Məktəblər açılır, valideynlərsə tərəddüd içində – yoluxma kabusu…

84

Ekspertlər deyir ki, risklər var, amma prosesi idarə etmək mümkündür

Azərbaycanda dərslərin açılmasına az vaxt qalsa da, valideynlər hələ də tərəddüd içindədirlər. Bir qisim insan övladını məktəbə göndərməyəcəyini, hələ də koronavirus təhlükəsinin olması səbəbindən ehtiyat etdiyini bildirir. Digərləri isə onlayn təhsili tənqid edir, israrla məktəblərdə əyani dərslərin olmasını tələb edirlər.

Dünyada da bu məsələdə fərqli yanaşmalar var. İspaniyada məktəblər açılandan sonra narazılıqlar başlayıb. Belə ki, bu ölkədə valideynlər məktəbə qayıtmaq əmrini verən dövlət rəsmilərinə etiraz ediblər. Onlar şagirdlərin koronavirusa yoluxma riskinin yüksək olduğunu, sonra isə ailə üzvlərinə yoluxdura biləcəyindən qorxurlar. Əksər valideynlər İspaniyanın məktəbə getməyin məcburi olduğundan, əks halda, 3 aydan 6 aya qədər həbs cəzası ilə üzləşə biləcəkləri qanununa baxmayaraq, təhsil qaydalarına tabe olmamağa hazır olduqlarını bildiriblər.

Bəs görəsən, Azərbaycanda da İspaniyada yaşanan vəziyyət təkrarlana bilərmi? Övladlarını israrla məktəbə göndərən valideynlər sonradan xəyal qırıqlığına uğramayacaqlar ki?

“Yeni Müsavat” bu və digər suallarla bağlı bir neçə ekspertdən münasibət öyrənib.

Pandemiya dövründə məktəblər... - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Bizimlə söhbətdə təhsil eksperti Elçin Süleymanov bəzi məqamlara aydınlıq gətirib: “Təhsil Nazirliyi bu yaxınlarda elan etdi. Valideynlər məktəbdə öz razılıqları ilə həm teledərslərdə, həm də virtual layihə dərslərinə qoşulmaqla bağlı müqavilə bağlayırlar. Bu məsələ artıq könüllü olaraq həyata keçiriləcək. Eyni zamanda Operativ Qərargahın brifinqində də Təhsil Nazirliyinin nümayəndələri qeyd etmişdi ki, əgər kimsə məktəbdə koronavirusa yoluxarsa, lokal olaraq həmin məktəb bağlanacaq. Bunu Avropanın bəzi ölkələrində artıq tətbiq ediblər. Yəni bütün Bakı, Abşeron ərazisində olan məktəblər yox, yalnız yoluxma olan məktəb bağlanacaq. Bizdə bu, könüllülük əsasında olacaq, valideynlər istəsə məktəbə övladlarını göndərəcəklər. Sadəcə olaraq, yuxarı sinif şagirdlərinə evdən onlayn dərslərin aparılmasına şərait yaradılacaq. Bundan da sui-istifadə edilməməlidir. Valideynlər çalışmalıdır ki, evdə həm internet təminatı olsun, həm də otağı şagirdin effektiv çalışmasına uyğunlaşdırsınlar”.

Elçin Süleymanov: Sosial paketdə tələbələrin təhsil haqqının ödənilməsinin  nəzərə alınması əhəmiyyətli addımlardan biridir - İki sahil

