“Lukaşenkonun siyasi karyerası Putindən asılıdır”

276

Nəzakət Məmmədova: “Hesab edirəm ki, Putin olduqca ağır şərtlərlə Lukaşenkoya dəstək verəcək”

“Mənə elə gəlir ki, onlar artıq razılaşıblar və böyük ehtimalla, o, Rusiya prezidentindən razılıq aldıqdan sonra əlində silahla xalqın qarşısına çıxıb”

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən müxalif qüvvələr yenidən Minskdə izdihamlı yürüş təşkil ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə aksiyanı dağıtmağa çalışır. Bu zaman tərəflər arasında toqquşma yaşanıb və nəticədə aksiya iştirakçılarının bir qismi həbs olunub. Onu da qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun iqamətgahının ətrafına zirehli transportyorlar və xüsusi təyinatlılar yerləşdirilib.

Putindən Lukaşenkoya açıq dəstək: “Rusiya Belarusdakı prezident seçkilərinin legitimliyini, Lukaşenkonu isə onun qalibi olaraq tanıyır”

Bundan başqa, Minskin mərkəzindəki İstiqlaliyyət prospektində də mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında insident baş verib. Bu barədə axar.az-da yer alan məlumata görə, toqquşma Belarusun Milli Təhlükəsizlik Komitəsinin binasının qarşısında baş verib. Mülki geyimdə olan şəxslər bir neçə etirazçını nömrəsiz avtobuslara dolduraraq naməlum istiqamətdə hərəkət ediblər. Həmçinin, OMON qüvvələri də İstiqlaliyyət prospektində etirazçıların qarşısını kəsib. Lukaşenkonun köməkçisi Nikolay Latışenok isə iqamətgah qarşısında toplaşan etirazçılarla görüşüb. O bildirib ki, hakimiyyət müxalifətlə danışıqlara getməyəcək: “Müxalifətlə? Xeyr, Təşəbbüs Qrupu ilə olacaq”. Lukaşenko isə öz növbəsində, yenidən iqamətgahında avtomat silahı ilə görüntülənib.

Yeri gəlmişkən, onu da əlavə edək ki, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında növbəti telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı informasiyada deyilir ki, prezidentlər yaxın həftələrdə Moskvada görüşmək barədə razılaşıblar. Rusiya mətbuatının yaydığı məlumatda isə qeyd olunur ki, Vladimir Putin ölkəsinin Belarusdakı prezident seçkilərinin legitimliyini, Lukaşenkonu isə onun qalibi olaraq tanıdığını bəyan edib: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Belarusdakı seçkilərə gəlməməsi təşkilatın mövqeyinin öncədən hazır olduğuna dair əsas yaradır”. Kremlin mətbuat katibi Dmitri Peskov isə açıqlamasında vurğulayıb ki, Rusiya Konstitusiyanın dəyişdirilməsi ilə bağlı son təcrübəsini Belarusla bölüşə bilər: “Belarus lideri Aleksandr Lukaşenko son vaxtlar ölkə üçün yeni Konstitusiyanın hazırlanmasından bəhs edir. Bu, istisna deyil. Əlbəttə niyə təcrübə mübadiləsi etməyək. Səsvermənin nəticələri də göstərdi ki, bu, kifayət qədər zəngin və yeni təcrübədir”.

“Kremlin Belarusdakı proseslərə ciddi şəkildə təsir etmək imkanları var, ona görə də bu gün Lukaşenko Putinin ağzına baxır”

