“Məmurların, icra başçılarının həbsi davam edəcək” – DEPUTAT

96

Məmurların, icra başçılarının həbsi davam edəcək.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar öz iradəsini ortaya qoyub:

“Yerlərdən dəfələrlə şikayətlər almışıq və alırıq. Müsbət hallar qeydə alınsa da, hələ də neqativlər çoxdur. Ona görə də hesab edirəm ki, şəffaflığın təmin olunması, vətəndaş narazılığının aradan qaldırılması üçün proses davam etdirilməlidir. Cəmiyyətdəki neqativlər təmizlənməlidir ki, cənab Prezidentin qarşıya qoyduğu bu məsələlər öz müsbət həllini tapsın. Əsas odur ki, ortaya siyasi iradə qoyulub. Hazırda müəyyən səngimələrin olduğu düşünülür, amma hüquq-mühafizə orqanları öz araşdırmalarını davam etdirir. Çünki vətəndaşların irad bildirdiyi məsələlərə biganə yanaşıla bilməz”.

“Cənab Prezidentin son çıxışları Azərbaycanın inkişafı üçün atılacaq addımların davam etdirildiyindən xəbər verir. Biz hər zaman cənab Prezidenti dəstəkləyirik. Dövlət başçısının atdığı addımları müsbət qiymətləndirirəm və hesab edirəm ki, onun başladığı işin davam etdirilməsi üçün hər birimiz çalışmalıyıq”,-deyə parlamentari vurğulayıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu il rüşvət və korrupsiyaya bulaşan xeyli icra başçısını  bir-birinin ardınca həbs edib…

Belə ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərilib…