“Məmmədyarov Ermənistana qarşı necə “dişli” siyasət apara bilər?!” – SƏRDAR CƏLALOĞLU

120

“Məmmədyarovun “dişinin” olmasını kimsə bilmir”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnataskanyanın Azərbaycana heç bir ərazi güzəşti edilməyəcəyini bəyan etməsi və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ona zəif cavabı ölkədə bir çox ictimai-siyasi xadimləri, deputatları qəzəbləndirib, onlar xarici işlər nazirini kəskin tənqid edərək, onun istefasını tələb edirlər. Maraqlıdır ki, xarici işlər nazirinin bu qədər kəskin tənqid edilməsi, onu istefasının tələb olunması üçün əsas var? Ölkənin  xarici siyasi kursunu yalnız xarici işlər naziri  yürüdürmü? Hurriyyet.org-un bu və digər suallarına cavab almaq üçün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

-Ümumiyyətlə, xarici işlər nazirləri tam müstəqil deyillər, onlar hakimiyyətin konkret sahədəki siyasətini aparırlar. Bütünlükdə Azərbaycanın Qarabağa münasibəti necədirsə, Azərbaycan xarici işlər naziri də həmin münasibətə uyğun bir siyasət aparır. Amm Azərbaycan xarici işlər naziri öz yerində olmayan təsadüfi, siyasətdən o qədər də başı çıxmayan, müəyyən mənada nüfuzu olmayan bir adamdır. Adətən prezidentlərdən sonra ölkələrin ən nüfuzlu adamı bir qayda olaraq xarici işlər naziri olur. Çünki dünyada hər hansı bir ölkə bir prezidentə, bir də xarici işlər nazirliyinə tabedir. Ona görə ki, əlaqələrin qurulması, beynəlxalq münasibətlərdə iştirakı xarici işləri naziri ilə bağlıdır. Yəni bizim xarici işlər naziri ən uğursuz kadrlardan biridir. Çox təəssüf ki, o adam proteksiya ilə gətirilib vəzifəyə qoyulub, bu günə qədər də orada proteksiya ilə saxlanılır. Dəfərlələ çıxışlarında çox səhvlərə yol verib. Ümumiyyətlə, onun qlobal, regional siyasətdən başı çıxıb-çıxmadığı haqqında da bir məlumatı yoxdur. Ölkə əhalisinə də öz işi ilə bağlı heç vaxt hesabat verməyib ki, ölkədəki problemlərin həlli nə vəziyyətdədir. Bu baxımdan, bir tərəfdən ümumi şəkildə həm Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasəti yanlışdır, digər tərəfdən də xarici işlər naziri konkret olaraq o vəzifəyə layiq olmayan bir adamdır. Təbii ki, bu ikisi birləşəndə ciddi şəkildə qüsurlar ortaya çıxır.

-Sərdar bəy, tutaq ki, xarici işlər naziri Məmmədyarovu vəzifəsindən azad etdilər. Bu,  nəyi dəyişəcək ki, bu yöndə hökumətin qətiyyətli siyasəti vacib deyilmi?

– Bəzən çox nüfuzlu bir adam xarici işlər naziri olanda onun həm də hökumətin apardığı xarici siyasətinin formalaşmasına təsir etmək imkanı olur. Yəni xarici işlər naziri ölkənin xarici siyasi kursunu müəyyən etməkdə iştirak edir. O, təkcə icraçı yox,  həm də həmin siyasəti müəyyən edir və hökumətə təsir edir, hökumət də həmin sahədə cddi siyasət yürüdür. Amma bizim indiki xarici işlər naziri nə bu xarici siyasətin müəyyən olunmasında iştirak edir, nə də daxildə bir nüfuzu var. Gərək, o qədər güclü bir xarici işlər naziri ola ki, o, dövlətin xarici siyasətinin istiqamətlərini müəyyən edə, tövsiyyələr verə, hökumətin bu məsələlərlə bağlı kursunu müəyyən edə. Bu baxımdan, düzdür, ümumi şəkildə hökumətin siyasəti olsa da, amma hökumətin konkret sahədə siyasətinin müəyyən olunmasında nazirlərin müstəsna rolu olmalıdır. Çünki həmin sahənin mütəxəssisi sahə haqqında geniş məlumata malik olan adamdır. Bu baxımdan da o adam öz yerində deyil. Vaxtilə Sovet hökumətində Andrey Qromıko var idi. Sovet hökumətinin xarici siyasətini o, müəyyən edirdi. Dünyada da onu Sovet hökumətinin başçılarından çox ciddi bir fiqur kimi tanıyırdılar. Beynəlxalq siyasətdə o, özü SSRİ-nin siyasətini müəyyən edirdi. Bu baxımdan, xarici işlər naziri bir icraçı deyil, eyni zamanda rəhbərlik etdiyi sahədə siyasətin müəyyən edilməsində aktiv şəkildə iştirak etməlidir. O, Dağlıq Qarabağ probleminin effektli həlli ilə bağlı hökumətə tövsiyyələr verməlidir, hansı qərarlar qəbul edilməlidir, onları deməlidir. Beynəlxaq səviyyədə hansı ölkələrlə hansı əlaqələr qurulumalıdır, bu əlaqələr necə inkişaf etdirilməlidir, bütün bunların hamısını xarci işlər naziri hökumətə tövsiyyə etməlidir ki, hökumətin də xarici siyasəti düzgün müəyyən olunsun. Biz yalnız xarci işlər nazirini ona görə tənqid etmirik ki, o, hökumətin müəyyən etdiyi kursu hərf və nöqtəsinə qədər həyata keçirir, buna görə tənqid edirik ki, ölkənin xarci siyasətinin müəyyən olunmasında o adamın heç bir rolu yoxdur.

