə soruşdu. O da “almışıq”, – dedi. Bu söhbətdən sonra mən yeni məktəb binasının təmiri zamanı şagird sıralarını, yəni partaları atmışdım.  Sonra onun da acısını çəkdim. Əlavə olaraq bu partalara 35 min lirə verməli oldum. Yəni bütün vədlərə rəğmən, kimsədən də bir kömək olmadı. Hər şey nizama düşüb, məktəbin fəaliyyəti başladıqdan bir ay sonra müəllimlərə çox da olmayan maaş, binanın kirayəsi, kommunal xərclər də daxil, artıq bunu valideyinlərin köməyi ilə edirik. Orta hesabla hər valideyin məktəbə 100 lirə ödəyir. Ona görə orta hesabla deyirəm ki, qazi uşaqları, əlil uşaqları var, valideyinlərini itirən, hətta atası içkiyə alüdə olub çox ağıllı övladına sahib çıxmayan kişilər var, onlardan heç bir ödəniş almırıq. Əksinə, belə uşaqların geyimlərini də biz alırıq.  Bir evdə 2 və daha artıq uşaq gəlirsə, onlardan 100 lirə ödəniş olunur. Əgər 300 uşaq varsa, ayda 30 min lirə ödəniş olursa, hələ bir məktəbdən söhbət gedir, 13 nəfər 1800 lirə maaş alır, mühasibə maaş veririlir, vergi pulu,  stopaj pulu, təmizləyici vasitələr və s. Yəni alıq 30 min də xərcimiz var.

“Kənardan baxana döyüş asan gəlir” deyirlər. Keçən il Azərbaycanın Nazirlər Kabinetinə, XİN-ə müraciət etmişdim ki, məktəbin yeni binaya daşınması ilə əlaqədar köməklik göstərsinlər. Onlar da məktubları məlumat almaq üçün konsulluğa göndərmişdilər.  Konsul da cavab olaraq yazmışdı ki, məktəb ödənişlidir. Mən də əlavə bir məktub yazıb bilrdirdim ki,  siz bir arayış üçün 50 dollar alırsınız. O arayışa 10 dəqiqə  vaxt sərf edirsiniz, işçiləriniz də dövlətdən maaş alır. Ancaq bir müəllim burada gözünün nurunu qoyur, ömrünü verir, valideyin ayda 100 lirə, yəni 25 Azərbaycan manatı ödəniş edir. Bu kimi  vicdansız məmurlar da millətin haqqını yeyir, zəhmətimizi yerə vururlar. Belələri millətin düşmənidir. Əlimizi işdən soyutmaq istəyirlər ki, heç kim milləti, Vətəni üçün  çalışmasın, çəkilsin qırağa. Çünki bunlarda milli qürür, milli qeyrət yoxdur. Hamısını da özləri kimi görürlər. Xeyr, cənablar!!! Bu millətin qeyrətli övladları var. Azərbaycan belə övladlarının çiynində duruş gətirir və ayaqda duracaq. İnşallah. Siz oğurluğunuzda olun. Prezident bir-bir hamınızı lazım olan yerə göndərər, inşallah!

Söhbətləşdi: İ.SABİRQIZI