Elçin Süleymanov

E.Süleymanov  bildirib ki, İspaniyada yaranan vəziyyətin təkrarlanmaması üçün məktəblərdə əsas dezinfeksiyaedici məhlulların olması, sosial məsafənin saxlanması vacibdir: “Təhsil Nazirliyi orta məktəblərdə 1 metr yarımdan az olmayaraq   ara məsafənin olması, şagirdlərin sayı və digər məsələlərin təmin olunacağını bildirib. Amma dərs ilində müəyyən problemlər yaşana bilər, xüsusilə kiçik yaşlı uşaqlarla bağlı. Burada məsuliyyət müəllimin üzərinə düşür. Çünki bu qədər məktəbə, şagirdə yalnız Təhsil Nazirliyinin nəzarət etməsi çətindir. Məsələn, ciddi qayda-qanuna riayət etmənin bir nəticəsini Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda gördük. Haradasa 300 minə yaxın şəxs imtahandan keçdi, bir yoluxma faktı qeydə alınmadı. Çünki orada çox ciddi nəzarət var idi, həm ara məsafə gözlənilirdi. Hər kəs maskada idi. Türkiyənin bir bölgəsində müəllim xəstələnib virusu digər şagirdlərə keçirmişdi. Burada risklər var, amma prosesi idarə etmək mümkündür. Məktəb rəhbərliyi məktəbin girişində və siniflərdə dezinfeksiyaedici vəsaitlərin olmasını təmin etməlidir. Hərarətin ölçülməsi mütəmadi olmalıdır. Kimdəsə simptom olarsa, tez bir zamanda dərs prosesindən uzaqlaşdırılmalıdır. Riski minimum etmək olar, amma sıfırlamaq bir az utopik olar. Çünki tam nəzarət mümkün olmayacaq. Burada məsuliyyət həm Təhsil Nazirliyi, həm valideyn, həm müəllim, həm də məktəb rəhbərliyinin üzərinə düşür”.

Qoşqar Məhərrəmov - Biologiya - YouTube

Qoşqar Məhərrəmov

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, Azərbaycanda da bu təhlükə gözləniləndir: “Bizdə də valideynlər çox narahatdırlar. Bir qisim valideyn övladını məktəbə göndərməyəcək. Amma bu hansı valideynlərdir – böyük şəhərlərdə yaşayan, övladının təhsilini onlayn şəkildə təşkil edən valideynlər övladlarını məktəbə göndərməyəcək. Ancaq regionlarda, yoluxma sayının az olduğu yerlərdə, internetin olmadığı yerlərdə həmin ailələr övladlarını məktəblərə yollayacaqlar. Çünki onlar övladlarının təhsilini başqa şəkildə təşkil edə bilmədikləri üçün məktəbə göndərməyə məcburdurlar. Ətrafımızda valideynlərlə danışdıqca bu qənaətə gəlirik ki, Azərbaycanda müəyyən say var ki, onlar övladlarını məktəbə göndərmək istəmirlər. Məlumdur ki, nazir də bu işi sərbəst buraxıb. Valideynlər övladlarını göndərməyə bilərlər, davamiyyət məcburi deyil. Yəni onlayn dərslərlə övladının dərslərini davam etdirə bilərlər. Pandemiyanın sonuna qədər məktəbə getməyi icbari formada təşkil etmək tələb olunmur”.

Məhərrəmovun sözlərinə görə, qaydalara əməl olunmazsa, Azərbaycanda da İspaniyada yaşanan hal baş verə bilər:

“Hazırda Bakıda mərkəzi yerlərdə məktəblərin bir qisminin gigiyenik qaydalara riayət edə biləcək yetərincə infrastrukturu var. Yəni təmizlik məhsulları var, sanitar qovşağı düzgün qaydadır. Amma bəzi məktəblərdə bu, problem olaraq qalır. Ölkə səviyyəsində maliyyə vəsaiti ayrılıb, bu məktəblərin sanitar qovşaqları, əlyuma yerləri bir daha nəzarətdən keçirilməliydi. Pandemiya dövründə nə dərəcədə buna əməl edildi, bu sual altındadır. Bu baxımdan ehtimal var ki, valideynlər məktəblərin hazır olmadığını düşünsünlər.  Əgər məktəbdə sıxlıq olarsa,  dezinfeksiyaedici məhlullar olmasa, əlbəttə, bu vəziyyətə görə bir qisim valideyn məktəbə övladını buraxmayacaq”.

Qeyd edək ki, bu tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206  şagirdin təhsil alacağı gözlənilir.

Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız,  840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60  məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin  fəaliyyət göstərəcəyi gözlənilir.

Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında  təhsil alacağı proqnozlaşdırılır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”