Məhv edilməsəydi atılacaq raket Bakıya düşə bilərdi – RƏSMİ

57
ordu atəşkəs

“Bu gecə saat 1 radələrində 2 ədəd və bu gün səhər 1 ədəd “Elbrus” ballistik raket məhv edilib”.

Bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

O, çıxışı zamanı qeyd edib ki, əgər məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:

“300 kilometr atış sahəsinə malik “Elbrus” ballistik raketi Bakıya da çata bilərdi. Əgər Qarabağ ərazisinə gətirilsəydi, bilmək olmazdı hansı şəhərlərə düşərdi. Bu silah Ermənistanın 71-ci raket alayının tərkibindəndir”.

Qeyd edək ki, oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir.

Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır.

Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmamışdır.                     //Baku