Beləliklə, mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən politoloq Nəzakət Məmmədova hesab edir ki, bundan sonra Belarusda nələrin baş verəcəyini dəqiq proqnozlaşdırmaq çətin olsa da, Lukaşenkonun hakimiyyətdən getməsi və ya qalması proseslərin inkişafından, o cümlədən daxili və xarici qüvvələrin rolundan asılı olacaq: “Düşünürəm ki, Lukaşenkonun qalma ehtimalı da heç də az deyil. Çünki Rusiya ona kömək etmək istəyində kimi görünür. Yəqin ki, bununla bağlı Vladimir Putinin də özünün şərtləri olacaq. Düzdür, əvvəllər bu şərtlər Lukaşenko üçün çox ağır görünə bilərdi. Bilirik ki, Lukaşenko həmişə özünü siyasətdə Putindən daha üstün sayıb. Çünki onun siyasətdə təcrübəsi Putindən daha çoxdur. Məlumdur ki, Putin 1999-cu ildən sonra Yeltsinin varisi kimi hazırlanıb siyasətə gəlib. Buna qədər isə onun siyasətlə elə də ciddi bağlılığı olmayıb. Lukaşenko isə gənc yaşlarından siyasətlə məşğul olub. Yəni o, dövlət idarəetməsində yetişmiş biridir. O, siyasətdə ən kiçik səviyyədən ən yüksək səviyyəyə – prezidentliyə qədər gəlmiş adamdır. Lakin burada dövlətin böyüklüyü də önüəmli rol oynayır. Odur ki, Putini Lukaşenkodan üstün edən onun Rusiya kimi nəhəng bir nüvə dövlətinin başında olmasıdır. Bu səbəbdən də Lukaşenkonun gələcək siyasi karyerası Rusiyadan, konkret olaraq Putindən asılıdır. Heç kimə sirr deyil ki, Kremlin Belarusdakı proseslərə ciddi şəkildə təsir etmək imkanları var. Ona görə də bu gün Lukaşenko Putinin ağzına baxır. Yəni Putin nə qərar verəcəksə, Lukaşenkonun gələcək siyasi karyerası da çox mənada ondan asılı olacaq. Hesab edirəm ki, Putin onu dəstəkləyəcək. Ancaq o, olduqca ağır şərtlərlə Lukaşenkoya dəstək verəcək. Burada şərtlərdən biri də ittifaq respublikasının yaranması və digər məsələlərdir”.

“Putin heç vaxt buna, yəni Lukaşenkonun yerinə Qərbin adamının gətirilməsinə imkan verməz, çünki bu, Rusiyanın özü üçün ciddi zərbə ilə nəticələnə bilər”

Lukaşenkonun müstəqil siyasət yeritməsinin, Moskvanı açıq şəkildə tənqid etməsinin Putində ciddi narahatlıq yaratdığını deyən politoloqun fikrincə, bu səbəbdən də Rusiya hər zaman Belarusun ondan uzaqlaşa biləcəyindən ehtiyat edib: “Bilirik ki, Belarus Rusiyanın Avropa qarşısında bir qalasıdır. Hətta almanlar da SSRİ-yə hücum edərkən birinci Belarusu hədəf alıb. İndi də Belarus NATO ölkələri qarşısında Rusiyanı qoruyan bir sipərdir. Ona görə də Belarusun qorunub saxlanması Putin üçün olduqca vacibdir. Rusiya Ukraynadan sonra ikinci slavyan dövlətinin Qərbin təsirinə keçməsini istəmir və belə bir hal baş verərsə, Moskva bunun qarşısında duruş gətirməkdə ciddi çətinlik çəkə bilər. Odur ki, Putin heç vaxt buna, yəni Lukaşenkonun yerinə Qərbin adamının gətirilməsinə imkan verməz. Çünki bu, Rusiyanın özü üçün ciddi zərbə ilə nəticələnə bilər. Bu səbəbdən də Lukaşenko Putinə söz versə ki, Qərblə münasibətlərin inkişafına son qoyacam, yenə də əvvəlki kimi Rusiya ilə münasibətləri yüksək səviyyədə qoruyub saxlayacam, o zaman Kreml ona lazımı dəstəyi verəcək. Mənə elə gəlir ki, onlar artıq razılaşıblar. Çünki Lukaşenko əlində silahla xalqın qarşısına çıxmaqla göstərdi ki, lazım gəlsə güc də tətbiq edə bilər. Böyük ehtimalla, o, Putindən razılıq aldıqdan sonra bu addımı atıb. Hesab edirəm ki, hər iki ölkənin prezidenti aralarında razılığa gələcək və bununla da Lukaşenko hakimiyyətdə qalacaq. Əgər əksi baş verərsə, o zaman tamam fərqli mənzərə ilə qarşılaşa bilərik”.

Vazeh BƏHRAMOĞLU