 -Fikirlərinizdən belə aydın olur ki, Siz də Məmmədyaroun istefasını tələb edirsiniz.

-Yox, mənim onun istefasını tələb etmək fikrim yoxdur. Sən soruşdun, mən də dedim. Ümumi şəkildə Azərbaycan hakimiyyətinin kadr siyasəti belədir. Bütün dünyada ölkələrin inkişafı konkret sahədəki kadrların hazırlığı, şəxsiyyəti, kimliyi ilə bağlıdır, bizdə isə hakimiyyətə qeyri-siyasi münasibətlərdə yaxınlığı ilə seçilir, yəni kimin dostudur, qohumudur, sinif yoldaşıdır, bu cürə müəyyən olunur. Ona görə də o,  getsə, onun yerinə yaxşı, qeyri-adi dərəcədə bir adam olmayacaq ki. Amma hər halda, Azərbaycanda idarəçilik dəyişilməlidir. Kadrların 30 il müəyyən edildiyi prinsiplərlə müəyyən edilməsi ənənəsi Azərbaycan hakimiyyətini, dövlətini olduqca zəiflədir. Yəni ancaq dostluq, qohumluq, klan, yerliçilik münasibəltəri ilə adam təyin etmək, müəyyən dövr xalqın, dövlətin taleyini o adamlara tapşırmaq həddindən artıq təhlükəli bir işdir. Əslinə baxsan, kadr siyasəti kadrların millətə, dövlətə bağlılığı, öz sahəsindəki biliyi, şəxsi nüfuzu ilə müəyyən olunmalıdır, kadrlar belə seçilməlidir. Hətta bir çox ölkələrin inkişafı məhz kadrlarla bağlıdr. Məsələn, Çini götürək. Çində Bensiopin olmasaydı, Çin bələ də bu dəqiqə dünyanın ən zəif ölklərindən biriydi. Yəni kardlara belə barmaqarası baxmaq olmaz. Vaxtilə Stalin demişkən, kadrlar hər şeyi müəyyən edir. Ona görə də kadr siyasəti dəyişilməsə, Məmmədyarov getsin, “X” gəlsin fərqi yoxdur. Bu dəfə “X” də elə Məmmədyarovdan betər bir adam olacaq. Çünki kadra qoyulan tələbatlar milli və dövlət maraqlarına, beynəlxalq  siyasətə uyğun deyil. Ümymiyyətlə, siyasətə uyğun deyil. Əgər kadra qarşı siyasi tələb qoyulsa, təbii ki, onun hazırlığı millli və dövlət maraqlarına cavab verməlidir. Bu adam Azərbaycan dilində danışa bilmir. Bu adamın bütün ailə üzvləri köçüb, Amerikada yaşayır, demək olar ki, Azərbaycanla əlaqəsi yoxdur. Özü də düşüncəsinə, fikirlərinə görə, çox qapalı bir adamdır. O adamın kim olduğunu çıxıb cammatdan da soruşsanız, heç kim deyə bilməz ki, o kimdir. Belə adamları gətirib dövlətdə vəzifəyə qoymaq doğru deyil. Əbəttə ki, bundan artıq nə gözləyəcən, “dişli” ya “dişsiz”. Bu adamın ümumiyyətlə, “dişinin” olmasını kimsə bilmir, nətəhər Ermənistana qarşı “dişli” siyasət apara bilər?

-Ermənistan tərəfi heç bir güzəştə getmirsə, biz hələ də nəyi yaxud kimi ğözləyirik? Ölkə rəhbərliyi bu məsələdə həlledici rol oynamalı deyil?

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org