Məhkəmə-hüquq islahatlarını ləngidən əsas səbəblər

111

Tanınmış vəkil: “Məhkəmələr üçün çəkilmiş “qırmızı xətlər” qaldıqca…”

Bir sıra beynəlxalq reytinqlərdə məhkəmə sistemindəki problemlər üzündən Azərbaycanın mövqeyi aşağı pillələrdə qərarlaşır. Bu da öz növbəsində xarici investisiyaların ölkəyə gəlişinə əsas əngəl olur. Məhz müstəqil məhkəmə hakimiyyətinin olmaması üzündən mülkiyyət hüququnun səmərəli müdafiə sistemi də işlək deyil. Bütün bunlar Azərbaycanın məhkəmə sistemində köklü islahatların aparılması zərururiliyini ortaya qoyur.

Ötən ilin aprelində prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman verib. Lakin bu fərmandan irəli gələn addımların atılması hiss olunmur. Azərbaycanın məhkəmə sistemində çatışmazlıqların olduğu uzun illərdir həm yerli ekspertlər, həm də beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən əsas iradlardan biridir. Hər kəsə bəllidir ki, bütün islahatların qaynağı, əsas təkanverici qüvvəsi məhkəmə islahatlarına dayanır. Bu olmayınca, başqa sahələrdə aparılan və uğur kimi təqdim edilən islahatlar uzunömürlü olmayacaq. Məhkəmə islahatları isə ləngiyir. Bunun səbəbi nədir? Bu ləngliyin qaynağı hansı amillərdir?

Tanınmış vəkil, hər gün məhkəmələrdə vəkillik praktikasından istifadə edən Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, prezidentin verdiyi fərmanda məhkəmə hüquq islahatları ilə bağlı bir neçə istiqamətlər müəyyən olunub: “Məhkəmə-hüquq sistemində islahatların ən köklüsü təbii ki, məhkəmə sistemində aparılmalıdır. Burada da vacib məsələ məhkəmə hakimlərinin müstəqilliyinin təmin olunmasıdır. İttiham sisteminə də şəffaflıq gətirmək, digər tərəfdən isə ittiham sistemini hesabatlı hala salmaq lazımdır. Bu sistem mütləq qaydada cəzalandırırcı sistem kimi başa düşülməməlidir. Məhkəmə-hüquq sistemindəki tərəfsizlik, müstəqillik, peşəkarlıq yoluna qoyulsa, bu, digər sektorların düzəldilməsinə gətirib çıxaracaq. Hər hansı hüquq pozuntusuna yol vermiş şəxslər biləndə ki, yol verdikləri hüquq pozuntusu məhkəmədə öz hüquqi həllini tapacaq, o zaman bu şəxslər pozuntu etməyə cəsarət etməyəcəklər.

Azər Qasımlını özümə rəqib hesab eləmirəm, Bəxtiyar Hacıyev isə..." - Cavad  Cavadov - YouTube

Cavad Cavadov

Məhkəmə-hüquq islaharlarının dərinləşməsi haqda fərmanda rüsumların artırılması və bunun hesabına məhkəmə aparatı işçilərinin və hakimlərin əmək haqlarını artırılması nəzərdə tutulurdu. Hakimlərin əmək haqqının artırılması onların müstəqilliyinə bir növ zəmanətdir. İkinci istiqamət cinayətlərin humanistləşdirilməsi ilə bağlıdır. Bununla da bağlı uzun müddət müzakirələrdən sonra dəyişikliklər oldu, amma onlar gözləntilər doğrulmadı. Məhkəmələri müstəqilliyi üçün ilk növbədə siyasi iradə lazımdır. Vəkil kimi mövqeyim ondan ibarətdir ki, nə qədər ki, siyasi sifarişli işlər olacaq, xüsusən siyasi həbslər baş verəcək, məhkəmələrin müstəqilliyindən danışmağa dəyməz. Ümumilikdə isə müsbət addımlar atılıb. Misal üçün, elektron məhkəmə sistemi günü gündən təkmilləşir, bu xüsusən də pandemiya vaxtı məhkəmələrin və vəkillərin işini çox asandlaşdırdı. Məhkəmələrin 80 faizi elektron məhkəmə sisteminə qoşulub. Elektron məhkəmə sisteminə bir çox səlahiyyətlər verilib. Sərhəd keçmədən tutmuş zəruri sənədlərə giriş imkanı verilib, bu da məhkəmənin işinin tezliyinin təmin olunmasına yönəlib. Yəni müəyyən islahatlar, müsbət nəticələr var, amma biz gözlədiyimiz, istədiyimiz nəticə yoxdur”.

Vəkil deyir ki, bütün islahatların başı məhkəmə islahatına bağlanır: “Amma kompleks addımlar atılmalıdır, istər prokurorluq orqanı ilə bağlı, istər hüquq mühafizə orqanları ilə bağlı işlər görülməlidir. Yəni bunlar hamısı birlikdə olarsa, məhkəmə islahatlarından müsbət nəticə gözləyə bilərik. Birinci növbədə siyasi iradə olmalıdır. Ali Məhkəmədə aparılan kadr dəyişikləri hardasa buna bir ümid verir. Amma biz yenə də görürük ki, məhkəmələr üçün ”qırmızı xətlər” çəkilib. Yəni o “qırmızı xətlər”i onlar keçə bilməzlər. Baxın, o qırmızı xətlər nə vaxt yoxa çıxdı, onda biz məhkəmə islahatlarından, həqiqi islahatların bəhrəsindən danışa bilərik”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”